Elşad Abdullayev ABU-nun dərsə gələn tələbələrinin qarşısına çıxmadı - REPORTAJ
15 sentyabr 2010 17:39 (UTC +04:00)

Elşad Abdullayev ABU-nun dərsə gələn tələbələrinin qarşısına çıxmadı - REPORTAJ

Belə ki, bir necə gün əvvəl universitetin giriş qapıların tələbələri sentyabrın 15-də dərsə gəlməyə çağıran elanlar yapışdırılsa da, tələbələr içəri buraxılmayıb.

Lent.az-ın əməkdaşı fəaliyyəti dayandırılmış ABU-nun tələbələrinin ilk dərs gününü necə qarşıladıqlarını izləmək, baş verənləri öyrənmək üçün bu gün yenidən universitetdə olub.

Hər şeyi çox adi, sanki heç nə olmayıbmış kimi görünür. Elə bil haqqında çoxlu söz-söhbətlər gəzən, lisenziyası rəsmən dayandırılan, tələbələrinin bir qismi başqa universitetlərə köçürülən heç ABU deyil. Bütün təhsil müəssisələrində olduğu kimi, bu universitetin də tələbələri ilk dərs gününə səhər tezdən gəlib. Təxminən 250-300 tələbə bir neçə qrupa bölünərək, universitetin geniş həyətində toplaşıb. Tələbələrdən bir qrupu bir-birilərini çoxdan görmürlərmiş kimi hal-əhval tutur, universitetdə baş verənləri öyrənməyə çalışır, başqa bir qrup yüksək səslə gah ABU rəhbərliyinin, gah da Təhsil Nazirliyinin ünvanına etirazlarını bildirirlər.

ABU-da dər(d)s günü

Az sonra məlum olur ki, universitet rəhbərliyi dünən axşam saatlarında təhsil müəssisəsinin mühafizə xidmətinin əməkdaşlarına bu gün tələbələri içəri buraxmamaq tapşırığı verib. Bu isə universitetin çağırışı ilə dərsə gələn tələbələri bir qədər də hiddətləndirib.

Jurnalistika fakültəsinin III kurs tələbəsi Samirə Əliyeva deyir ki, universitetin bağlanması onun təhsilini yarımçıq qoysa da, vəziyyətlə barışmağa məcburdur. Elə bu səbəbdən də o, on gün əvvəl sənədlərini geri almaq üçün valideynləri ilə birgə Biləsuvardan Bakıya gəlib. Lakin universitetdə ona deyiblər ki, Təhsil Nazirliyi ilə danışıqlar aparılır və ABU tezliklə bərpa olunacaq. Bu səbəbdən də tələbələr ilk dərs günü, yəni sentyabrın 15-də dərsə gəlməlidir: “Mən ötən dəfə gələndə müəllimlərimlə də görüşmüşdüm. Onlar da demişdilər ki, sentyabrın 15-də dərsə gəlim. İndi gəlmişəm, amma görürsünüz ki, tələbələri içəri buraxmırlar. Gözləyirik, heç olmasa, universitetin rəhbərliyi tələbələrin qarşısına çıxıb onlara bir söz desinlər”.

ABU-da özünəməxsus tələbə bölgüsü

ABU-nun qarşısında diqqət çəkən məqamlardan biri də baş verənlərə etiraz edən tələbələrin müxtəlif qruplara bölünərək ayrıca, hətta bir-birilərinə qarşı yönələn müzakirələr aparması idi. Bir qədər sonra məlum olur ki, burada tələbələr həqiqətən də bir neçə qrupa bölünüb və hər qrupu öz adı ilə çağırırlar. Belə ki, universitetə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə qəbul olunanlara “test qrupu”, Moskva universitetindən köçürülənlərə “Moskva qrupu”, Dağıstan Dövlət Universitetindən köçürülənlərə isə “Dağıstan qrupu” deyirlər.

ABU-da tələbələrin qeyri-rəsmi qrup bölgüsü arasında biri də var – “aralıq qrupu”. Bu qrupa müxtəlif ali məktəblərdən ABU-ya köçürülən tələbələr aiddir ki, onların hansı universitetdən gəldiyini heç həmin tələbələrin özləri də bilmir. Elə Sumqayıt şəhərindən olan Zülfiyyə Səlimova ABU-ya necə gəldiyindən xəbərsizdir. Beynəlxalq iqtisadi münasibətlər fakültəsində iki il təhsil alan tələbə deyir ki, onu ABU-ya əmisi qəbul etdirib: “Bircə onu bilirəm ki, bütün haqq-hesablar Elşad Abdullayevə çatıb. Əmim 3 il əvvəl onunla danışıb və deyib ki, pulu da, uşağın sənədlərini də gətir. Mən də sənədlərimi vermişəm. Amma hansı universitetə daxil olduğumu, oradan ABU-ya necə köçürüldüyümü nə əmim bilmir, nə də özüm, bunların hamısı universitetdəki kağızlardadır. Bir ildən sonra isə gəlib burada həqiqi təhsil almışam, əyani şöbədə. Hər gün dərsə gəlmişəm, mühazirələrdə iştirak eləmişəm, imtahanları özüm vermişəm və indi III kursda oxumalıyam”.

Rektor gəldi və...

Tələbələrlə söhbətin bu məqamında ətrafda yeni bir canlanma, təşviş yaranır. Məlum olur ki, bu canlanma ABU-nun rektoru Elşad Abdullayevin gəlişi ilə bağlıdır. Rektor avtomobildən düşüb işçilərinin müşayiəti ilə binaya daxil olur. Tələbələr ona yaxınlaşmaq istəsələr də rektor ayaq saxlamır. Bir qədər sonra mühafizə xidmətinin əməkdaşları tələbələrə sakitləşməyi xahiş edirlər və deyirlər ki, rektor tezliklə həyətə düşüb baş verənlər barədə tələbə-müəllim kollektivinə, valideynlərə məlumat verəcək.

Bununla belə, tələbələrə verilən bu vəd də özünü doğrultmadı. Tələbələr onlara verilən vəddən təxminən bir saat sonra rektorla görüşmək üçün bir neçə nəfərlik nümayəndə heyətinin içəri buraxılmasını xahiş ediblər. Mühafizə xidmətinin əməkdaşları 10-15 dəqiqəyə bunun mümkün olacağına söyləsələr də, sonradan qapıları tamamilə bağladılar. Universitet rəhbərliyinin bu davranışlarından qəzəblənən tələbələrdən bir qrupu Təhsil Nazirliyinə üz tutdular.

Xatırladaq ki, Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Səbəb kimi ali məktəbdə tədrisinin təşkilindəki problemlər, qanunsuz tələbə köçürmələri və digər nöqsanlar göstərilir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1684

Oxşar yazılar