Vüsalə Mahirqızı: “APA mənim özümü təsdiqimdir”
16 noyabr 2010 12:00 (UTC +04:00)

Vüsalə Mahirqızı: “APA mənim özümü təsdiqimdir”

“Persona” rubrikasının qonağı “APA Group”un baş direktoru Vüsalə Mahirqızıdır. Onu bu gün seçməyimiz təsadüfi deyildi. Düz 6 il əvvəlin bu günündə Azəri-Press Agentliyinin yayıma başlamasına ciddi hazırlıq görürdülər. Zamanla APA brendi ilə Azərbaycandan kənarda da tanınan bu agentliyin yaranış ildönümündə Vüsalə xanımla həyat yolundan, jurnalist və şirkət rəhbəri kimi fəaliyyətindən, ailə həyatından, dostlarından, arzularından danışdıq…


- Vüsalə xanımı işdə və evdə fərqləndirən hansı xüsusiyyətlər var?

- Harada kompüter varsa, deməli, orda mən işdəyəm. İnformasiyanın vaxtı, saatı, bayramı, bazarı olmur. Qonaqlıqda, maşında yol gedərkən elə bir informasiya olur ki, ona baxmalıyam. Tez-tez olur ki, şəxsi ailə tədbirlərini tərk eləyib, işimin başına dönürəm. APA günün 24 saatı işləyir. Bəzən əməkdaşlar gecə saat 3-4-də zəng edirlər, yuxudan qalxıb nəyəsə baxıram, tapşırıqlar verirəm. Evdə də artıq buna öyrəşiblər. Amma mənim fikrimcə, hər bir insanın yerindən asılı olaraq bir neçə missiyası var. Mən evə getdimsə, orada anayam, həyat yoldaşıyam. O prinsiplərə, üzərimdə olan vəzifəyə, statuslara uyğun da hərəkət etməliyəm. Ata-anam üçün onların qızıyam, qardaş-bacı üçün onların bacısıyam və bu adların mənim üstümə qoyduğu öhdəliklər var. O öhdəlikləri yerinə yetirməliyəm. O insanlar üçün mən anayam, bacıyam, qızam, həyat yoldaşıyam, şirkət rəhbəri, ictimai statusu olan biri yox. Deyə bilmərəm ki, bu vəzifələrin öhdəsindən normal iş rejimi olan xanımlar kimi yerli-yerində gələ bilirəm. Hər halda çalışıram ki, işimlə bərabər elə edim ki, həyatın o üzündə də problem yaranmasın. Sağ olsunlar, evdəkilər mənə dözümlü yanaşırlar. Atam da iş adamıdı, biz onunla yalnız həftədə bir dəfə görüşə bilirik, baxmayaraq ki, evlərimiz bir-birinə çox yaxındır.

- Ümumiyyətlə, APA sizin həyatınızda nələri dəyişib?

- APA mənim həyatımı dəyişdi. İnsanın əziyyətlə yaratdığının uğurunu, bəhrəsini görməsindən ləzzətli nəsə ola bilməz. Kimsə özünə APA-dan, işimdən daha artıq diqqət tələb edəndə deyirəm ki, mənim üçün diqqət baxımından APA ilə müqayisə oluna biləcək varlıq qızımdır. Amma mən qızımı 15 günlük ikən evdə dayəyə təhvil verib, işimin başına döndüm ki, APA-da işlər axsamasın, nüfuza zərər gəlməsin. APA mənim özümü təsdiqimdir. Düzdür, bundan əvvəl başqa media qurumlarında işləmişdim. Məsələn, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru idim. O qəzetin yaradıcısı və ilk baş redaktoru oldum, qəzeti quranda 22 yaşım vardı. Azərbaycanda ilk qəzet idi ki, başlandığı andan gündəlik, həftədə 5 dəfə nəşr olunurdu. Çox çətin bir siyasi mühitdə, siyasi şəraitdə çıxan, dövrünün siyasi konfliktlərinin mərkəzində olan bir qəzet idi. Ona görə də bir neçə ildir ki, “Xalq Cəbhəsi” qəzetindən getmişəm, amma o qəzet hələ də mənim üçün qəzet olaraq əzizdir. Lakin APA mənim üçün tamamilə yeni, həyatımın dəyişdiyi bir mərhələdir. APA-dan sonra mən ailə qurdum, ev-eşik sahibi oldum, cəmiyyətdə tanındım. Ən başlıcası yaxşı bir layihə ortaya qoyduq, özümü təsdiqlədim. Bundan sonra son dərəcədə çoxlu işlər görə, vəzifələr ala, fərqli qurumlarda təmsil oluna bilərəm. Ancaq cəmiyyət məni həmişə APA-nın baş direktoru kimi tanıyıb xatırlayacaq.


