Oğuzda torpaq davası
Rayon İcra Hakimiyyətinin Səhmdar Cəmiyyətin torpağını əlindən almaq istəyi böyük qalmaqal yaradıb
Oğuz rayonunda yerli icra hakimiyyəti orqanları bir-birinə qarışıb. Buna səbəb rayon icra hakimiyyəti başçısının “Oğuz Repreduktor Quşçuluq” ASC-nin mülkiyyətində olan 125 hektar torpaq sahəsini müəssisənin əlindən almaq cəhdləridir. Belə ki, icra başçısı öz işçilərini və müvafiq idarələrin rəhbərlərini ASC-nin fəaliyyət göstərdiyi Qarabaldır kəndinə göndərərək, müəssisənin mülkiyyətində olan torpaq sahəsini iki kəndin əhalisi arasında bölüşdürmək istəyir. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yerli şöbəsi və Şəki-Oğuz Regional İdarəsi isə rayon İcra Hakimiyyətinin bu hərəkətlərini qanunsuz hesab edərək, torpağın Səhmdar Cəmiyyətdən alınmasının yolverilməz olduğunu bildirir.
Lent.az-ın əməkdaşı icra hakimiyyətinin bu göstərişindən sonra rayonda yaranmış vəziyyəti öyrənmək üçün dünən Oğuzda olub. Xatırladaq ki, rayon İcra Hakimiyyətinin başçısı “Oğuz Repreduktor Quşçuluq” ASC-nin mülkiyyətində olan torpaq sahəsini bölməyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz Rayon Şöbəsinə tapşırıb. Bu səbəbdən də Oğuzda ilk olaraq torpaq şöbəsinin müdiri Asim Əzizovla görüşdük. Asim Əzizov icra başçısının ona belə bir göstəriş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə əlaqədar bəzi kəndlərdə sakinlərə məxsus pay torpaqları dövlət tərəfindən alınıb. Bunun əvəzində sakinlərə başqa ərazilərdə torpaq payının verilməsi nəzərdə tutulur.
“İcra başçısı mənə tapşırdı ki, Şirvanlı və Qumlaq kənd sakinlərindən alınmış torpaqları “Oğuz Repreduktor Quşçuluq” ASC-nin mülkiyyətindəki torpaqla əvəzləşdirək. Özü də dedi ki, bu barədə Nazirlər Kabinetinin qərarı var. Amma Aydın müəllim (rayon icra hakimiyyətinin başçısı Aydın Əlihüseynovu nəzərdə tutur – E.S.) mənə heç bir sənəd vermədi, sadəcə, dedi ki, get, ərazini böl, ver camaata” - deyə, Asim Əzizov bildirib.
Torpaq şöbəsinin müdiri onu da əlavə edib ki, mövcud qaydalar “Oğuz Repreduktor Quşçuluq” ASC-nin mülkiyyətindəki torpağın yerli əhaliyə paylanmasına imkan vermir: “Ancaq rayonun rəhbərliyi belə tapşırıb və mən tapşırığa əməl etməliyəm. İşin sonrası ilə yuxarı orqanlar məşğul olacaq”.
Oğuzdan Bakıya 3 teleqram
Elə bu zaman “Oğuz Repreduktor Quşçuluq” ASC-nin səhmdarları və onların vəkili Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) yerli şöbəsinin müdiri ilə birgə içəri daxil olaraq Asim Əzizovla mübahisəyə başlayıblar. Vəkil Yunus Vəliyev torpaq şöbəsinin müdirinə qanunsuz hərəkət etdiklərini və buna görə cinayət məsuliyyəti daşıdıqlarını bildirib. Onun sözlərinə görə, rəsmi sənəd olmadan nə icra başçısı, nə də başqa qurumun nümayəndələri sahibkarın torpağının bölünməsi barədə göstəriş verə bilməz. Vəkilin fikrincə, “Oğuz Repreduktor Quşçuluq” ASC-nin torpağının geri alınması barədə order olmalı və bu sənəd əvvəlcədən cavabdeh tərəfə təqdim olunmalıdır.
