16 ilin söhbətidi…  Bir ay qalmış
24 avqust 2009 19:00 (UTC +04:00)

16 ilin söhbətidi… Bir ay qalmış

İran dağlarının ətəyində, Araz çayının qırağında yerləşən kəndimizin sac qoyub, yuxa bişirən arvadları artıq qrad, mərmi, partlayış səsinə elə öyrəşmişdilər ki, otuz metr aralıda növbəti qrad partlayanda bir anlığa əllərini oxlovun üstündə saxlayıb, «qırılmışlar, yenə atıllar!» deyir, sonra iri döşlərini silkələyə-silkələyə yuxa yaymağa davam eləyirdilər. Həmin qradlardan birinin gəlib, ocağın üstünə düşə biləcəyi ehtimalı isə ya onların ağlına gəlmirdi, ya da qorxutmurdu – dəqiq bilmirəm. Kişilər qorxu hissini illərdən bəri kəndin kolxoz üzümlüyündən yeşik-yeşik üzüm yığıb, çəkdikləri, sonra da torpağa basdırdıqları ehtiyat çaxırından «düp» deyənə qədər vurmaqla səngidirdilər. Məktəbdə hesabı say çubuqları ilə deyil, kənddən orduya könülü getmiş döyüşçülərin arada-bərədə bura qayıdanda onlara bağışladıqları patronları saymaqla öyrənən birinci sinif uşaqları da qulaqlarının dibində vıyıldayan mərmilərdən ürküb-eləmirdilər. Hamıya elə gəlirdi ki, belə də olmalıdı.
Az qala hər gün kəndimizə ermənilərin artıq işğal elədikləri qonşu rayonlardan, cəbhə bölgəsinə daha yaxın olan kəndlərdən köçkünlər gəlirdi. Gün-gündən evində qaçqın saxlayanların sayı artırdı. Bir gün bizim də evimizə köçkünlər gəldi. Yaşlı ər-arvad idi. Arvadın adı yadımdan çıxıb, kişinin adı isə Sovet idi. Atam Sovetgilə otaq ayırmadı: «Öz evinizdir, kim hansı otaqda yatmaq istəyir, yatsın, şey-şüyünü hara yığmaq istəyir, yığsın».
Brejnev öləndən sonra kənddə ilk dəfə idi ki, belə qızğın həyat vardı. Gündüzlər kiminsə darvazasının dibinə, kəndin «hayat» deyilən mərkəzi meydançasına, gecələr kiminsə evinə yığışan, televizordan eşitdikləri xəbərləri, siyasi liderlərin çıxışlarını, Şəmistan Əlizamanlının mahnılarını götür-qoy, saf-çürük eləyən kənd kişiləri özlərini elə aparırdılar ki, guya bu dəqiqə onların ölkənin ictimai-siyasi həyatında ciddi rolları var. Bu kişi məclislərində Rusiyanın Qarabağ məsələsindəki mövqeyindən tutmuş, Lalə Şövkət Hacıyevanın ifrat yığcam ağzına iri xörək qaşığının yerləşib-yerləşməməsinə qədər bütün mövzular müzakirə olunurdu. Bir şeydən başqa: bu söhbətlər zamanı bir dəfə də olsun, kimsə könüllü dəstə yaradıb, milli orduya qoşulmağı təklif eləmədi.
Nənələr Cavanşir Quliyevin «Əskər marşı»nın sözlərini əzbərdən deyən nəvələrinin ciblərini bellərinə sarıdıqları, Sovet istehsalı olan yun ədyalların arasından çıxardıqları əzik-üzük Sovet konfetləri ilə doldururdular...