- APA-nın ad günlərində ilk təbriki kimdən gözləmisiniz?

- Həmişə ilk təbriki birinci müavinim Nurşən Quliyevdən gözləmişəm, elə ondan da almışam. Evdə həyat yoldaşım, APA-ya gələndə köməkçilərim, qarşıma çıxın işçilərim, evdən çıxıb maşına əyləşəndə sürücüm təbrik edir. Onların hamısının təbriki mənim üçün önəmlidir, ilk gündən yanımda olan insanlardır. Lakin mən həmişə işə gələndə ilk təbriki Nurşəndən almışam və özüm də APA-nın ad günündə Nurşəni və mənə bu işdə dəstək verən digər dostlarımı təbrik edirəm.

- İşdə ciddiliyinizlə fərqlənirsiniz. Maraqlıdır, uşaq vaxtı necə idiniz, dəcəl, yoxsa sakit uşaqlığınız olub?

- Mən sakit, xeyli dərəcədə də üzərinə məsuliyyət düşən uşaq olmuşam. Çünki anam müəllimə olub, həmişə işləyib. Mən də ailənin böyük uşağıyam. Məndən sonra iki bacım və bir qardaşım var. Anam və mən məktəbdə fərqli növbələrdə olmağa, o, işləməyə, mən oxumağa çalışırdım. Çünki birimiz olmayanda digərimiz evə nəzarət etmişik. Ona görə də kiçik bacı-qardaşım mənə bacı-qardaşdan daha çox övlad kimidirlər. Həmişə onların nə isə bir problemləri, işləri olanda mütləq mənim həmin məsələlərə sözüm, münasibətim olmalıdır. Ona görə də məsuliyyəti, öhdəliyi üzərində olan uşaq olmuşam və dəcəllik etməyə imkanım olmayıb. Ümumiyyətlə, xarakterimdə də şıltaqlıq, dəcəllik yoxdur. İndi mən qızıma baxıram, çox şıltaqdır. Məni tanıyanlar da deyirlər ki, bu uşaq qəti şəkildə davranışları ilə sənə oxşamır. Çünki mən çox sakit uşaq idim, daha çox kitab oxumağa vaxt sərf edirdim. Bizimlə eyni yaşda, nəsildə olan insanların uşaqlıq xatirələrinə baxıram, mənim uşaqlığımın onların yanında o qədər də maraqlı keçmədiyini deyə bilərəm. Ciddi intizamı olan müəllim ailəsində böyümüşəm. Nənə-baba, ana, bibilər, əmilər hamısı müəllim. Qrafiklə yaşamaq, kitab oxumaq, dərsdən qaçmağın az qala cinayət elan olunduğu, küçədə oynamağın avaraçılıq sayıldığı bir ailədə böyümüşəm. Kitablara o qədər aludə olmuşdum ki, anam məni çəkindirmək üçün onsuz da ali məktəbə imtahan verməyə aparmayacaqları ilə hədələyirdi. Biz kənddə olurduq, axşam işıqları söndürürdülər. Mən səhər saat 6-7-də qalxırdım. Kənd evlərinin pəncərələrinin qarşısı böyük olur. Pəncərənin qarşısında oturur, pərdəni çəkib, pəncərədən düşən işıqda kitab oxuyurdum. Oxumağa, universitetə qəbul olmağa ciddi marağım vardı. Deyim ki, kənddə yaşayan uşaq kimi əkin-biçinlə, kənd işləri ilə maraqlanmışam, yox. Açıq demək lazımdır ki, bu şeylər həmişə məni özündən itələyib. Həmişə ev işləri görməkdə, uşaqları saxlamaqda anamın köməkçisi olmuşam, o da məcburən. Qalan müddəti də ancaq kitab oxumağa həsr etmişəm. Bizim ailədə oxumamaq ayıb sayılırdı, elə indi də elədi. Ali məktəbə qəbul olunmasan, evdəkilərin rişxəndindən qurtarmaq mümkün deyildi. Mən ali məktəbə qəbul olunanda balacalar qaçıb babamdan gözaydınlığı almaq istəmişdilər. Rəhmətlik çox sakit tərzdə demişdi: “Başqa nə cür olmalıydı ki?”. Uşaqlığımın ən yaxşı xatirəsi babamdı. Mən ilk nəvəsi idim, onunla aramızda bir ayrı bağ var idi, çox ciddi adam idi, zəhmli idi, az danışardı, gülməyini çox təsadüfən görərdik. Nümunəvi həyat yaşayan, bizim bölgədə xüsusi hörməti olan bir ziyalı idi. Ömrünü xəstəliklə başa vurdu, Bakıdan ziyarətinə gedəndə gözlərinin içi gülürdü. Mənimlə heç vaxt uşaq kimi davranmadı, böyük adam kimi danışardı, müzakirə aparardı.