Asim Əzizov isə belə bir orderin olmadığını, bu səbəbdən də məsələni aydınlaşdırmaq üçün icra hakimiyyəti ilə növbəti dəfə danışmağa ehtiyac olduğunu söyləyib. Bu məqsədlə o, xidməti otağından zəng vuraraq vəziyyət barədə icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Etibar Yusubovu məlumatlandırıb. Etibar Yusubov bizi və “Oğuz Repreduktor Quşçuluq” ASC-nin nümayəndələrini icra hakimiyyətinə – özünün xidməti otağına dəvət etsə də, görüş baş tutmadı. Təxminən 2 saat icra hakimiyyətində gözlədikdən sonra Etibar Yusubov öz köməkçisi vasitəsilə bizi qəbul edə bilməyəcəyi xəbərini göndərdi. O, həmçinin bu məsələnin onun səlahiyyətinə aid olmadığı deyib.
Yeri gəlmişkən, “Oğuz Repreduktor Quşçuluq” ASC-nin nümayəndələri rəsmi şəxslərdən tutarlı cavab almadıqlarından icra hakimiyyətinin binasından çıxan kimi mərkəzi orqanlara 3 teleqram göndəriblər. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Nazirlər Kabinetinə və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə ünvanlanan teleqramlarda baş verənlərlə bağlı təcili tədbirlərin görülməsi xahiş olunurdu.
Rəsmi işə qeyri-rəsmi tapşırıq
İcra hakimiyyətində onu da öyrəndik ki, müvafiq qurumların nümayəndələri günün ikinci yarısında “Oğuz Repreduktor Quşçuluq” ASC-nin ərazisinə gələrək, torpaq sahəsini bölüşdürəcək. Belə də oldu. Saat 16 radələrində bir qrup vəzifəli şəxs “Oğuz Repreduktor Quşçuluq” ASC-nin yerləşdiyi binanın qarşısında göründü. Onların arasında icra hakimiyyəti ilə yanaşı torpaq şöbəsinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, rayon Polis İdarəsinin, Şirvanlı və Qumlaq kənd bələdiyyələrinin nümayəndələri də vardı. Amma elə ilk dəqiqələrdən məlum oldu ki, “Oğuz Repreduktor Quşçuluq” ASC-nin səhmdarları öz mövqelərində daha haqlıdır.
Səhmdar Cəmiyyətin Direktorlar Şurasının sədri Şirin Şuminov qonaqları qarşılayarkən onlardan rəsmi sənəd tələb etməsi rəsmi qurumların nümayəndələri arasında çaşqınlıq yaradıb. Belə ki, nə torpaq şöbəsinin sədr müavini, nə də icra hakimiyyətinin nümayəndəsi onlarda belə bir sənədin olmadığını söyləyib. Bu isə sahibkarları özündən çıxarıb. Şirin Şuminov üzünü rəsmi qurumların nümayəndələrinə tutaraq, rəsmi sənəd olmadan onları əraziyə buraxmayacağını deyib.
“Siz rəsmi qurumun nümayəndələri kimi bizim mülkiyyətimizdəki torpağı bölməyə gəlmisiniz. Ona görə də xahiş edirəm, rəsmi sənəd təqdim edin. Mənim heç bir şifahi və ya yazılı göstərişlərdən xəbərim yoxdur. Bizim əlimizdə sənəd var, hörmətli prezidentin fərmanı əsasında özəlləşməyə açılmış mülkiyyət Dövlət Əmlak Komitəsinin qərarı ilə “Oğuz Repreduktor Quşçuluq” ASC-yə verilib. Buna dair sənədləri Nazirlər Kabineti də, Dövlət Əmlak Komitəsi də, Torpaq və Xəritəçəkmə Komitəsi də təsdiqləyib. Belə bir sənədi şifahi tapşırıq əsasında pozmaq mümkündürmü?” - deyə, Səhmdar Cəmiyyətin rəhbəri soruşub.
İcra hakimiyyətinin nümayəndəsi fikrini dəyişdi
Maraqlıdır ki, qısa söhbətdən sonra icra hakimiyyətinin Firdovsi adlı nümayəndəsi Şirin Şuminovun bu fikri ilə həmrəy olduğunu deyib. O, həmçinin əlavə edib ki, Nazirlər Kabinetinin torpağın bölünməsi barədə qərar çıxarmasından da xəbərsizdir. Bu vaxt sahibkar Şirin Şuminovla icra hakimiyyətinin nümayəndəsi arasında maraqlı bir dialoq olub:
- Bəs, onda bu əməliyyatı niyə keçirirsiniz?
