TQDK hər cümə günü brifinq keçirəcək
05 iyun 2009 14:30 (UTC +04:00)

TQDK hər cümə günü brifinq keçirəcək

Məqsəd imtahan prosesinə dair yenilikləri ictimaiyyətin diqqətinə çatdırmaqdır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas məktəblərinə, habelə magistr pilləsinə qəbul imtahanlarının keçirildiyi bir ay ərzində hər həftə jurnalistlər üçün mətbuat konfransı keçirəcək. Hər həftənin cümə günlərində təşkil olunacaq brifinqlərin əsas məqsədi imtahanların gedişi ilə bağlı ictimaiyyəti maarifləndirmək, ortaya çıxacaq suallarla bağlı əhaliyə çatdırmaqdır.

Lent.az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə imtahana hazırlıq prosesinə dair keçirdiyi mətbuat konfransında belə deyib. Komissiya sədri bildirib ki, adətən, imtahan dövründə həm abituriyentlərin və valideynlərin, həm də jurnalistlərin çoxlu sualları yaranır. Ancaq komissiyanın nümayəndələri həmin dövrdə hər kəsin suallarını ayrı-ayrılıqda cavablandırmaq, qaydaları izah etmək imkanı olmur: “Çünki imtahan dövrü o qədər gərgin keçir ki, biz ortaya çıxan sualları cavablandırmaq, hər kəsə istədiyi məlumatı dərhal vermək üçün vaxt tapa bilmirik. Bu səbəbdən hər həftənin cümə günü saat 11.00-da brifinqlər keçirərək qəbul imtahanları ilə bağlı istənilən sualı operativ cavablandıracağıq”.

Məleykə Abbaszadə vurğulayıb ki, rəhbərlik etdiyi qurum təkcə mediaya yox, abituriyentlərə və bütün ictimaiyyətə açıqdır. Belə ki, komissiyanın inzibati binasında əhali ilə işləmək üçün ictimaiyyətlə əlaqələr sektoru fəaliyyət göstərir. Bu sektorun nümayəndələri hər gün növbətçilik sistemi ilə əhalinin və media nümayəndələrinin suallarını cavablandırır, onlara qaranlıq olan məsələləri aydınlaşdırır.

Bundan başqa, TQDK-nın nəzdində iki elektron köşk də fəaliyyət göstərir. Gün ərzində bu məlumat xidmətinə daxil olub, istənilən suala cavab almaq mümkündür. Məleykə Abbaszadə bildirib ki, komissiyanın 141 saylı telefonu vasitəsilə də imtahanlarla bağlı suallara avtomatik cavab almaq mümkün olacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 936

Oxşar yazılar