- Oxumaq üçün Bakıya gəldiyiniz zaman şəhər sizdə hansı təəssüratlar yaratdı, nələr fikirləşdiniz?

- Universitetə daxil olana qədər Bakıya bir neçə dəfə gəlmişdim, xalam, bibim, əmim burada yaşayırlar. Kənddə evimizin qarşısında kiçik bir eyvan vardı. İşim olmayanda, sakitlikdə, yaxud bədii kitab oxuyanda eyvanda otururdum. Evimiz magistral yolun kənarında idi. Ordan yola baxıb saatlarla xəyalımda planlar qururdum. O xəyallarda Bakıya gəlmək, məşhur bir adam olmaq istəyi vardı. Mən Bakıya gələndə qərarım bu idi ki, şəhərdə qalacam. Oxuya-oxuya işləməyə başladım. Çünki vaxt yox idi. Elə bir yerdə, mənsəbdə olmaq lazım idi ki, ordakı ailəmi də ardımca gətirə bilim.

İlk dəfə şəhərə gələndə yaşlı bir qadının evində 3-4 gün tək qaldım. Sonra qrup yoldaşlarımdan bir qız mənimlə qaldı. O xanım Neftçala rayonundan idi. İlk 10 gün çox ciddi bir peşmançılığım vardı, hətta bir neçə dəfə ağladım. Çünki ilk dəfə idi ki, evimizdən, anamdan ayrı qalırdım.

Özü də evində qaldığım qadın erməni əsilli imiş. İki qonşu bacı idi, bir-biri ilə fərqli dillərdə danışırdılar. Sonra məlum idi ki, onlar ermənidirlər. Amma mən o evdə heç kimə heç nə demədən 6 ay qaldım. Çünki orada ən ucuz evi onlar verirdilər. İnşaat Universitetinin oğlan tələbələri bu qadının bacısının evində qalırdılar. Onlar dedilər ki, bu insanlar erməni əsillidirlər. Tələbələr bizə dedilər ki, erməni əsilli olduqları üçün heç kim onların evində qalmağa gəlmir, biz iki qız qalmışıq. Mən bilirdim ki, ev dəyişmək anam üçün problem yaradacaq. O vaxt atam Rusiyada idi. Bir müəllimənin maaşı ilə dolanmaq mümkün deyildi. 6 ay belə oldu, birinci semester bitəndən sonra mən qəzetlərlə əməkdaşlıq etməyə və özüm artıq maaş almağa başladım. O vaxt evi dəyişdik, yenə də “İnşaatçılar” metrosunun yanında bir alimin evində kirayədə qalmağa başladıq.

Bakının mənə verdiyi ilk təəssürat bu idi ki, bu şəhər məni udar. Mənə elə gəlirdi ki, böyük şəhərdə itəcəm. Ümumiyyətlə, məndə belə təsəvvür var ki, Bakı sadə insanı çox məmnuniyyətlə uda, əridə bilən bir şəhərdir. İstənilən bir yerə də ilk dəfə gedəndə mənə elə gəlir ki, oradakı insanlar çox böyükdürlər, çox bilirlər. Amma içəri girəndə məlum olur ki, yanılmışam, onlara çox böyük baxmışam. Universitetə ilk dəfə gələndə də “potok”da 50 nəfəri gördüm. Baxmayaraq ki, bu fakültəyə ən yüksək balla qəbul olanlardan biri idim, amma elə bilirdim ki, orada hamı biliklidir, mən bacarmayacağam. Üzərindən 1-2 ay keçəndən sonra məlum oldu ki, yox, onların elə ən biliklilərindən biri mənəm. O müddət ərzində mənə elə gəlirdi ki, şəhər də çox böyükdür, mən burada bacarmayacağam. Yeri gəlmişkən, jurnalistika mənə həm də bu qorxunu yendirdi, bu hissi unutdurdu, məni risklərə öyrətdi.

- İlk qazancınızı, maaşınızı alanda hansı hissləri keçirdiniz?