- Yəqin ki, bu işi görənlərin də bir güvənən yeri var. Yoldaşlar dedilər ki, Nazirlər Kabineti bu axşam əvvəlki qərarını ləğv etməlidir. Yəqin rayon rəhbərliyi nəsə bilir ki, bu adamları torpağı bölməyə göndərib.
- Ləğv edəcək başqa şeydir, faktiki vəziyyət başqa. Mən gedib bu gün polis rəisi ilə görüşdüm ki, bizi icra hakimiyyətinin basqınından qorusun, çünki vəzifəli şəxslər bizim əraziyə açıq-aşkar hücum eləyirlər. İndi mən nə edim, sizə nə cavab verim?
- Elə belə də cavab verməlisiniz.
- Mənim dediklərimdən narazılığınız var?
- Yox. Amma mən məsləhət görərdim ki, rayonun rəhbərliyi ilə yenidən görüşün.
- Görüşmüşəm, bunların hamısını ona demişəm. Amma faydası yoxdur, yenə də sizləri, başqalarını göndərir üstümüzə...
Torpağı bölməyə gəldilər...
Bir qədər sonra Oğuz Rayon Polis İdarəsinin rəisi ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Şəki-Oğuz regionu üzrə nümayəndəsi Bağı Məsimov da hadisə yerinə gəlib. Komitənin nümayəndəsi bildirib ki, icra hakimiyyətinin “Oğuz Repreduktor Quşçuluq” ASC-nin mülkiyyətində olan torpağı bölüşdürmək, onu sahibkarın əlindən almaq və təyinatını dəyişdirmək səlahiyyəti yoxdur. Onun sözlərinə görə, bu məsələlər yalnız Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin qərarı ilə həll olunur.
Bağı Məsimov bir neçə dəfə rəhbər işçilərlə telefon əlaqəsi yaratdıqdan sonra torpağı bölməyə gəlmiş şəxslərdən ərazini tərk etməyi tələb edib: “İcra hakimiyyətinin bölüşdürmək istədiyi 125 hektar torpaq sahəsi komitənin qərarı ilə “Oğuz Repreduktor Quşçuluq” ASC-nin daimi istifadəsinə verilib. Ona görə də belə söz-söhbətlər mənasızdır, hər şey qanunla həll olunmalıdır. Xahiş edirəm hər kəs çıxıb getsin öz işinə. Bu məsələdə yuxarı orqanların da mövqeyi qətidir, heç kəs sahibkarın qanuni mülkiyyətini əlindən ala bilməz, biz bu məsələni rayon rəhbərliyinin diqqətinə çatdıracağıq”.
...Danlanıb getdilər
Komitə rəsmisinin bu izahatından sonra torpağı bölmək üçün gələnlər geri qayıdıb. Ardınca Bağı Məsimov, Polis İdarəsinin rəisi və Əmlak Məsələlri üzrə Dövlət Komitəsinin Oğuz Rayon Şöbəsinin rəisi ilə birgə icra hakimiyyətinə müşavirəyə yollanıb.
Qeyd edək ki, rayon icra hakimiyyəti başçısının iş otağında bu məsələnin çözülməsi 3 saatdan çox vaxt aparıb. Sonda komitənin nümayəndələri icra başçısını iştirakı ilə problemi yoluna qoya biliblər. Bununla belə, axşama yaxın rayon torpaq şöbəsinin nümayəndələri təkrar əraziyə qayıdaraq “Oğuz Repreduktor Quşçuluq” ASC-nin mülkiyyət sənədləri ilə yenidən tanış olublar. Şöbə müdiri Asim Əzizov Səhmdar Cəmiyyətə emissiya prospektinin (Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin torpağa dair mülkiyyət hüququnu təsdiq edən sənəd – E.S.) verilib-verilmədiyindən xəbərsiz olduğunu deyib. Müəssisənin nümayəndələri isə həmin sənədi, torpağın planını, müvafiq qərar və sərəncamları yenidən torpaq şöbəsinin rəhbərinə təqdim ediblər. Amma bu, Asim Əzizov üçün gözlənilməz olub. O, emissiya prospektini və torpağın planını gördükdən sonra əsəbi halda “mən bu sənədləri görməmişdim” - deyə, “Oğuz Repreduktor Quşçuluq”un ərazisinin tərk edib.
Elxan SALAHOV
Bakı-Oğuz-Bakı

1752