Vərəmli xəstələr qeydiyyatdan yayınır
09 mart 2011 14:58 (UTC +04:00)

Vərəmli xəstələr qeydiyyatdan yayınır

Azərbaycanın regionlarında vərəm xəstəliyi olan vətəndaşların bir qismi qeydiyyata düşmək istəmir. Lent.az-ın məlumatına görə, bu barədə “Həyat” Beynəlxalq Humanitar Təşkilatının proqram rəhbəri Fuad Məmmədov Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Vərəmlə Mübarizə” mövzusunda keçirilən təbirdəki çıxışında bildirib. O qeyd edib ki, vərəm xəstələrinin bir qisminin kənarda qalmasının səbəblərindən biri yerlərdə Vərəm Dispanserlərinin olmamasıdır. Fuad Məmmədovun sözlərinə görə, hazırda Azərbaycan regionlarının yalnız 60 faizə qədərində Vərəm Dispanseri fəaliyyət göstərir. Kənd yerlərində isə belə bir tibb məntəqəsi ümumiyyətlə, yoxdur.


Fuad Məmmədov deyib ki, 2010-cu ilin noyabrına olan rəsmi statistikaya əsasən, Azərbaycanda 11 min nəfər vərəm xəstəsi var. Üstəlik hər il 4000-5000 min nəfər yeni vərəmli xəstə qeydə alınır. Onun sözlərinə görə, aparılan tədqiqata əsasən, Azərbaycanda vərəm xəstəliyinə tutulma riski sosial yaşayış səviyyəsi aşağı olan ailələr arasında üstünlük təşkil edir.


Səhiyyənin İnkişafına Dəstək İctimai Birliyinin sədri Mətləb Verdiyev isə qaçqın və məcburi köçkünlər arasında vərəmə yoluxma sahəsində apardıqları tədqiqatların nəticələrini açıqlayıb. O qeyd edib ki, Azərbaycanda vərəmə yoluxma riski altında yaşayan insanlar arasında məhz qaçqın və məcburi köçkünlər üstünlük təşkil edir. Onun sözlərinə görə, buna həm həmin insanların mənzil təminatının olmaması, sanitar mühitin cansıxıcılığı, həm də işsizlik və kasıblıq həddində yaşamaları şərait yaradır.

Mətləb Verdiyev deyib ki, mövcud qaydalara görə, vərəmli xəstələr pulsuz dərman və müalicə almaq kimi güzəştlərə malikdir. Lakin bunun üçün həmin xəstələr mütləq yerli dispanserlərdə rəsmi qeydiyyata alınmalıdır: “Ancaq bəzi hallarda xəstələr qeydiyyata alınmaq istəmir. Qeydiyyatda olanlar isə səhhətində bir qədər irəliləyiş hiss etdikdən sonra müalicəni dayandırır. Halbuki bu cür xəstələr ən azı 6-8 ay müddətində müalicəni fasilə vermədən davam etdirməlidir”.

Müzakirələrdən sonra Azərbaycanda, xüsusən də ucqar kənd yerlərində vərəmli xəstələrin vəziyyəti, onların qeydiyyatı sahəsində sosial qiymətləndirmələrin aparılması qərara alınıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 607

Oxşar yazılar