- Ehtiyac olduğu üçün ilk maaş çox önəmli idi. Atam-anam çatdıra bilmirdilər, evdə məndən başqa 3 uşaq vardı, o biri bacım da universitetə hazırlaşırdı. O illər Azərbaycan üçün ağır illər idi. Belə vəziyyətdə oxuyurdum. Biz jurnalist Rəsul Mirhəşimli ilə bir kursda oxuyurduq. Bir gün Rəsul Mirhəşimli mənə yaxınlaşdı. Dedi ki, görürəm ki, çox çalışqansan, yazı yazmaq istəyirsən, yaza bilirsənmi? “Hə” cavabını verdim. Dedi ki, gəl, səni aparım “Hürriyət” qəzetinə. Mənim bu qəzetdə bir neçə yazım çıxdı. Amma “Hürriyyət”dən heç qonorar ala bilmədim. Sonra “Bakı Universiteti” qəzetinə gəldim və orada işləməyə başladım. İlk qonorarımı oradan aldım. İlk dəfə ev kirayəsini özüm verdim. Çox sevinirdim, çünki tələbəlikdə şəraitimiz ağır idi. Mənim tələbə yoldaşlarım var, mediada da işləyirlər. Bilirlər ki, onlarla müqayisədə geyimim, yaşayışım aşağı səviyyədə idi. Mən bunu heç vaxt etiraf etməkdən utanmıram, əziyyətlə oxumuşam. “Bakı Universiteti”ndə qonorar çox aşağı məbləğ idi, amma bu, mənim üçün çox yaxşı bir məbləğ sayılırdı. Bir müddət sonra “Günaydın” qəzetinə gedib orada işləməyə başladım. Şahvələd Çobanoğlu o vaxt “Günaydın” qəzetini yeni yaratmışdı. O qəzetdə də yazılarım çıxdı. Tələbə idim, əyani oxuyurdum, dərsdən sonra işə gedirdim, bəzən bütün gün ərzində yemək yeməyə belə vaxtım olmurdu. Bu qəzetdə xeyli işlədim, qonorarımın yarısını ala bildim. O vaxt Azərbaycan mətbuatında geniş yayılmış bir üsul idi, maaşları, qonorarları almaq mümkün deyildi. Bu günə qədər yadımdadır, 14 yazımın qonorarını ala bilmədim.

Sonra “Bu gün” qəzetinə gəldim. “Bu gün” o zaman yeni yaranmışdı, çox məşhur, tirajlı bir qəzet idi. Yadımdadır, redaksiyaya daxil olanda “Bu gün”lə bağlı təsəvvürlərim məni qorxutdu. Çox dağınıq, köhnə bir dəhliz ilə gedəndə dərhal qarşımı bir jurnalist qız kəsdi, dedi ki, bura birbaşa girə bilməzsiniz. Birtəhər baş redaktor Nəsib İsmayılovla görüşdüm, bir az söhbət etdik, mənə bir neçə yazı tapşırdı. O yazıları hazırladım və 2 həftədən sonra işə qəbul etdilər. Orda ilk maaşım 70 manat oldu. O, mənim üçün çox böyük rəqəm idi. Çox sevinirdim. Bilirdim ki, bu, Bakıda yaşamağım üçün bəsdir. Əvvəl işlədiyim “Bakı Universiteti” qəzetində maaşım az idi, 28-30 manat idi.

Mən “Bu gün”də artıq atama kömək eləməyə başladım. Hər valideyn övladı üçün əziyyət çəkir. Amma mənim valideynlərim bunu artıqlaması ilə eləyiblər. Bir valideyn övladı üçün nə eləyə bilərsə, mənim ata-anam onun hamısını eləyiblər bizim oxumağımız üçün. Atam ali təhsillidi, universitet diplomu vardı, o vaxt iş tapmaq çox çətin idi. Mənim atam xırda ticarətlə məşğul oldu, bənna işlədi, amma bizim ali təhsil almağımıza şərait yaratdı. Canı, sağlamlığı bahasına hər birimizi sənət, peşə sahibi elədi. Bu, xüsusilə mənə aiddir, çünki o biri bacı-qardaşım oxuyanda artıq mən normal maaş alırdım, ata-anam da normal işdə çalışırdılar.

- Ali məktəbə hazırlaşanda jurnalist olmağı qarşınıza məqsəd qoymuşdunuz, yoxsa o vaxt sadəcə, mətbuatın “tüstü”sü çıxdığı üçün bu sahəyə gəldiniz?

