Aydan Rüstəmxanlı: “Adımı “Ergenekon” iddianaməsində görəndə sevindim” - MÜSAHİBƏ
14 fevral 2009 16:00 (UTC +04:00)

Aydan Rüstəmxanlı: “Adımı “Ergenekon” iddianaməsində görəndə sevindim” - MÜSAHİBƏ

...Yeni rubrikaya başlamağımız haqda xəbəri oxuculara necə çatdırmaq üstündə baş sındırıram. Bəlkə də “Əziz oxucular, bu gündən yeni rubrikaya başlayırıq” kəlmələrinin zamanı keçməyib. Ancaq, yox axı, zamanı da keçməsə oxucuları çox yorub. Az qalıram ki, rubrikaya girişsiz-zadsız başlayım. Nə isə, kəsəsi, Lent.az-ın təptəzə rubrikasının adı “Onun övladı”dır. Bu rubrika üçün birinci müsahibənin cəmiyyətə tanış olan cütlüyün – Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı və “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının övladlarından götürdük.

Beləliklə, Aydan və Cəmil Rüstəmxanlı Lent.az-ın “Onun övladı” rubrikasında.

Rüstəmxanlı Aydan Sabir qızı. 1995-ci ildə anadan olub. Hazırda Heydər Əliyev adına Müasir Təhsil Kompleksində 9-cu sinifdə təhsil alır. Özünün dediyinə görə, dərslərini yaxşı oxuyur.

- Partiya sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlını sən necə görürsən?

- Məncə, atam elə ən yaxşı atadır. Düzdür, o həm şair, həm millət vəkili, həm də partiya sədridir, ancaq ailəsində çox gözəl atadır. Bizə hər şeyi danışır, başa salır. Onun çoxlu şeirləri, əsərləri var - “Cavad xan”, “Atamın ruhu”, “Göy tanrı”, “Ömür kitabı”. Atam xalqın sevilən şairlərindəndir.

- Sabir bəyin yazdığı əsərlərdən oxumusanmı?

- Bəli, oxumuşam. Düzdür, mən məktəbdən çox gec gəlirəm, vaxtım olmur. Ancaq oxuyuram, çalışıram hamısını oxuyum. 2 yaşımdan atamın şeirlərini əzbərləyirəm. Özüm də şeir yazıram. Kiçik yaşlarımda daha çox yazırdım.

- Şairlikdən sonra bir az da millət vəkilliyi barədə. Ümumiyyətlə, millət vəkili nədir, o nə iş görməli, neyləməlidir?

- Adi insanlara baxanda millət vəkillərinin hüquqları çoxdur, səsləri çatır. Adi insan bir söz deyəndə səsi lazımi yerə çatmır. Ancaq həmin insanın yaşadığı yerdən bir deputat seçilirsə, həmin millət vəkili hər şeyi edə bilir. Mən özüm də Məktəb Parlamentinin üzvüyəm, yəni millət vəkiliyəm. Uşaqların nə problemi varsa bizə deyirlər, biz də onu məktəbin direktoruna, rəhbərliyə deyirik. Millət vəkilləri insanların problemlərini üzə çıxarır, həll yolları axtarır.

- Dediyin mənada atan millət vəkilliyini nə dərəcədə uğurlu yerinə yetirir?

- Məncə atam millət vəkilliyini layiqincə yerinə yetirir. İnsanların problemlərilə də maraqlanır, həll yollarını da axtarır. Həmin məsələləri Milli Məclisdə də qaldırır. Məncə çox qəşəng alınır.

- Bəs Sabir bəyin Dünya Azərbaycanlıları Konqresinin həmsədri kimi fəaliyyətini nə qədər uğurlu saymaq olar?

- Sözün düzü bu barədə o qədər bilmirəm. Ancaq adından da göründüyü kimi bu təşkilat dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıların olduğu yerlərdə onlara lazımi köməkliyi etməkdən ötrüdür.

- Yəqin dünyadakı azərbaycanlıların daha çox hansı ölkələrdə yaşadığını bilirsən...

- Türkiyədə, Rusiyada. Ən çox da Rusiyada.

- Bəs Cənubi Azərbaycan?

- O heç də, Cənubi Azərbaycan öz torpağımızdır, nə qədər “İran” desək də bizim torpaqlardı.

- Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın vəziyyətindən xəbərin varmı?

