Dərs ili başladı
15 sentyabr 2009 12:15 (UTC +04:00)

Dərs ili başladı

Yeni dərs ilinin ilk günündə 250-dək təzə məktəbdə təntənəli açılış mərasimlər keçirilib

Bu gün Azərbaycanda “Bilik günü”dür. Təhsil Nazirliyinin nümayəndələri, millət vəkilləri, ayrı-ayrı nazirlər, komitə sədrləri də yeni dər ilində məktəblərə baş çəkib, rəsmi açılış mərasimlərinə qatılıblar.

Bu gün respublikanın müxtəlif şəhər və rayonlarında 250-dək yeni inşa edilmiş və ya əsaslı təmirdən çıxmış məktəb şagirdlərin və müəllimlərin istifadəsinə verilib. Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, bu il paytaxt Bakıda, Sumqayıtda, Naxçıvanda, Tərtərdə, Yevlaxda, İsmayıllıda, Goranboyda, Lerikdə və digər rayonlarda yeni məktəb binaları istifadəyə verilib. Həmin məktəblərin bir neçəsinin açılışında təhsil naziri Misir Mərdanov da iştirak edib.

Əldə etdiyimiz məlumatlara görə, bu saatlarda prezident İlham Əliyevin xanımı ilə birgə Nəsimi rayonundakı 41 və Yasamal rayonundakı 176 saylı məktəblərin açılışında iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, yeni dərs ilinin başlanması ilə əlaqədar bütün məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Belə ki, əvvəldən əldə olunmuş razılığa əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları paytaxtdakı təhsil müəssisələrinin mühafizəsinə cəlb olunub.

Xatırladaq ki, 2009-2010-cu tədris ilində ölkəmizin 4569 orta ümumtəhsil məktəbində 1 427 910 şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 170 000 müəllim məşğul olacaq. Yeni dərs ilində I sinif şagirdlərinin sayının 125 114 nəfər olacağı proqnozlaşdırılır. Bu tədris ilində 37 dövlət ali təhsil müəssisində 110 670, 16 özəl ali məktəbdə isə 19 690 tələbə təhsil alacaq. Onu da qeyd edək ki, dövlət ali təhsil ocaqlarında 12 450, qeyri-dövlət ali məktəblərində isə 1 960 müəllim çalışır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474

Oxşar yazılar