Ali Məhkəmənin yeni binası açılışa hazırdır
08 may 2009 13:00 (UTC +04:00)

Ali Məhkəmənin yeni binası açılışa hazırdır

Beşmərtəbəli inzibati bina tezliklə istifadəyə veriləcək

Azərbaycan Respublikası Ali Məhkəməsi üçün inşa edilmiş klassik üslublu yeni beşmərtəbəli inzibati bina tezliklə istifadəyə veriləcək.

Lent.az-ın məlumatına görə, paytaxtın Xətai rayonu ərazisində 2006-cı ildə təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş binanın memarı Vüqar Həsənovdur. İnşaat işləri isə “Xəzər” Gənclərin Elmi-Texniki yaradıcılıq mərkəzi tərəfindən həyata keçirilib.

Binada mərkəzləşdirilmiş havalandırma, soyutma və isitmə sistemləri, 5 lift quraşdırılıb. Otaqların arakəsməsi şüşədəndir. Binanın 1-ci mərtəbəsində 10-a yaxın böyük və kiçik məhkəmə zalları olacaq, təhlükəsizlik şöbəsi yerləşəcək. 2-ci və 3-cü mərtəbələr sədarət və hakimlər üçün nəzərdə tutulub. Kitabxana, muzey 4-cü mərtəbədə, yeməkxana və texniki otaqlar isə sonuncu mərtəbədə yerləşəcək. İclas zalları audio-video cihazlar, binanın girişi elektron kart sistemi, daimi video müşahidə və avtomat siqnalizasiya sistemi ilə təchiz olunub.

Məhkəmə binası üçün klassik üslub seçilib, bu zaman milli memarlıq elementləri, eləcə də dövlət atributlarının simvolikası nəzərə alınıb. Memarlıq həlli mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən yeni bina Azərbaycan Memarlar İttifaqının “Müstəqillik dövrünün ən yaxşı layihəsi” nominasiyası üzrə müsabiqədə ikinci mükafata layiq görülüb.

Binanın tikintisində azsaylı çinli mütəxəssislərlə yanaşı, ümumilikdə 800-ə yaxın işçi çalışıb. Onlardan 400-ə yaxını binanın tikintisində istifadə olunan materialların hazırlanmasını təmin edib.
# 1148

Oxşar yazılar