Kəndin ermənilər tərəfindən alına biləcəyi ehtimalını heç kim dilinə gətirməsə də, bəzi-para ehtiyatlı adamlar çəkidə yüngül, qiymətdə ağır şeylərini bürüb-bükmüş, kənddən çıxarıb, cəbhə bölgəsindən daha uzaq kəndlərdə, rayonlarda yaşayan qohum-əqrəbalarının evlərinə göndərmişdilər. Həyətlərindəki mal-qaranın bir qismini («birdən erməni gəlməz» deyə hamısını satmağa ürək eləmirdilər) dəyər-dəyməzinə irandan gələn alverçilərə satan da vardı. Bu arada İran tərəfdə yaşayan azərbaycanlılarla bizim və ətraf kəndlərin heç vaxt olmayan mehribanlığı baş alıb gedirdi. İranlılar bizim tərəfə keyfiyyətsiz, üstü bəzək-altı təzək zərli kapron corablar, parçalar, saqqızlar keçirib satır, əvəzində mal-qaranı, ən çox da Sovet istehsalı olan şeyləri qapıb, gedirdilər. Kənddə iranlıların bizimlə alverini təsvir edən lətifə də yayılmışdı: «İranlı azərbaycanlıya deyir ki: «Baba, siz bizi alladırsuuz ha!». Azərbaycanlı soruşur: «Niyə?». İranlı deyir: «Baba, sizin bizə satdığuuz inəklərin ətini yeyirik, qurtarır. Amma siz bizim saqqızımızı ömürlük çeyniyürsüz!». Bax, belə...
Kəndə ermənilərin girməyinə on beş gün qalmış İskəndərin meytini gətirdilər. Həmidovun yox, bizim kənddən orduya gedən və orada qalan yeganə döyüşçünün meyidini. İskəndər hələ orduya getməmiş hamının sevimlisi idi. Üzü, balaca və zil qara gözləri həmişə gülərdi. Zarafatcıl, şən, deyər-gülər bir oğlanıydı. Qeyrətlilikdə, saflıqda o qədər ad çıxartmışdı ki, kənddə heç kim bacısını, arvadını, qızını ona qısqanmazdı. Yeganə oğlan idi ki, kənd toylarında hansı qızı, gəlini istəsə rəqsə dəvət eləyə bilərdi, heç kim də ona gözünün üstə qaşın var deməzdi. Arabir kəndə gələndə hamı onun başına yığışardı. Uşaqlara, həvəskar cavan qızlara odlu silahdan atəş açmağı öyrədər, patron bağışlayardı. Qonşu kəndlərdən bizim kəndə döyüşçü gələndə İskəndərin döyüş bölgəsindən sürüyüb çıxardığı yaralılardan, ölümdən qurtardığı adamlardan danışardılar.
İskəndərin ölüm xəbərini aldığımız səhər obaşdan oyananda anam dedi ki, gecə pis yuxu görüb, bu gün kimsə ölməlidi. Anam ki, yuxusunu danışdı, kiminsə öləcəyini proqnozlaşdırdı, şək-şübhə yeri qalmırdı. «Ves kənd» sınamışdı, onun ölümlərlə bağlı yuxuları həmişə çin çıxırdı. İskəndərin ölüm xəbəri qapımıza çatanda, hamı ağrınsa da, heç kim şoka düşmədi. İsknəndərin cənazəsini yerdən aşıqla, çalğıyla götürdülər. Atası demişdi ki, toyunu çaldıra bilmədim, qoy barı vayı aşıqlı olsun.
O vaxt beşini sinifdə oxuyurdum. Ədəbiyyata, şeirə yaman marağım vardı. İskəndərə beş bəndlik bir şeir həsr eləmişdim. Şeiri ədəbiyyat müəlimimə oxuyanda kağızı məndən alıb divar qəzetinə yerləşdirdi. Şeirin səsi bir günün içində kəndə yayıldı. İskəndərin anası, nənəmin bacılığı Minə arvad bunu eşidəndə durub bizə gəlmişdi. Ağlaya-ağlaya boynuma sarıldı, məni öpdü, öpdü, öpdü...Sonra: «Başına dönüm, indi o şeiri əzbərdən deginən…». Mən şeiri dedim, o ağladı. Anam da ona qoşuldu. Sonra arvad qoltuğundakı bükülünü mənə uzatdı. «Qızım, sən allah, payımı geri qaytarma, elə nəysə könlümnən keşdi ki, saa bir pay gətirim». Bükülünün arasında İranlıların satdığı, kənddə dəb olan zərli kapron corab, corabın da arasında bir Sovet yüzlüyü vardı...(gör nə qədər bəduğur şair olmalısan ki, ilk qonorarını belə bir vaxtda, bu şəkildə alasan)

