Şagird İnkişaf Komitəsi konsepsiyası inkişaf etdirilir
28 sentyabr 2009 17:45 (UTC +04:00)

Şagird İnkişaf Komitəsi konsepsiyası inkişaf etdirilir

Gənclər üçün Təhsil Mərkəzi bu ilin əvvəlindən başladığı “Şagird İnkişaf Komitəsi konsepsiyası” layihəsinin növbəti mərhələsinə start verib. Təşkilatın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şagirdlərin təhsilə marağının artırılması, təhsildən yayınan şagirdlərin məktəbə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkil olunması, ictimai aktivliklərinin artırılması və vətəndaş cəmiyyətinin inkişafı prosesinə qatılmalarını təşviq etmək məqsədi daşıyan layihə Füzuli rayonu Qayıdış qəsəbəsində icra olunur.

Layihə Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin Təhsilə Dəstək Proqramının maliyyə dəstəyi ilə həyata keçirilir.

Artıq layihənin effektiv icra edilməsi, eləcə də Komitənin işinin səmərəli təşkili məqsədilə Füzuli rayon Qayıdış qəsəbəsinin 4 saylı məktəbində xüsusi yer ayrılıb. Buraya zəruri texniki avadanlıqlar, xüsusilə də ofis və kompüter avadanlıqları təqdim edilib.

Yaxın günlərdə rəsmi açılış mərasimi gözlənilən Şagird İnkişaf Komitəsi Qayıdış qəsəbəsində təhsil alan şagirdlər tərəfindən formalaşdırılacaq və seçiləcək idarə heyəti tərəfindən idarə olunacaq.

Hazırda layihə heyəti Füzuli rayonunun Qayıdış qəsəbəsini əhatə edən bütün məktəblərdə həm şagirdlər, həm müəllimlər və həm də valideynlərlə görüşlər təşkil edir, onların bu layihə barədə məlumatlandırılmasını təmin edir və fikirlərini öyrənirlər.

Bununla yanaşı, layihənin təlimçi heyəti şagirdlər üçün müəyyən edilmiş günlərdə müxtəlif qeyri-formal təhsil təlimləri təşkil edir.

Qeyd etmək lazımdır ki, layihənin əhatə etdiyi hədəf qrupun internetə çıxış imkanı yoxdur və orada abituriyentlərin ali məktəblərə qəbulla bağlı ciddi problemləri mövcuddur. Bu baxımdan, layihə heyəti həmin abituriyentlərə həm texniki, həm də təşkilati dəstək göstərir.

Yaxın vaxtlarda Qayıdış qəsəbəsində Şagird İnkişaf Komitəsinin idarə heyətinə hər bir orta məktəbdə seçkilər keçiriləcək və 11 nəfərlik idarə heyəti formalaşacaq.

2 il davam edəcək bu layihə çərçivəsində şagirdlər üçün müxtəlif təlim proqramları və kurslar tədris olunacaq, müəllim-valideyn münasibətlərinin inkişaf etdirilməsinə, məktəb və şagird əlaqələrinin möhkəmləndirilməsinə dəstək veriləcək, müxtəlif nəşrlər hazırlanacaq, festival və müsabiqələr, tanınmış ziyalılarla məktəblilərin görüşləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661

Oxşar yazılar