- Əlbəttə. Orada yaşayanlar çox da şanslı sayılmırlar. Çünki öz dillərində oxuya bilmirlər, danışa bilmirlər, hamısına qadağa qoyulub.

- Atan prezidentliyə namizəd olub. Yəqin onun prezident seçilməsini çox istəyərdin...

- Əlbəttə, hər kəsin arzusudur ki, prezident övladı olsun... (düşünür) Ancaq atam mənim gözümdə prezidentdən də böyükdür. Ona hörmətim çoxdur.

- Bəs ananı - Tənzilə Rüstəmxanlını necə görürsən?

- Anam da gözəl anadır. Ona da çox hörmət edirəm. Mən istəyirəm ki, ana-atamın adına layiq qız olum. Hər addımımı atanda onları fikirləşirəm. Yəni özümdən əvvəl onları fikirləşib addım atıram. Əminəm ki, indiyə qədər də onların adına xələl gətirən heç nə eləməmişəm.

- Təsəvvür edək ki, “Azəri-Türk” Qadınlar Birliyinin sədri anan deyil. Bu təşkilatın adı ilk baxışda sənə nə deyir?

- Qadınlar birliyidir, təşkilatıdır, qadınlarla bağlıdır. Bizdə qadınların işləməyinə, çox da gündəmdə olmağına çox da yaxşı baxmırlar. Məsələn deyirlər ki, qadından lider olmaz. Ancaq mənim anam sübut edib ki, aslanın erkəyi-dişisi olmur.

- Tənzilə xanım deputatlığa namizəd idi, ancaq sonda millət vəkli olmadı...

- Əlbəttə, istəyərdim ki, anam deputat seçilsin. Ancaq seçilmədiyinə görə də bizim ailədən, qohumlarımızdan heç kim buna görə pis olmadı. Yəni pis olmadılar ki, Tənzilə xanım niyə deputat seçilmədi. Seçilmədi, deməli qismət deyilmiş.

- Özün nə vaxtsa deputat olmaq istəyərsən?

- Sözün düzü mənim siyasətdən çox da xoşum gəlmir. Siyasətlə çox da ilgilənmirəm. Mənim marağım daha çox iqtisadiyyatadır. Ailəm istəyir ki, gələn ildən Kıbrısa (Şimali Kipr Türk Cümhuriyyəti – P.A.) gedib təhsilimi orada davam etdirim.

Haşiyə. Aydan iqtisadçı olmaq istəyir, məktəbi qurtaranda ikinci ixtisas qrupu üzrə ali təhsil almaq niyyətindədir. Lakin Tənzilə xanım qızının Beynəlxalq hüquq fakültəsinin tələbəsi kimi görməyi arzulayır: “Bu, mənim fikrimdir. İstəyirəm Aydan hüquqşünas olsun”.

- Atanı, yoxsa ananı daha çox istəyirsən?

- Əlbəttə hər ikisini. Ancaq müqayisə olunanda atamı daha çox istəyirəm. Bunun səbəbi bəlkə də odur ki, anamın işləri çox olduğundan mənə və qardaşıma çox vaxt ayıra bilmir. Ancaq atamın işi çox olsa da daim bizimlə çox maraqlanır. Mən bilən bütün qızlar atasını, bütün oğlanlar da daha çox anasını istəyir.

- Türkiyədə böyük səs-küy yaradan “Ergenekon” işi ilə bağlı iddianamədə sənin də adın var. Bu barədə ilk dəfə kimdən eşitdin?

- İlk dəfə həmin iddianaməni türk saytlarından çıxarıb özümüz də baxdıq. Ancaq bundan əvvəl bizimlə ailəcə dost olan Sevgi Erenerol həbs olunanda eşitdim ki, “Ergenekon” məsələsi var. Bilmirəm, vətəni sevmək günahdırmı? Əgər vətəni sevmək günahdırsa onda “Ergenekon” işinə görə tutulanlar da günahkardır. İddianaməni görəndə – öz adımdan deyirəm – çox şaşırdım ki, orada mənim adım Sevgi Erenerolun dostu olaraq göstərilib. Halubki hələ indi 13 yaşım var. Erenerolgillə gəzməyə çıxan vaxt isə cəmi 11 yaşım olub. Mən Sevgi Erenerolun gözündə qızı kimiyəm. Araşdırmadan mənim yaşda bir uşağın da adı o iddianaməyə salınıbsa, deməli bunlar hamısı quramadır.