Həmin gün...

Evimiz qonşu kəndin sakinlərinə məxsus olan tut bağının yanında idi. Bu böyük tut bağı bizimki ilə qonşu kəndi bir birindən ayıran sərhəd idi. dərsdən, ev işlərindən boş vaxt tapanda özümü bu tut bağına salmağı xoşlayırdım. Sakitlik idi, qonşu kəndə məxsu olduğundan bura kimsə girməzdi. Bağların sahibləri isə bura ancaq barama qurdları üçün tut yarpağı qırandan-qırana gəlirdilər. O bağda dəfələrlə ayaqlarıma ilan dolanıb, neçə dəfə gürzə fısıltısı eşitmişəm, qabağıma çaqqal sürüsü çıxıb. Anam hər dəfə oradan qayıtdığımı öyrənəndə toppuş əlləri ilə dizlərini şappıldadar: «Ay böhtə (yəni inadkar, tərs mənasında), vallah bir gün o bağda səni qurd-quş udajax» deyərdi.
Həmin gün anam qardaşlarımı da götürüb, Arazın sahilində yerləşən qarpızlığımıza getmişdi. Atam artıq iki gün idi ki, qanını qaşığa qoyub, əşyalarının kənddən təcili çıxarılmasını tələb edən nənəmin şey-şüyünü yük maşını ilə Beyləqana daşıdığından, kənddə yox idi.
Mənsə həmin tut bağında səy-səy dolanırdım. Başımı alıb getdiyimdən, bağın artıq qonşu kəndin ərazisində olan başına çatdığımın fərqinə vardım. Elə bu vaxt qulağıma atışma, partlayış, çığırtı səsləri gəldi. Səs bizim kəndin o biri başından gəlirdi. Bu atışma, həmişəki atışmadan deyildi. Partlayışlar, silah səsləri lap yaxında idi. Hətta ciddi-cəhdlə qulaq verəndə əskərlərin səslərini də eşitmək olurdu. Qonşu kənd bizim kənddən bir az hündürdə yerləşdiyindən, kəndimizin bir hissəsini görmək olurdu. Və mən o hissəyə baxanda insanların Araz çayına tərəf axışdığını görürdüm.
Qonşu kəndin evləri uzaq, öz kəndimiz təhlükəli idi.
Artıq kəndə girən tankları da görmək olurdu.
Qonşu kəndin mərkəzi yoluna çıxdım. Üstü əşyalarla, insanlarla yüklənmiş yük maşınları, yüngül avtomobillər bir-birinin ardınca düzülmüşdü. Evimizə qayıtmağın mənasız olduğunu düşündüm. Anam yəqin ki, evə qayıtmağı ağlına da gətirməyərək, qardaşlarımı da götürüb, çayı keçmişdi.
Maşınlardan birinə əl elədim. O dəqiqə saxladı. Maşında bir qoca kişi ilə arvadı oturmuşdu. Arxa oturacaqların üstü əşya ilə dolu idi. Onlara dərdimi dedim. Arvad heç nə demədən məni qucağına aldı.
Tərpəndik.
Maşının açıq şüşələrindən yol-rizdə qaçan piyadaların səsləri gəlirdi. İnsanlar bir-birini itələyib, ayaqlayıb qaçırdılar. Bir qarı cavan və toppuş gəlinin ayağı altında qaldı. Gəlin qarının üstündən adlayıb, qaçmağına davam elədi. Qarı onun arxasınca: «Səni görüm, erməninin gülləsinə tuş gələsən!» deyə bağırdı. Gəlin qaça-qaça geri qanrılıb: «Erməni gülləsinə elə öz canın tuş gəlsin ki, bu vaxta qədər niyə kənddən çıxmamısan!?» dedi.
Birazdan gecə düşdü. Kişi heç nə danışmadan maşını sürürdü. O vaxt maşının şüşəsinin qarşısından vıyıldayan şeylərin güllələrmi, yoxsa sərçələrmi olduğunu hələ də ayırd edə bilmirəm. Bircə onu bilirəm ki, o vıyıldayan şeylərin biri də maşına dəymirdi.
Bakıya çatanda komendant saatına düşdük. Kişi mənə dedi ki, gözlərimi yumum. Qabağımızı kəsən yol milisinə (bəlkə də o vaxt artıq polis idi) dedi ki, maşında xəstə uşaq var, təcili şəhərə girməliyik. Bizi buraxdılar. Birazdan doğrudan da yuxuladım. Bakıya, qalacağımız yerə, yəni kişinin qızı evinə necə çatdığımızı, içəri necə keçdiyimizi görmədim.
Gözümü qəribə, ağ taxta haşiyəli şüşədən qapısı olan bir otaqda açdım. Dəhşətli isti vardı. Evdəkilər sakitcə üzümə gülümsədilər. Qarı ilə qızı məni mətbəxə apardılar. Heç nə demədən masanın üstünə yağ-pendir, zavod çörəyi qoyub, çay süzdülər. Qız şəkər tozu gətirib, çayımı şirin elədi. Yağ-pendirin yanına nazik bıçaq qoydu. Bu sadə süfrə, zavod çörəyi mənə çox qəribə görünürdü. Sakitcə yedim. Sonra arvad məndən hansı kənddən, kimlərdən olduğumu soruşdu. Ailəmizdən heç kimi tanımadılar. Qızın üzündə narazılıq görünməsə də, başa düşürdüm ki, arvad özlərinin burada qalacaqları azmış kimi, üstəlik yanlarında bir yad uşaq gətirdiklərinə görə özünün qızının yanında naqolay hiss eləyir.
Onlara dayımın evinin nömrəsini dedim. Kişi vaxt itirmədən dayıma zəng elədi. Sonradan xidməti maşınında qəza törədib, özünü və üç adamı əlil eləyən cavan dayım o vaxtlar praporşik idi. Mənim orada olduğumu biləndə, bircə saatdan sonra peyda oldu. Çatan kimi anamgilin harada olduğunu xəbər aldı. Dedim ki, bilmirəm. Bu adamları hardan tanıdığımı soruşdu, ürəyi yerinə gələndən sonra, kişi ilə arvadına təşəkkür eləyib, əlimdən tutdu və biz küçəyə çıxdıq.
İlk dəfə gördüyüm şəhər mənə valideynlərimin, qardaşlarımın demək olar ki, itkin düşməsini, kəndimizin işğalını, artıq bir köçkün balasına çevrildiyimi unutdururdu. Şəhər, avtobuslar, küçələr, səhər harasa tələsən insanlar mənə o qədər maraqlı gəlirdi ki, bilmirdim nəyə baxam.
Dayım yolda mənə çəhrayı qaşlı bir saç sancağı aldı. Və anamgili tapacağına söz verdi. Tapdı da.
Məni evinə gətirib, arvadına tapşırdı və cəbhə bölgəsinə yola düşdü. Bir aydan sonra qayıdıb, anamgilin Beyləqanda olduğunu dedi. Hər şey yaxşıymış, anam ona «Bilmək olmaz, bəlkə buranı da aldılar, qoy qız sənin evində qalsın» deyibmiş. Anam mənə topuq yerində üç rəngli düymələri olan qara retuz, iki cüt isti corab göndərmişdi.

