Qəza zamanı təyyarədən necə uzaqlaşmalı?
29 sentyabr 2009 11:45 (UTC +04:00)

Qəza zamanı təyyarədən necə uzaqlaşmalı?

Bakının küçə və nəqliyyatında rastlaşdığımız kuryozlardan bir buket

Oturduğumuz, yol getdiyimiz yerdə, işimiz düşən müəssisələrdə, ictimai yerlərdə çox vaxt qeyri-ixtiyari olaraq, gözlərimiz divarlardakı yazılara, elanlara, bildirişlərə sataşır. Bəzən bu bildirişlər, elanlar sıradan, diqqəti heç bir özəlliyi ilə cəlb etməyən yazılardan ibarət olur. Bəzən isə öz mətnləri ilə adamı şoka salacaq qədər təəccüblü, gülməli, hərdən lap acınacaqlı görünür.

Sizə bu keyfiyyətləri özündə birləşdirən divar yazılarından, elanlardan, şüarlardan, bildirişlərdən ibarət bir “komplekt” təqdim edirik. Və mətninin orijinallığından çıxış edərək, onlara axırdan əvvələ düzmüşük. Xəbərdarlıq edək ki, mətnlər olduğu kimi nəzərinizə çatdırılır. Şərhlər isə gözünüzün qarşısında mənzərəni bütün dolğunluğu ilə yaratmaqdan ötrü öz “ikram”ımızdır.

1) Doqquzuncu yerdə paytaxtımızın mərkəzi, amma köhnə evlərlə dolu küçələrinin birində yerləşən bir evin çirkli divarının aşağısına boz rənglə yazılmış yazı dayanır:

“Xahiş olunur ki, bura zibil tökənin ölüsünün goruna lənət!”

Azərbaycan dilinin qrammatik tələblərinə cavab verməyən bu cümləni əslində qrammatika ilə deyil, hisslərlə anlamaq lazımdır. Yazını yazan şəxs əvvəlcə qonum-qonşudan evinin divarının dibinə zibil tökməmələrini xahiş etmək amacı ilə yazı yazır. İlk ifadəni yazandan sonra qəfil əsəbiləşir və xahişini daha çox söyüş ovqatında olan qarğışla bitirir. Vəssalam.

2) Səkkizinci yeri də zibil tökməklə bağlı bildiriş tutur. Daha doğrusu, bildiriş deyil, bildirişə yazılan cavab.

Bildiriş belədir:

“Çuşka, bura zibil tökmə!”

və yazının altından tamam başqa xəttlə belə bir cavab var:

“Çuşka dədəndi!”. Şərhsiz.

3) Yeddinci yeri Nizami Gəncəvi adına Ədəbiyyat muzeyinin ikinci mərtəbəsindəki qadın tualetinin divarına yazılmış bildirişə veririk:

“Əgər özünüzə hörmət edirsinizsə, rakovinaya çay qalığını tökməyin!”

4) Altıncı yeri H.Əliyev küçəsində yerləşən dərzi dükanının divarına vurulmuş yazıya veririk. Daha doğrusu, yazının mətninə deyil, altına qoyulan imzaya:

“Müştərilərin nəzərinə! 1 manata iş görmürük. Xahiş edirəm, üz vurmayın! Sənətkar”.

Bu yerdə adama elə gəlir ki, dərzi meyxanaçı Namiq Mənanın şagirdlərindən biridir.

5) Beşinci yerdə dayanan yazı başqalarından bir az fərqlidir. Belə ki, yerlərdən daha çox, göylərə aiddir. Bu yazı vətənimizdən Rusiyaya və başqa xarici ölkələrə uçuşlar təşkil eləyən “Aeroflot” uçuş şirkətinin sərnişinlər üçün tərtib etdiyi maarifləndirici təhlükəsizlik blanklarındadır. Təhlükəsizlik bəndlərinin birində deyilir:

“Qəza zamanı əsas giriş bağlıdırsa, şəkildə gördüyünüz ehtiyat qapılardan çıxın və təyyarədən uzaqlaşın”.

Göyün yeddinci qatında uçan, hələ üstəlik qəza vəziyyətində olan təyyarədən hara və ən əsası necə uzaqlaşmağı özünüz təsəvvür edin!

6) Dördüncü yeri çox qeyrətli və namuslu bir bildirişə verir və bu elanı olduqca aktual olan bir problemin həlli yolunda atılmış vacib addım hesab edirik. Yazı 284 №-li avtobusun içinə vurulub:

“Avtobusda ayaq üstə dayanan kişilərin nəzərinə! Xahiş edirik, qadınlara ancaq arxa tərəfinizlə söykənin! Sürücü və konduktor”.

Belə qeyrətli oğullara nə deyəsən?! Eşq olsun!

7) Üçüncü yeri Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən doqquzmərtəbədəki blokların birindəki liftin içindəki elan tutur. Və vacib bir qeyd edək ki, bu yazının yazılması böyük bir zərurət idi. Amma deyəsən, problemi aradan qaldıra bilməmişdi. Yazının mətni:

“Hörmətli sakinlər və binaya qonaq gələnlər! Xahiş edirik, liftdən tualet kimi istifadə etməyin!”

Şəxsən mənə bu maraqlıdır: görəsən, yer üzündə ikinci belə ölkə varmı ki, vətəndaşlarına belə bir xəbərdarlıq etməyə ehtiyac duyasan?

8) İkinci yeri şəhərin mərkəzində yerləşən elit restoranların birinin tualetinin divarına üç dildə yazılmış elana verək:

«Müştərilərin nəzərinə! Restoranımızdakı tualetlər Avropa texnologiyası ilə qurulmuşdur və burada olduqca bahalı materiallardan istifadə olunub! Odur ki, xahiş edirik, unitaza heç nə atmayın!”


9) Birinci yeri isə ən gülməli, ən orijinal, ən əsası isə ən xeyirxah bildiriş tutur. Bu bildiriş Sumqayıt şəhərindəki məhəllə dükanlarının birinin divarına yapışdırılıb. Mətni isə belədir:

“Hörmətli alıcılar! Nisyələrinizi ödəyərkən adınızı borc dəftərindən pozdurmağı yaddan çıxartmayın!”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar