Hidayət Orucov: “Dini icmaların qeydiyyat proseduru sadədir”
11 iyun 2009 16:15 (UTC +04:00)

Hidayət Orucov: “Dini icmaların qeydiyyat proseduru sadədir”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Sədrinin yanında Məşvərət Şurasının iclası keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Sədrinin yanında Məşvərət Şurasının iclası keçirilib. Bu barədə Lent.az-a Komitənin mətbuat xidmətindən bildirilib. Məşvərət Şurasının sədri Hidayət Orucov toplantını giriş sözü ilə açaraq ölkədə dini durum haqda məlumat verib. Məşvərət Şurasının gündəliyinə “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş əlavələr və dəyişikliklərin tətbiqi, respublikada dini durum, dini maarifçiliyin gücləndirilməsi və s. məsələlərin müzakirəsi daxil edilib. H.Orucov bildirib ki, Konstitusiyanın 18-ci və 48-ci maddələrindən irəli gələn beynəlxalq hüquq normalarına cavab verən bu qanunun din ictimaiyyətinin sərbəst fəaliyyəti, dövlət-din münasibətlərinin sivil normalar daxilində biçimlənməsi, dinin siyasiləşməsinin qarşısının qətiyyətlə alınması və ən əsası da ölkədə dini durumun, dindarların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyəti çox böyükdür: “Bu gün qanuna edilən əlavə və dəyişikliklərlə bağlı müzakirə olunan ən aktual məsələlərdən biri dini icmaların yenidən qeydiyyata alınması məsələsidir. Sözügedən qanuna edilən əlavə və dəyişikliklərin tələblərinə görə indiyədək qeydiyyatdan keçmiş bütün dini icmalar yenidən dövlət qeydiyyatına alınmaları üçün bu lilin sonunadək Dövlət Komitəsinə müraciət etməlidirlər. Qanuna edilən əlavə və dəyişikliklərə görə dövlət qeydiyyatından keçməyən bütün dini qurumların fəaliyyəti dayandırılmalıdır. Qeydiyyat proseduru və hazırlanmalı olan sənədlər sadədir. Ona görə də dini qurumlar lazımi sənədləri hazırlayaraq qeydiyyatdan keçmək üçün Dövlət Komitəsinə müraciət etməlidirlər”.

Məşvərət Şurasının üzvləri respublikada dini durumun sabit olduğunu qeyd edərək, Azərbaycan dövlətinin din siyasətinin müsbət nəticələr verdiyini vurğulayıb, müxtəlif məsələlərlə bağlı fikirlərini söyləyiblər. İclasda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Semyon İxiilov, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Roma Katolik kilsəsinin Azərbaycandakı ordinatoru Yan Çapla, qeyd ediblər ki, “Dini Etiqad Azadlığı haqqında” qanuna edilən əlavə və dəyişikliklər ölkədə dini etiqad azadlığının təmin olunması, bu sahədə stabilliyin və tolerantlığın qorunub saxlanılması və möhkəmlənməsi yönündə çox mühüm addımdır.

Şura üzvləri bildirdilər ki, Dövlət Komitəsində dini qurumları narahat edən məsələlərin öyrənilməsi, cəmiyyətdə genişlənən maarifçilik işləri, zərərli dini ədəbiyyatın yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər dövlət-din münasibətlərinin tənzimlənməsi və ölkədə dini etiqad azadlığının möhkəmlənməsinə xidmət edir.
Şuranın iclasında cari məsələlər də müzakirə olunub.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 701

Oxşar yazılar