Sonra

Dayımın evində qaldım, bir il məktəbə getdim, şəhərə, şəhər uşaqlarına öyrəşdim. Anamgili düz bir ildən sonra görə bildim. İsmayıllıda, atamın əskər yoldaşının atasının əl damında yaşayırdılar. Atam gəlib, məni də ora apardı. Anamın qardaşlarımla İrana necə keçməyini elə şirin-şirin nağıl eləyirdi ki, söhbəti yüzüncü dəfə eşidən balaca qardaşım ağzını ayırıb, maraqla onun üzünə baxırdı. (Hələ də anam kiməsə qaçqınlığını nağıl eləyəndə qardaşım bardaş qurub, ona qulaq asır).
İsmayıllıda bir aydan sonra xəstələndim. Bronxlarım zədəli olduğundan dağ havasını uda bilmirdim. Atam bu dəfə məni götürüb, Sabirabada, nənəmlə babamın yaşadığı çadır şəhərciyinə gətirdi.
Çadır şəhəriyi o vaxta qədər gördüyüm ən maraqlı yer idi. mənə elə gəldi ki, hansısa məktəbli düşərgəsindəyəm. Yanaşı qurulub, kənarları göyə qaldırılmış çadırlar. Çadırların qarşısında odundan, qamışdan düzəldilmiş çardaqlar, çardağın altında oturub, söhbət eləyən, çay içən, qarpız dilimləyən və çadırarası yollardan keçən adamlara tamaşa edən qaçqınlar. Şəhərə bir maşın girəndə onun qabağına yüyürən, gündən qapqara qaralmış uşaqlar...
Mən nənəmgilin yanında qaldım, atam isə İsmayıllıya qayıtdı.
Bir ildən sonra atam anamgili də götürüb, çadır şəhərciyinə gəldi. Ailəmizə bir çadır alıb, orada qurdu, bizi çadırda yeləşdirib, özü Rusiyaya, Moskvada yaşayan bibimin yanına getdi. İşləməyə.
Avqustun axırında pambıq mövsümü başladı. Yerli briqadirlər üçün işsiz qaçqınlar ən ucuz işçi qüvvəsi idi. Çadır düşərgəsinə yük maşınları göndərib, qadınları, yeniyetmələri hətta yaşlı-cavan kişiləri də kuzovlara doldurub, tarlalara aparırdılar. Yığılan pambığın pulunu ya günəmuzd, ya da on gündən bir verirdilər.
Bir gün anam dedi ki: «Atanın oradan pul göndərməyini gözləməynən iş olmaz, gəl, biz də pambıq yığmağa gedək». Səhər qonşularımızın mindiyi maşına biz də mindik. Böyük və tənbəl qardaşımı evdə qoyduq, bizə çay-su daşısın deyə balacanı özümüzlə götürdük. Su daşımağa, önlüyü kisəyə boşaltmağa vaxt itirmək olmazdı, gün boyu nə qədər çox pambıq yığsaq, o qədər çox pul alacaqdıq. Bir kilo pambığı yığmağın haqqı indinin pulu ilə 4 qəpik idi.
Tarlada ilk dolu önlüyü kisəyə boşaldanda hiss elədim ki, artıq uşaq deyiləm.
Böyümüşdüm...

Günel Mövlud
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 959

Oxşar yazılar