- Əvvəlcədən həvəsim və məqsədim jurnalist olmaq idi. Mən jurnalistikaya heç vaxt tramplin kimi baxmamışam, indi də baxmıram. Hesab edirəm ki, bu sahədə qalmalı, bu sahədə inkişaf etməliyəm. Bəzi insanlar məni çox yaşlı bilirlər. Çünki neçə illərdir ki, onların gözünün qarşısındayam, 17 yaşımdan jurnalist kimi fəaliyyətə başladım. Təbii ki, tez başlamağıma səbəb maddi sıxıntılar oldu. O maddi sıxıntı olmasaydı, bir az gec gələrdim, bir az fərqli yerdən gəlmək olardı. Həyatla mücadilədə jurnalistikanı tapdım. Amma ümumiyyətlə, hədəfim jurnalist olmaq idi. Bundan sonra da özümü əsasən jurnalistikada və bu sahə ilə bağlı yerlərdə görürəm.

- O halda niyə ali məktəbə qəbul zamanı sənədlərinizi jurnalistikaya verməmişdiniz?

- Öncə onu deyim ki, qızları hər zaman jurnalist işləməyə qoymurlar, buna çətin bir iş kimi baxırlar. “Bu gün” qəzetində işlədiyim vaxt baş verən bir olayı da xatırlayıram. O zaman babam, əmilərim çox həyəcanlanmışdılar ki, belə olayın baş verməsi, bir qızın şəkillərinin qalmaqalla bağlı qəzetlərdə çıxması nə deməkdir?! Rayon yerlərində belə məsələlərə çox ağır baxırlar. Atam o zaman dedi ki, qız mənimdir, onun adına gələcək yaxşı və pis söz də mənimdir, mən uşağımın irəliləməsini istəyirəm. İşimə davam etdim.
Mən ali məktəbə qəbul zamanı da jurnalistikaya sənəd vermək istəyirdim. O zaman anam ağıllı bir söz dedi. Dedi ki, həyatdır, sabah ailə qurarsan, səni jurnalist işləməyə qoymazlar, problemlərin çıxar. Onu da bildirdi ki, yaxşı ədəbiyyatçı yaxşı jurnalist işləyə bilir, amma yaxşı jurnalist yaxşı ədəbiyyatçı ola bilmir. Məsləhət gördü ki, ədəbiyyatı seçim, jurnalist olmaq istəyirəmsə, yenə də olaram. Anamın məsləhətini qəbul etdim. Bir də açığını deyim ki, o vaxt jurnalistika fakültəsinin balı filologiyadan yüksək idi. Mən də vaxt itirmək istəmirdim. Ciddi istəyim vardı ki, gəlim, oxuyum. Ona görə də filologiya fakültəsini birinci yazdım. Amma mən filologiya fakültəsinə jurnalistika fakültəsinə lazım olan ən yüksək balla daxil oldum. Yadımdadır, birinci kursda oxuyanda professor Təhsin Mütəllibov müəllimimiz idi. O, ilk dərsdə hamını ayağa qaldırıb balını, hansı fakültəyə daxil olmaq istəyində olduğunu soruşdu. Orada çox az tələbə dedi ki, filologiya fakültəsinə qəbul olmaq istəyib. 50 nəfərlik “potok”da 2-3 nəfər dedi ki, filologiyaya qəbul olmaq istəyib. Təhsin Mütəllibov mənim balımı eşidəndə dedi ki, bəs sən burada nə gəzirsən. Mən dedim ki, filologiyaya daxil olmaq istəyirdim. Təhsim Mütəllibov gülüb dedi ki, bunların hamısının çevikliyi olub, savadı olmayıb, amma sənin savadın olub, çevikliyin olmayıb. Amma mən peşman deyiləm. Yaxşı ki, elə filologiyaya fakültəsinə daxil olmuşam, Azərbaycanın çox böyük ziyalıları müəllimim olub, onların məktəbini keçmişəm. Heç bir sahə insanın sevdiyi iş kimi deyil, mən sevdiyim peşə ilə məşğulam. İnsan sevdiyi işlə məşğul olanda vaxt axır, sevmədiyi işlə baş qatanda isə günlər keçmək bilmir.

- Bu gün bir şirkətin rəhbərisiniz, faktiki iş adamısınız. İş adamı kimi fəaliyyətiniz jurnalist kimi fəaliyyətinizə necə təsir göstərir?

