Moskva Dövlət Universitetinə 75 tələbə qəbul olunacaq
21 may 2009 13:00 (UTC +04:00)

Moskva Dövlət Universitetinə 75 tələbə qəbul olunacaq

Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2009/2010-cu tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edir. Qəbul filologiya (25 yer), tətbiqi riyaziyyat, kimya (25 yer), psixologiya (25 yer) ixtisasları üzrə aparılacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Lent.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşları üçün universitetdə təhsil ödənişsizdir. Universitetin yaratdığı qəbul komissiyası tərəfindən aparılan sınaqlarda yalnız TQDK-nın keçirdiyi test imtahanlarında 400 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilər.

Qəbul sınaqları ixtisaslardan asılı olaraq, rus dili və ədəbiyyatı (yazılı və şifahi), ingilis, fransız və ya alman dili (yazılı), riyaziyyat (yazılı), kimya (yazılı) və biologiya (yazılı) fənləri üzrə aparılacaq. Orta məktəbin Azərbaycan bölməsini rus dili fənni üzrə “əla” qiymətlə bitirən və TQDK-nın keçirdiyi test imtahanlarında 400 bal toplayan abituriyentlər də qəbul sınaqlarında iştirak edə bilər. Bunun üçün namizədlər 2009/2010-cu tədris ili üçün ali məktəblərə keçirilən test imtahanlarında toplanılan ballar haqqında TQDK-nın arayışını, orta təhsil haqqında sənədin əslini, şəxsiyyət vəsiqəsini və 3x4 sm ölçüdə 8 ədəd fotoşəkli iyulun 8-dən 23-dək komissiyaya təqdim etməlidir.

MDU-nun Bakı filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.

Elxan SALAHOV
# 824

Oxşar yazılar