Nazir “2” alanlardan pul yığıldığını təkzib edir
11 iyun 2009 15:30 (UTC +04:00)

Nazir “2” alanlardan pul yığıldığını təkzib edir

Misir Mərdanov: “İmtahanda şagirdlərin aldığı qiymətlərdə heç kəs düzəliş edə bilməz”

“Ümumtəhsil məktəblərinin buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada Təhsil Nazirliyi tərəfindən aparılır. Orada “2” alanın qiymətini heç kəs düzəldə bilməz”.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov IX siniflərdə keçirilən buraxılış imtahanlarında “2” alanlara rüşvət vasitəsilə yuxarı qiymət yazılmasına dair məlumatlara münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, buraxılış imtahanlarının nəticələri bilinən kimi bütün ictimaiyyət, o cümlədən şagirdlər özləri bundan xəbər tutur: “Çünki nəticələr hazır olan kimi qiymətlər nazirliyin internet səhifəsində yerləşdirilir. Ona görə də qiymətlərdə heç kəs düzəliş edə bilməz”.

Nazir bildirib ki, buraxılış siniflərində şagirdlərin illik qiymətlərinin şişirdilməsi halları mümkündür. Belə olan halda təhsil Nazirliyi müvafiq tədbirlər görməyə hazırdır. Onun sözlərinə görə, qaydaları pozan məktəb rəhbərləri və müəllimlər ciddi şəkildə cəzalandırılacaq.

XI siniflər üzrə regionlarda keçirilmiş imtahanların nəticələrinə gəlincə, Misir Mərdanov deyib ki, hələlik qiymətləndirmə tam yekunlaşmayıb: “Mən indiyədək keçirilən imtahanlarda ciddi narahatlıq və narazılıq görmürəm. Əlbəttə, biz nəticələri iyunun 16-da Bakıda keçiriləcək imtahandan sonra elan edəcəyik. Lakin mən bir şeyə sevinirəm ki, ötən ildən fərqli olaraq, artıq ictimaiyyət də, imtahan verənlər və onların valideynləri də bizi düzgün başa düşməyə başlayıblar”.

Nazir onu da vurğulayıb ki, indi Azərbaycan cəmiyyətində təhsil haqqında sənəd almazdan əvvəl müvafiq standartlara uyğun biliyə malik olmağın lazımlığı fikri formalaşır. Onun sözlərinə görə, yalnız biliyi olanlar təhsil haqqında sənəd almalıdırlar və ölkə ictimaiyyəti də artıq bunu qəbul edir: “Bu, məni sevindirir. Çünki ötən il imtahandan kəsildiyinə görə təhsil haqqında sənəd almayanlar narazılıq edirdilər. Bu il isə ötən ilki narazılıqları hələ ki, müşahidə etmirik və mənə belə gəlir ki, görməyəcəyik”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966

Oxşar yazılar