Milli Teleradio Şurası ANS ÇM-ə xəbərdarlıq edib
16 iyun 2009 11:00 (UTC +04:00)

Milli Teleradio Şurası ANS ÇM-ə xəbərdarlıq edib

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi ANS ÇM radiostansiyasına şifahi xəbərdarlıq edib. Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşovun APA-ya verdiyi məlumata görə, radiostansiyaya milli-mənəvi dəyərləri pozan verilişlər yayımladığını görə xəbərdarlıq olunub: “ANS ÇM-in “Gənc klub” verilişinin bir neçə buraxılışında milli-mənəvi dəyərləri, etik normaları pozan hallar qeydə alınıb. Radiostansiya “Teleradio yayımı haqqında” qanunun 32.0.9 maddəsinin milli mənəvi dəyərlərin qurunmasına ardıcıl əməl olunması ilə bağlı tələblərini və uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran hallarla bağlı MTRŞ-nın qəbul etdiyi Xüsusi Qaydaları pozub. Verilişin buraxılışlarından birində erotik və pornoqrafik filmlərlə bağlı müzakirələr aparılıb. Çoxsaylı dinləyici şikayətlərinə əsasən, radiostansiyanın son həftələrdə olan yayımları monitorinq nəzarətinə götürülüb. Hazırda faktların dəqiqləşdirilməsi prosesi gedir, əldə etdiyimiz faktlar verilişlərin audio yazıları ilə tutuşdurulur. Faktlar tam dəqiqləşəndən sonra bu məsələ MTRŞ-nın yaxın günlərdə keçiriləcək iclasında müzakirəyə çıxarılacaq”.

Şöbə müdirinin sözlərinə görə, hazırda MTRŞ növbəlilik prinsipi ilə daha bir neçə radiostansiyanın monitorinqini aparır. Monitorinqlər zamanı milli-mənəvi dəyərlərin qorunması və aparıcıların efir mədəniyyəti ilə bağlı faktlar nəzərdən keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922

Oxşar yazılar