Mətbuat Şurası “reket” nəşrlərlə bağlı vergi orqanlarına müraciət edəcək
25 iyun 2009 19:15 (UTC +04:00)

Mətbuat Şurası “reket” nəşrlərlə bağlı vergi orqanlarına müraciət edəcək

Mətbuat Şurası (MŞ) “reket” nəşrlərlə bağlı vergi orqanlarına müraciət ünvanlamağı planlaşdırır. Hazırda bu məsələ ilə bağlı Şurada məsləhətləşmələr gedir.

Şuranın icraçı katibi Rəhim Hüseynzadə APA-ya bildirib ki, MŞ indiyədək adı mətbuatın “qara siyahısı”sına düşən kütləvi informasiya vasitələri ilə əlaqədar yayım firmalarına və nəşriyyatlara məktublar göndərib: “Həmin məktublar tövsiyə xarakterlidir. Sənədlərdə siyahıdakı nəşrlərin peşə prinsiplərinə zidd əməlləri qısa şəkildə əksini tapıb. Həmçinin belə fəaliyyətin cəmiyyətdə narahatlıq doğurduğu vurğulanıb və həmin qurumlara bu kimi mətbu orqanlarla əməkdaşlığın perspektivsizliyi barədə ətraflı məlumat verilib. Sevindiricidir ki, bizə müraciətlərimizə həssaslıqla yanaşıldığını təsdiqləyən kifayət qədər informasiyalar da daxil olmaqdadır”.

İcraçı katib vergi orqanlarının da məsələyə həssas yanaşacağı qənaətindədir: “Çünki “reket” jurnalistikaya qarşı mübarizə təkcə Şuranın deyil, ümumilikdə cəmiyyətin mənafeləri baxımından əhəmiyyətli tədbirdir. Şura araşdırmalar nəticəsində müəyyənləşdirib ki, əksər hallarda “reket” nəşrlərin fəaliyyəti nə əmək, nə də vergi qanunvericiliyinin tələblərinə uyğun gəlir. Belə faktlar kifayət qədərdir. Onlar mətbu fəaliyyətə yalnız müəyyən korparativ məqsədləri gerçəkləşdirmək baxımından yanaşırlar. Praktika göstərir ki, məhz bu yanaşma tərzi son nəticə etibarilə həm də peşə prinsiplərinin, əxlaqi və mənəvi dəyərlərin pozulmasına gətirir. Buna görə də məsələyə daha kompleks baxılması zəruridir. Hesab edirik ki, “reket” nəşrlərin tamamilə sıradan çıxarılmasında vergi orqanlarının səlahiyyətləri və təsir mexanizmləri ümumi işə faydalı ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1307

Oxşar yazılar