Fərdi uçot sistemində 7 mindən çox əcnəbi uçota alınıb
22 iyun 2009 14:30 (UTC +04:00)

Fərdi uçot sistemində 7 mindən çox əcnəbi uçota alınıb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 7 mini ötüb. Bu ilin ilk 5 ayının statistikasına əsasən, fərdi uçot sistemində 83 ölkədən 7284 nəfər xarici vətəndaş uçotdadır.

DSMF-nun mətbuat xidmətinin rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, onların arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir – 4124 nəfər. Növbəti yerdə isə Gürcüstan vətəndaşları gəlir və fərdi uçot sistemində uçota alınan qonşu dövlətin vətəndaşlarının sayı 1148 nəfərdən ibarətdir. Azərbaycanın fərdi uçot sistemində uçota alınan vətəndaşların sayına görə üçüncü yerdə Rusiya Federasiyası qərarlaşıb - 520 nəfər. Sonrakı yerlərdə İran İslam Respublikası (224 nəfər), Hindistan (185), Çin Xalq Respublikası (86), Ukrayna (70), Pakistan İslam Respublikası (70), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (67), Malayziya (63), Qazaxıstan (59), Özbəkistan (57) və digər ölkələr gəlir.

Elman Babayev qeyd edib ki, Azərbaycanda məcburi dövlət sosial sığortası sahəsində fərdi uçotun tətbiq olunması ölkə vətəndaşları ilə yanaşı, əcnəbilərin də məcburi dövlət sosial sığortasına cəlb olunması zərurəti yaradıb. Onun sözlərinə görə, bu zərurət beynəlxalq təcrübədən irəli gəlir.

Xatırladaq ki, hələ 2005-ci ilin sentyabrında Bakı şəhərində “Qloballaşma və əmək miqrantlarının sosial müdafiəsi” mövzusunda keçirilən beynəlxalq konfransda bütün bunlar əsas müzakirə obyekti kimi seçilmişdi. Konfransın yekun sənədi kimi qəbul olunmuş (iştirakçı dövlətlərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmışdır) Bakı bəyannaməsində əcnəbilərin məcburi dövlət sosial sığortasına cəlb olunması ilə bağlı birmənalı tövsiyələr öz əksini tapmışdı. Bundan sonra “Sosial sığorta haqqında” qanuna müvafiq dəyişikliklər edilmiş və 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunmasına başlanıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 983

Oxşar yazılar