- Mən bəzən deyəndə ki, özümü jurnalistdən daha çox media meneceri hesab edirəm, bəzi adamlar etiraz edirlər ki, niyə elə deyirsən, yaxşı yazı yaza bilirsən axı. Mən yaxşı yazdığımı zamanında sübut etmişəm. Amma həyatımda, hətta Azərbaycan mətbuatında növbəti bir mərhələ APA-dır. Məni daha çox APA-nın baş direktoru kimi tanıyırlar. APA Azərbaycan mediası üçün çox önəmli brenddir. Bu brendi yarada bilmişəmsə, deməli, mən daha çox media meneceriyəm. Brend yaradan adam menecerdir, yaradıcı adam deyil. İndi daha çox ürəyim istəyəndə yazı yazıram. Amma bu da o demək ki, mən 100 faiz yaradıcı adamam və bu gün əsasən yaradıcılıqla məşğul oluram. Yox! Mənim iş müddətində gün ərzində məşğul olduğum bütün işlər demək olar ki, inzibatidir. Yaradıcılıq odur ki, peşəkar jurnalistika ilə məşğul olursan, oturub yazı yazırsan və yazdığın yazıdan da pul qazanırsan. Mən peşəkar jurnalistika deyil, peşəkar inzibatçılıqla məşğulam. Əgər yazı yazdığım yerdə mühasib bank sənədi imzalatdırırsa, kadrlar şöbəsinin müdiri bir arayışa imza qoydurursa, şirkətə daxil olan qurumlardan birinin rəhbəri gəlib deyir ki, filan işi görmək üçün tapşırığınız, təlimatınız lazımdı, bunların arasında yazılan yazı çox texniki bir şeydir. Hətta onların heç bir olmasa, köməkçiyə desəm ki, qapını bağla, mən yazı yazıram, həllini gözləyən problemlər onsuz da beynimi məşğul edir. O məsuliyyətin arasında yazı yazmaq olmur. Digər tərəfdən, bir jurnalistin məsuliyyəti onun yazısı, bir şirkət rəhbərinin məsuliyyəti isə şirkətinin qorunmasıdır. Şirkət rəhbərinin artıq ürəyi istədiyi kimi yazı yazması mümkün olan bir şey deyil. Ona görə də daha çox media menecerliyi ilə məşğulam. Amma bəzən işlərin əhatəsində burada otururam, ürəyimdən bir mövzu keçir ki, onu özüm yazım. Yaxud çox tanınmış adamlardan müsahibə almaq istəyirəm. Bəzən arxa otaqda aparılan müsahibələri eşidirəm. Hətta bir-iki dəfə durub qapının ağzına kimi gəlmişəm, gedim özüm sual verim. Çünki görürəm ki, müsahib nə isə dedi, müxbir o sualı vermədi. Amma təbii ki, bir az özünü yığışdırırsan ki, o, mənim işim deyil, başqasının işinə müdaxilə etmək olmaz.

- Gərgin iş rejimində, şirkət rəhbəri olduğunuz bir vaxtda ailə həyatınızı necə qurdunuz?

- Biz internetdə tanış olmuşuq. Yəni ailə həyatı qurmağımda da APA-nın rolu var. Mənim yoldaşım Türkiyə vətəndaşıdır. Tanış olmuşuq, ailələrimiz də bir-birini tanıyıb, bir yerdə rahat bir həyat sürdürə biləcəyimizə inanmışıq və ailə qurmuşuq. Hesab edirəm ki, bu da insanın üzərində bir öhdəlikdir və bu öhdəliyi də yerinə yetirmək lazımdır.

- O dövrdə jurnalistlərlə söhbət zamanı onlardan biri demişdi ki, Vüsalə xanım Türkiyə vətəndaşı ilə ailə qurur, yəqin ki, Türkiyəyə gedəcək, APA əldən getdi...

- (Gülür). Yox, biz tanış olandan sonra Edip Azərbaycana gəldi, sonra ailələrimiz tanış oldu. Bir-birimizi tanıdıq, dostlaşdıq, 7 ay sonra ailə qurmağa qərar verdik. O vaxt ilk şərtim o oldu ki, mən Azərbaycanda qalacam, burada bəlli bir işim var. Onun da Türkiyədə işi vardı, həkimdir. Dedim ki, Azərbaycana gəlməyi və burada ömürlük yaşamağı qəbul edirsənsə, o zaman bu münasibətləri müzakirə etməyə dəyər, əks halda olmaz. O gəldi. İndi yoldaşım Azərbaycanda yaşayır, oturumu var, xarici ölkə vətəndaşlarına verilən viza ilə yaşayır. Amma bildiyim qədər ailə qurduqdan 5 il sonra Türkiyə vətəndaşlığını qəbul etmək imkanım var. Sadəcə, o haqda düşünmürəm.

