Müşviq Əmirov: “Əslində 22 iyul bütün peşə işçilərinin bayramıdır” - MÜSAHİBƏ
20 iyul 2010 17:30 (UTC +04:00)

Müşviq Əmirov: “Əslində 22 iyul bütün peşə işçilərinin bayramıdır” - MÜSAHİBƏ

“Qaynar xətt”ə daxil olan müraciətlər hər gün cənab nazirə məruzə olunur və operativ tədbirlər görülür”

Rabitə və İnformasiyaları Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətinin rəhbəri Müşviq Əmirovun Lent.az-a müsahibəsi

- 135-ci ilinin tamamında Azərbaycan Milli Mətbuatının indiki durumunu necə qiymətləndirirsiniz?

- 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşrə başlaması ilə böyük maarifçi, naşir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan milli mətbuatı ölkəmizdə həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olub. XIX əsrin sonu - XX əsrin əvvəlində milli azadlıq ideyalarının, milli şüurun, mədəniyyətin, maarifçiliyin inkişafında Azərbaycan mətbuatının rolu danılmazdır. İctimai fikrin digər ifadə vasitələrinin kifayət qədər inkişaf etmədiyi bir zamanda mətbuat qabaqcıl ideyaları cəsarətlə təbliğ edib, xalqın geniş dairələrini düşündürən, zehnini məşğul edən problemləri diqqət mərkəzinə gətirib, ictimaiyyətin müzakirəsinə çıxarıb. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında və zənginləşməsində, Azərbaycan ədəbi dilinin inkişafında milli mətbuat müstəsna xidmətlər göstərib.

Azərbaycan Respublikasının müstəqillik qazandığı və suveren dövlət quruculuğu prosesini yaşadığı müasir dövrdə kütləvi informasiya vasitələri, o cümlədən milli mətbuatımızın qarşısında tamamilə yeni vəzifələr durur. Bu gün mətbuat müstəqil dövlət, sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynamalıdır. Hazırda ölkəmizdə həyata keçirilən bütün bu proseslərin mətbuatın, kütləvi informasiya vasitələrinin iştirakı olmadan reallaşdırılması təsəvvür edilə bilməz.

Azərbaycanda demokratik, plüralist mətbuatın formalaşmasından, onun hüquqi normativ bazasının yaradılmasından, azad sözün, fikir və məlumat azadlığının təmin edilməsindən danışarkən ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini ayrıca qeyd etmək lazımdır. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ və prinsipial müdaxilə - bütün bunlar Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır.

Bu gün dövlət-mətbuat münasibətlərində Heydər Əliyevin siyasətini və ənənələrini davam etdirərək, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən mətbuatın fəaliyyətinə normal şərait yaradılması, onun cəmiyyət həyatına təsirinin, demokratikləşmə proseslərində rolunun təmin edilməsi və artırılması, vətəndaşların və jurnalistlərin informasiya almaq hüququnun tam reallaşdırılması üçün ardıcıl tədbirlər görülür. Qloballaşma və informasiya əsrində bütün dövlət orqanlarının fəaliyyətində professionallıqla yanaşı, şəffaflıq prinsiplərinin də tətbiq olunmasını təmin etmək zərurəti yaranır, onların ictimaiyyətlə əlaqələrinin fəallaşdırılması üçün təsirli tədbirlər görülür. İndiki şəraitdə dövlət qurumları qarşısında KİV-lə normal, işgüzar münasibətlərin qurulması, jurnalistlərin informasiya almaq hüquqlarına hörmətlə yanaşılması, mətbuatla hərtərəfli əməkdaşlıq edilməsi vəzifəsi qoyulub. Bundan başqa, mətbuatın müstəqilliyinin, maddi bazasının, maliyyə təminatının möhkəmləndirilməsində, jurnalistlərin peşəkarlıq səviyyəsinin, jurnalist nüfuzunun yüksəldilməsində dövlətin maraqlı olduğu bəyan edilir və bunun üçün konkret tədbirlər görülür.

- Milli Mətbuat Günü jurnalistlər üçün bayramdır. Siz bu günü özünüz üçün bayram sayırsınızmı?

- 15 ilə yaxındır mətbuatla, ictimaiyyətlə işləyirəm. Ona görə də bu gün elə hər birimizin bayramıdır. Hətta deyərdim ki, 22 iyul bütün başqa peşə işçilərinin də bayramıdır. Çünki indi elə bir adam tapmaq olmaz ki, mətbuatla bu və ya digər formada əlaqəsi olmasın. Ən azı qəzet oxumaq baxımından. Mən 15 il ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri kimi mətbuatla sıx əlaqəsi olan şəxs kimi bu günü özümüzün başlıca bayramlarımızdan biri kimi qəbul edirəm. Və sizlərin hamınızı bu doğma bayram münasibətilə təbrik edirəm.