- Sevgi Erenerolla birlikdə gəzintiyə çıxdığınızı dedin. Mümkünsə, bu barədə bir az ətraflı məlumat ver.

- 2007-ci ilin yayında, tətil məqsədilə mən, atam, atamın dostları, Sevgi Erenerol Antalyada gəzintiyə çıxmışdıq. Həmin gəzintidə olmağımıza görə hamımızın adını salıblar. Heç həmin gəzinti vaxtı qardaşım Cəmil orada yox idi, ancaq onun da adını iddianaməyə salıblar.

- Adının “Ergenekon” iddianaməsində olması sənə pis təsir etmədi?

- Yox, əksinə, mən çox fəxr edirəm. Fəxr edirəm ki, vətəni çox sevirəm. Atam, anam və onların dostlarının da adı vətəni sevdiyinə görə adları ora düşüb. Bizim başqa günahımız yoxdur ki, orada adımız keçsin.



Müsahibə vaxtı otağa cavan bir oğlan daxil olur. Sən demə bu, Sabir və Tənzil Rüstəmxanlıların oğlu Cəmildir. Məsələ burasındadır ki, mən Cəmil bəyin Azərbaycanda yaşamadığını düşünərək Tənzilə xanımın ofisinə qızı Aydandan müsahibə götürməkdən ötrü getmişdim. Ancaq Cəmilin gəlməyi lap yerinə düşür. Beləliklə, Rüstəmxanlı Cəmil Sabir oğlu. 1987-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Hətta təxminən 2 il müddətində indiki Diasporla İş üzrə Dövlət Komitəsində də çalışıb.

- Hazırda Kıbrısdakı Yaxın Doğu Universitetində diplomat ixtisası üzrə ikinci ali təhsil alıram. Kıbrısda həm də diaspora fəaliyyətilə məşğulam. Kuzey Kıbrıs Türk Cümhuriyyəti Kültür Dərnəyinin sədri professor Fəxrəddin Məmmədov, müavini isə mənəm. Biz müxtəlif tədbirlər keçirik. Sonuncu dəfə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı böyük bir tədbir keçirmişik. İndi 26 fevral Xocalı soyqırımı ilə bağlı böyük yürüş keçirməyi planlaşdırırıq.

- Başqalarından fərqlənən Sabir Rüstəmxanlının oğlu öz yaşıdlarından fərqlənirmi? Fərqlənirsə, nə qədər fərqlənir?

- Deyim ki, mən heç kəsdən nə artığam, nə əskiyəm. Ancaq xoşbəxtçiliyim ondadır ki, atam Sabir Rüstəmxanlı, anam isə Tənzilə Rüstəmxanlıdır. Ən azı mən çox şeyi onlardan götürmüşəm və onların yolunu davam edirəm. Demirəm fərqlənirəm, ancaq bu cəhətdən xoşbəxt bir insanam.

Haşiyə. Rüstəmxanlıların evində yazılmamış xüsusi qanunlar var. Məsələn, Cəmil evə axşam saat 8-dən gec gələ bilməz. Ona bar və bu kimi əyləncə yerlərinə getməməklə bağlı tövsiyələr də verilib. Lakin Tənzilə xanımın dediklərindən belə məlum olur ki, bütün bunlar heç də inzibati üsullarla gerçəkləşdirilmir.

- Aydan xanıma verdiyim sualı sənə də verirəm Cəmil. Atanın prezident seçilməsini istəyərdinmi?

Bu yerdə Tənzilə xanım söhbətə qoşulur: “Bəri başdan deyim ki, Cəmil İlham Əliyevçidir”.

Cəmil: Vallah şəffaf bir seçki oldu. Atam da prezident ola bilərdi. Ancaq şəxsən mən İlham Əliyevin siyasətini dəstəkləyirəm. Xüsusən də gənclərə xüsusi əhəmiyyət verdiyinə görə. Bəzən atamla bu kimi mövzularda müzakirələr edirik. Sağ olsun ki, mənim fikrimə hörmətlə yanaşır.

- Vətəndaş Həmrəyliyi Partiyasının Azərbaycandakı partiyalar arasında necə görürsən, digər siyasi təşkilatlardan nə ilə fərqləndirmək olur?

- Hər kəsin bir səhvi olur... Atamın da yanlışlığı olanda özünə deyirəm. Vətəndaş Həmrəyliyi Partiyasının adından da görünür ki, məqsədi insanlar arasında həmrəylik yaratmaqdır. Başqa müxalifət partiyalarına baxanda VHP qat-qat millətçi partiyadır

- Deməli VHP-ni müxalifət partiyası sayırsan?

