Müəllimlərin maaşı necə hesablanır?
25 avqust 2009 12:00 (UTC +04:00)

Müəllimlərin maaşı necə hesablanır?

Ali təhsilli 10-cu dərəcəli müəllim 1 stavka dərs deməklə ayda cəmi 110 manat maaş ala bilər

İndi Azərbaycanda hamı yeni dərs ilinə hazırlaşır. Adətən, belə hazırlıqlar həm cəmiyyətin, həm də demək olar ki, hər bir ailənin bir nömrəli məsələsinə çevrilir.
Kimisi tələbə, digəri şagird, bir başqası valideyn qismində yeni dərs ilinin qayğıları ilə məşğul olur.

İlin bu vədəsində orta məktəblərdə çalışan müəllimlər daha gərgin və qayğılı olur. Səbəb çox sadə olduğu qədər də ciddi və əhəmiyyətlidir: dərs ilinin əvvəli müəllimlər üçün həm də maliyyə ilinin başlanğıcıdır. Müəllimin il ərzində nə qədər maaş alacağı dərs ilinin ilk ayının zəhmətindən asılıdır. Görünür, elə bu səbəbdən də dərs ilinin başlanğıcında qocalı-cavanlı əksər müəllimləri bir sual daha çox düşündürür: bu il dərs saatı nə qədər olacaq?

Bax, bu sualın cavabı Azərbaycan müəlliminin orta məktəbdə dərs deməsi müqabilində alacağı zəhmət haqqının məbləğini hesablamaq üçün olduqca vacibdir. Təhsil Nazirliyinin baş mühasibi Həmid Zeynalov Lent.az-a bildirib ki, həftəlik 12 saat dərs yükü 1 stavka sayılır. Onun sözlərinə görə, həftəlik 1 stavka dərs deyən ali təhsilli ən aşağı dərəcəli müəllim 48 saatın maaşını alır. Yəni ayda 4 həftənin olduğunu nəzərə alsaq, 12 saatlıq dərs yükü 4-ə vurulur və bunun əsasında müəllimlərin maaşı hesablanır.

Həmid Zeynalov bildirir ki, pedaqoji fəaliyyətə yenicə başlayan və 1 stavka dərs deyən gənc müəllim dediyi dərsin müqabilində ayda 110 manat əməkhaqqı alacaq. Orta yaşlı mütəxəssisin 1 stavka üçün aylıq məvacibi isə cəmi 143 manat təşkil edəcək.

Yeri gəlmişkən, yeni qəbul edilmiş “Təhsil haqqında” qanuna əsasən, müəllimlərə diferensial əməkhaqları da hesablanacaq. Bu, müəllimlərin həvəsləndirilməsi üçün büdcədənkənar vəsaitlər hesabına maliyyələşməni nəzərdə tutur. Amma mütəxəssislərin fikrincə, bu növ əməkhaqqı Azərbaycanda hələ real görünmür. Bu səbəbdən də müəllimlərin maaşının artırılması "Ali təhsil haqqında", "Orta təhsil haqqında" ayrıca qanunların qəbulundan sonra mümkündür.

1992-ci ildə qəbul edilmiş qanunda belə bir şərt vardı ki, pedaqoji işçilərin orta aylıq maaşı ölkə üzrə orta aylıq əməkhaqqından aşağı ola bilməz. Həmin maddə parlamentin sonuncu sessiyasında qəbul olunmuş yeni qanunda da əksini tapıb. Bundan başqa, 1992-ci ildə qəbul olunmuş qanunun qüvvəyə minməsi ilə orta məktəblərdə müəllimlərin həftəlik dərs yükü 16-18 saatdan 12 saata endirilib. Təhsil Nazirliyi stavkanın yenidən 18 saatadək qaldırılması istiqamətində əlavə tədbirlərə başlamaq niyyətindədir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16294

Oxşar yazılar