- Təbrikə görə təşəkkür edirəm. Siz adətən 22 iyulda yalnız təbrik edirsiz, yoxsa Sizi də təbrik edirlər?

- Biz daim mətbuat işçilərilə ünsiyyətdə oluruq: informasiya almaqdan ötrü zənglər, görüşlər olur. Son günlərdə həmin ünsiyyətlər zamanı “salam”dan sonra ilk kəlmə “bayramınızı təbrik edirəm” olur. Yəni, təbriklər də qəbul edirəm.

- Bəs nazirliyin daxilində necə, mətbuat işçiləri təbrik olunubmu?

- Nazirliyin daxilində bu təbriklər yüksək səviyyədə oldu. Cənab nazir Əli Abbasov bizi – nazirliyin mətbuat işçilərini şəxsən qəbul etdi. O, nazirliyin “Rabitə dünyası” qəzetinin dörd nəfər əməkdaşını fəxri fərmanla təltif etdi. Həmçinin, kollektivin problemləri, qarşılarına çıxan çətinliklərilə maraqlandı, onların həlli üçün lazımi göstərişlərini verdi. O, mətbuat xidmətinin və qəzetin işini yüksək qiymətləndirdi.

- Mətbuatla işləyirsiz. Bəs mətbuatla probleminiz olmur?

- Sözün düzü, bayram ərəfəsində belə şeylərdən danışıb yaxşı əhval-ruhiyyəyə kölgə salmaq istəməzdim. Ancaq bir şeyi deyəcəm. Onsuz da indi haqqında danışacaqlarım mətbuata əlaqəsi olmayan adamlarla bağlıdır. Bir də görürsən biri gəlib... Məsələn, elə bu yaxınlarda bir nəfər gəlmişdi. Aşağıdan zəng vurub dedilər ki, filan qəzetdən gəliblər. Mən istər mətbuat, istərsə də ictimaiyyət nümayəndəsi olsun, gələni qapıda qoymuram, qəbul edirəm. Həmin şəxsi də qəbul elədim. Gördüm bir bazbrutlu, kostyum geyib qalstuk vurmuş, əlində iri bir çanta tutmuş bir şəxsdir. Kənardan baxanda nə isə çox hörmətli bir adama oxşayırdı. İçəri girəndə istər-istəməz yerimdən qalxdım. Gəlib əyləşdi. Özünü təqdim edib dedi ki, filan qəzetin müxbiriyəm, mən poçt sahəsinin inkişafı ilə bağlı yazı yazmaq istəyirəm. Dedim nə olar, yazın. Zəng vurdum poçt sahəsilə əlaqəli şöbə müdirinə, ondan xahiş etdim ki, müxbirin suallarını cavablandırsın. Üstündən 15 dəqiqə keçmiş həmin şöbə müdiri zəng vurub deyir ki, bu adam kimdi, hardan gəlib? Soruşdum nə olub? Məsələni danışdı. Sən demə “müxbir” girib şöbə müdirinin otağına, ona deyib ki, “toya tələsirəm, 50 manat ver, sonra gəlib müsahibə də götürərəm”. Demək istəyirəm ki, mətbuat adına ölkədə belə adamlar, hallar da var. Bu gün Mətbuat Şurasının səyi nəticəsində belə halların sayı azalıb. Ancaq yenə var.
Əslində biz mətbuatla işləməkdə çox maraqlıyıq. Bu gün Rabitə və İnformasiya Nazirliyinin məhz mətbuat xidmətindən “qaynar xətt” fəaliyyət göstərir. Ora həm mətbuat, həm də ictimaiyyət nümayəndələri müraciət edə bilər. Bu gün həmin “qaynar xətt”ə çoxlu müraciətlər daxil olur, bu müraciətlərlə bağlı hər gün cənab nazirə məruzə olunur və daxil olan müraciətləri operativ olaraq həmin an həll edirik. Həll olunmayan məsələ barədə dərhal cənab nazirin özünə məlumat veririk.

- Müşviq müəllim, ölkədəki hazırkı ictimai-siyasi durumu necə qiymətləndirirsiniz?

- Azərbaycanda oturuşmuş bir sabitlik hökm sürür. Artıq ölkə nəinki regionda, bütün dünyada öz sözünü deyən bir dövlətə çevrilib. Ölkəmizin inkişafı hər birimizin ürəyini fərəhləndirir.

- Bir qarabağlı kimi Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi barədə nə deyə bilərsiz? Sizcə, problemin həlli çoxmu uzaqdadır?

- Yox, uzaqda deyil. Möhtərəm Prezidentimizin apardığı bu sülh siyasəti torpaqlarımızın alınacağı günün uzaqda olmadığını göstərir. Artıq hiss edilir ki, yaxın vaxtlarda doğma Qarabağımıza qayıdacağıq.

Pərvin Abbasov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886

Oxşar yazılar