- Yoldaşınız necə, Azərbaycan vətəndaşlığını qəbul etmək barədə düşünür?

- Əlbəttə, düşünür.

- Bəs dostunuz, rəfiqələriniz hansı insanlardır?

- Həmişə belə gətirib ki, dostlarım kişilər olublar. Xanımlar arasında çox az rəfiqəm olub. Bilmirəm niyə, xanımlarla mənimki bir az alınmır. Ümumiyyətlə, mənimlə yaxın olmağa çalışan, yaxud mənimlə yaxın olan insanları 2 yerə bölürəm. Birincisi, Vüsaləni tanıyanlar və Vüsalənin yaxınları, ikincisi, APA-nın baş direktorunun yaxınları. Mənim üçün birincilər, Vüsalənin yaxınları önəmlidir. Çünki sabah APA-nın baş direktoru olmayanda ikincilər olmayacaqlar. Mən həyatımda bir-iki dəfə ciddi sınaqlar qarşısında qalmışam və onda bilmişəm ki, Vüsalənin yaxınları kimlərdir. Bəzən deyirlər ki, sən kimisə yaxına buraxırsan. Amma o adamların mənə münasibətini bilirəm, adamlara bunu bəlli etməyə bilərəm. Bilirəm ki, mənim yaxınlarım və APA-nın baş direktorunun yaxınları kimlərdir. Özümə yaxın olan, sınaqlardan keçmiş adamlar çox azdırlar, bir neçə nəfərdirlər. Onların da əksəriyyəti kişilərdir.
Ümumiyyətlə, mənim üçün ev çox məhrəm bir yerdir və evimə çox az adamı buraxıram. Bilirəm ki, mənim və o insanların düşdükləri hər hansı situasiya o insanlarla mənim aramdakı münasibəti, heç bir şeyi dəyişə bilməz. Yalnız o adamlarla süfrə arxasında otururam, yalnız o adamlar mənə çox yaxın, dost olurlar. Mən yalnız o adamların evinə gedirəm. Yüzlərlə, onlarla adam var ki, münasibətimiz var, telefonla danışırıq, görüşürük, bəzən oturub çay içirik. Lakin süfrə arxasında oturub çörək yediyim insanlar 5-6 nəfərdir. Onların da içərisində yalnız bir xanım var.

- Övladınızın gələcəyi ilə bağlı düşüncələriniz necədir? Bəziləri işlədiyi sahənin çətin, ağır olduğunu, övladının başqa, sakit bir sahədə çalışmasını arzuladığını söyləyir. Siz necə, övladınızın jurnalistika, yoxsa başqa sənətə yiyələnməsini istəyirsiniz?

- Mən istəmərəm ki, övladım elə sakit bir yerdə olsun. İndidən çalışıram ki, onu elə böyüdüm ki, mübariz olsun, qarşısına hədəf qoysun, öz istədiklərini etsin, desin. Təbii ki, müəyyən çərçivələrdə olmalıdır. Söhbət insanın başqalarının hüquqlarını, hisslərini tapdamamasından gedir. Amma istəyərəm ki, onun üçün hansı sahə önəmlidirsə, o sahədə də olsun. Mən baxmadım ki, anam müəllimə olmağımı istəyir, jurnalistikaya gəldim və jurnalist oldum. Mən istəyirəm ki, qızım da hansı sahəni istəyir, o sahədə olsun. Jurnalist olarsa, bu, mənim üçün şərəf olar. Jurnalistika sevdiyim bir peşədir və şərəfli bir peşə hesab edirəm. Açığı, jurnalistikadan başqa da özümü heç bir sahədə təsəvvür edə bilmirəm. Bəzən mənə deyirlər ki, səndən icra strukturlarında yaxşı inzibatçı olar, lakin hesab etmirəm ki, mətbuatda olduğum kimi o sahələrdə də yaxşı inzibatçı ola bilərəm. Özüm özümü mediadan başqa bir yerdə görmürəm. Hansısa qurumda təmsil olunmaq mümkün ola bilər. Amma əsas iş, peşə olaraq mediadan başqa özümü heç yerdə görmürəm. İstəyirəm ki, qızım da harada olursa olsun, amma çox sevdiyi işlə məşğul olsun. Mən həyatımda bir dəfə 3 ay, bir dəfə də 1 il sevmədiyim işlə, məmurluqla məşğul olmuşam, indi də yadıma düşəndə elə bilirəm ki, o bir il 10 il olub. O da harada olursa olsun, sevdiyi, ən başlıcası da bacardığı işlə məşğul olsun. İnsan bacardığı işlə məşğul olanda orada uğur qazana bilir. Bacarmadığın işlə məşğul olanda uğur qazanmaq mümkün deyil.