- Yox. Bilirsiz, bəzi mövqeləri var ki, müxalifətdir. Ancaq ümumilikdə nə müxalifət, nə də iqtidar partiyasıdır, xalqın partiyasıdır. Atam olmasına görə demirəm, ancaq Sabir bəy həmişə sözünü çəkinmədən deyib – istər iqtidara, istərsə də müxalifətə.

- Sabir Rüstəmxanlı DAK-ın həmsədri olaraq nə qədər uğur qazanıb?

- Mən DAK-ın 3 qurultayında iştirak eləmişəm, yəni proseslərdən xəbərim var. Sabir bəyə qədər DAK-ın heç bir sədri İrana qarşı öz səsini yüksəltməyib. Hələ indiyədək DAK-ın heç bir rəhbərinə ölüm fitvası verilməyib. Təxminən 15 ildir DAK yaradılıb, ancaq heç bir xarici ölkə parlamentində görüşlər keçirilməyib. Desəm bəlkə də bir az başqa cür çıxar, ancaq Sabir bəy bizə ayırmalı olduğu vaxtdan da kəsib o işlərlə məşğul olur. Məsələn, fevralın 9-u mənim ad günüm idi Ancaq həmin gün Sabir bəy DAK həmsədri kimi Avstraliyadaydı, görüşlər keçirirdi.

Söhbətin bu yerində bir sual da Aydana verirəm:

- Nardaranda Sabir Rüstəmxanlının ölümünə fitva çıxarıldı, başına pul qoyulduğu elan olundu, dedilər cangüdənlərinin sayını artır. Bu barədə nə vaxt eşitdin?

- Elə o söz deyilən gün eşitdim. Evə gəldim, gördüm evdə heç kim yoxdur. Anam gəlib danışdı. Əvvəlcə qorxmuşdum. Ancaq sonra narahatçılığım keçdi. Çünki vətəni sevdiyinə görə kiməsə nəsə etmək mümkün deyil. Mən əmin idim ki, atama heç kim heç nə edə bilməz. Çünki onun ölməyini istəyənlərin sayı yaşamağını istəyənlərdən daha azdır. Məncə atamın əlavə cangüdənə də ehtiyacı yoxdur. Onlar məqsədlərinə çata bilmədilər. Məqsədləri yəqin ki, atamı öldürmək idi. İran haqda fikirlərini açıqladığına görə...

Mövzunu Cəmil davam etdir:

- Hamı bilir ki, bu, İran tərəfdən gələn bir şeydir. Bir müddət əvvəl Sabir bəy İranın dini rəhbəri Xomneyiyə açıq məktub yazmışdı. Ondan sonra bizə bir basqı gəldi. Qaldı ki, Hacı Əli Hüseynov, ya başqası, onlar sıravi insanlardır. Onlar xarici qüvvələr tərəfindən yönləndirilən şəxslərdir.

- İranın “əli”nin Nardaran boyda kiçik bir qəsəbəyə daxil olması necə mümkün olur?

- Mənim Nardaran camaatına çox böyük hörmətim var. Həmin qəsəbədə o qədər olmuşam ki. Orada dostlarımın bağları var, gedib-gəlmişəm. Amma orada 3-4 şəxs var ki, onlar İran tərəfindən yönləndirilir. Nardaran dinə çox əhəmiyyət verən yerdir. Ona görə də İran din adı ilə oranın əhalisindən istifadə edir. Orada bir-iki nəfərin söylədiyi ifadə bütöv Nardaran əhalisinin fikri deyil. Fitva məsələsi olanda mən Kıbrısdaydım, xəbəri Lent.az-da oxudum.

Cəmil qəfil gəldiyindən onunla əməlli-başlı tanış ola bilməmişdik. Bu səbəbdən də o hansı KİV-i təmsil etdiyim bilmirdi. Lent.az-dan olduğumu dedim və söhbəti yekunlaşdırdıq...

Sonda hamılıqla bir yerdə şəkillərini çəkirəm. Tənzilə xanım övladlarına “gəlin quzularım” deyərək onların birini sağ, o birini sol tərəfində əyləşdirir. Deyir bu iki balam mənim ən qiymətli sərvətimdir...


Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8524

Oxşar yazılar