- Yeri gəlmişkən, qarşıdan Qurban bayramı gəlir. Qurban bayramını həmişə hansı hisslərlə qarşılayırsınız?

- Bu bayram münasibəti ilə hər bir müsəlmanı, içərisində Allah, Tanrı istəyi olan hər kəsi təbrik edirəm. Çalışıram ki, Qurban bayramında, bayramdan əvvəl də, sonra da, hər zaman mənə ehtiyacı olan, müraciət edən, xüsusən tanıdığım və çevrəmdə olan insanlara bu və ya digər dərəcədə imkanım daxilində kömək edim. Söhbət tək maddi dəstəkdən deyil, mənəvi dayaq olmaqdan gedir.

- Ümumiyyətlə, Vüsalə xanımın dini dünyagörüşü, dini rituallara münasibəti necədir?

- Dini baxımdan özümü tolerant insan hesab edə bilərəm. Yoldaşım dini ayinlərə əməl edən bir adamdır, orucluqda orucunu tutar, namazını qılar. Gündəlik həyatda dini ayinlərə əməl etməsə də, Ramazan bayramı zamanı həmişə namazını qılır, orucunu tutur, dini ibadətləri sevir, dini verilişlərə baxır. Amma mənim böyüdüyüm ailə heç vaxt xüsusi dindar ailə olmayıb. Babam, nənəm də müəllimə, sovet müəllimi olublar. O vaxtlar da dini qayda-qanunlar xüsusən müəllim ailələrində güclü təbliğ olunmurdu. Mən də xüsusi bir dini mühitdə böyüdüyümü deyə bilmərəm. Bu gün də xüsusi olaraq dini qayda-qanunlarla yaşamıram. Dini qayda-qanunlarla yaşayan adamlara sayğım, amma mən belə yaşadığımı deyə bilməyəcəyəm. Mənim üçün din anlayışı bir az başqadır. Mən dinə daxili bir hiss, şəxsi sevgi kimi baxıram. O mənim özüm üçündü, içimdəki dünyamdı, mən ora heç kimi buraxmıram, onu kiməsə göstərməyə də maraqlı deyiləm. Mənim üçün islam dini ayinləri göstərməli şəkildə yerinə yetirmək, müqəddəs yerlərə getmək, o yerlərdən gələndən sonra da orada olanların hamısını yaddan çıxarmaq, yalnız ön mənafeyi üçün çalışmaq deyil. Mən hesab edirəm ki, insanın daxilində insanlara qarşı sevgi, bir humanizm hissi olmalıdır. Hər kəs dini, inancı bir cür görür. Mən ilahi ədalətə inanıram. Sən kimə nə yaxşılıq bacarırsan, et! Atamın yaxşı bir sözü var. Kim isə ona bir pislik edəndə, ona deyiləndə ki, niyə qarışıqlıq vermirsən, cavabı bu olur ki, o pisliyindən qalmır, mən niyə yaxşılığımdan qalmalıyam? Mənim üçün əsas şüar budur ki, sən yaxşılığını et, bir ilahi ədalət var. O ilahi ədalət nə zamansa sənin etdiyini qarşına çıxaracaq. Yetər ki, bunu səmimi olaraq elə, doğru bildiyin üçün elə. Bunu içindəki din sevgisi ilə, Allahla bazarlıq edərək eləmə.

Mən səbr və şükür etməyi öyrənməyə çalışıram. Azərbaycanda məsəl var, deyirlər ki, ağac bar gətirdikcə başını aşağı əyər. Şükür etmək olanına qane olmaq deyil. Amma olanlar üçün şükür edirsən, qiymətləndirirsən. Daha böyük şeylər qazanmaq istəyirsənsə, bu, başqa şeydir. Təbii ki, insan olaraq başqalarını əzmədən, haqqına toxunmadan daha böyük hədəflərə çatmaq hər bir insanın haqqıdır. Mən bu prinsiplərlə yaşamağa üstünlük verirəm. Xüsusi olaraq heç vaxt oruc tutmamışam, namaz da qılmamışam. Hələ ki, dini ibadətlərə getmək fikrim də yoxdur. Bəlkə nə zamansa mənasını anlayacam, özümü hazır biləcəm, hələlik hazır deyiləm.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1754

Oxşar yazılar