Əflatun Amaşov: “Azərbaycan mətbuatı üzərinə düşən missiyanı yerinə yetirib” - MÜSAHİBƏ
20 iyul 2010 10:00 (UTC +04:00)

Əflatun Amaşov: “Azərbaycan mətbuatı üzərinə düşən missiyanı yerinə yetirib” - MÜSAHİBƏ

“Mətbuatımızda əməyi ən yüksək səviyyədə qiymətləndirilməyə layiq olanlarımız çoxdur. O dəqər alicənabdırlar ki, əksəriyyətinin səsi də çıxmır. Hər gün oturub düşünürsən: görəsən, kimsə kənarda qalmayıb ki…”

Azərbaycan milli mətbuatının 135 yaşı tamam olur. Bir neçə gündən sonra ölkə ictimaiyyəti bu əlamətdar tarixi qeyd edəcək. Hadisəyə dövlət səviyyəsində yanaşılması, Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq bölgələrdə də tematik konfransların təşkili yubileyə hazırlığın ümumrespublika miqyasında aparıldığını söyləməyə əsas verir. APA-nın suallarını cavablandıran Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bütün bunları vurğulayaraq, görülən işlərin jurnalistikanın cəmiyyətdəki nüfuzunun yüksəldilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını bildirib.

- Yubiley tədbirlərinə ötən ayın sonlarında Yevlaxdan başlanıldı. İyulun ilk ongünlüyündə Zərdab, Gəncə və Şəki «Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər» mövzusunda silsilə konfranslara ev sahibliyi etdi. Rayonlardakı tədbirlərimiz Lənkəran və Xaçmazda yubiley mərasimləri ilə başa çatdı. Toplantılar ölkənin demək olar ki, bütün rayonlarını əhatə etdi. Hər tədbirdə yüzdən artıq iştirakçı var idi. Yüksək ab-hava hiss olunurdu, dəyərli təklif və təşəbbüslər səslənirdi.

Konfranslardan gəldiyim nəticə isə bundan ibarətdir ki, əvvəla bölgələrdə bacarıqlı, öz işinə vicdanla yanaşan jurnalist kadrlar var, onların istər bilik, təcrübə və yaradıcılıqları, istərsə də keçdikləri həyat yolu gələcək nəslin fəaliyyəti üçün mənəvi stimul rolunu oynaya bilər. Bu insanlar həqiqətən də peşələrinin fədakarlarıdır.

İkincisi, Mətbuat Şurası müxtəlif vaxtlarda bölgələrin kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə paytaxtdakı media qurumlarının rəhbərlərini bir araya gətirib. Onların yerli dövlət və hakimiyyət orqanlarının nümayəndələri ilə dialoqları, mükalimələri və qarşılıqlı müzakirələri baş tutub, digər müəyyən məqsədyönlü işlər də görülüb. Bunlar öz yerində, amma görünən budur ki, region həyatı belə mərasimlərə, sırf media ilə bağlı yığıncaqlara ehtiyac duyur və bu tələbat ödənilməlidir.

Təvazökarlıqdan uzaq olmasın, Mətbuat Şurasının fəaliyyəti, xüsusən də «reket jurnalistika»ya qarşı mübarizəsi bölgələrdə yüksək qiymətləndirilir. Demək olar, bütün çıxışlarda bu məqama diqqət yetirilirdi. Təbii ki, ictimaiyyətin belə dəstək verməsi bizə əlavə ruh yüksəkliyi verir.

Növbəti spesifik cəhət gözləntilərlə bağlıdır. Bölgələrimizdə fəaliyyət göstərən jurnalistlər dövlət qayğısına daha çox ehtiyac duyurlar. Burada söhbət təkcə maddi amillərdən getmir. Çoxillik əməklərinin hansısa formada qiymətləndirilməsini, həssas münasibət umurlar. Konfranslar Mətbuat Şurası üçün həm də ona görə önəmli oldu ki, həmin insanların əksəriyyətini bir daha gördük, bəziləri ilə üzbəüz tanış olduq. Prezident Administrasiyasına mükafatlandırma üçün təqdim etdiyimiz siyahıda əsasən məhz bu şəxslərin adları yer alıb. Hər birinə uğurlar arzulayıram. İnanıram ki, zəhmətlərinin bəhrəsini görəcəklər, buna layiqdirlər.

- Əflatun müəllim, ötən 135 il Azərbaycan mətbuatına nə verdi? Bir çox dünya dövlətlərində olduğu kimi, mətbuat ictimai-siyasi fikir tarixində üzərinə düşən missiyanı yerinə yetirə bildimi? Bu baxımdan xarici ölkələrin mediası ilə hər hansı paralellər aparmaq mümkündürmü?

- Sualınız kifayət qədər çoxcəhətlidir. Öncə ondan başlayım ki, ötən 135 il Azərbaycan mətbuatı yüksək zirvəyə doğru məsafəni iti sürətlə qət edib. O dövrün sənədlərinə diqqət yetirdikdə, düşünürsən: 1875-ci ildə ilk mətbu nəşrin fəaliyyətə başlaması hansı obyektiv reallıqdan irəli gəlirdi? Maraqlıdır ki, hadisəni şəraitin, vəziyyətin məhsulu kimi dəyərləndirmək həm olur, həm də olmur. Doğrudan da XIX əsr Azərbaycan xalqı üçün kəşməkəşli, əzablı tarixi mərhələni təşkil edib və tarix göstərir ki, belə anlarda millətin özünüdərkində qığılcımların yaranması qaçılmazdır. Digər məqam Həsən bəy Zərdabi şəxsiyyəti ilə bağlıdır. Bu adam “Əkinçi”ni, demək olar, təkbaşına buraxıb. Hər cür əzab-əziyyətlərə və məhrumiyyətlərə qatlaşıb. Fikrim subyektiv görünə bilər, amma nəşrin tarixi zərurətlə yanaşı, daha çox Zərdabi fədakarlığının, Vətəninə və torpağına bağlılığının, onun insanına olan hədsiz sevgisinin məhsulu olduğu qənaətindəyəm.

“Əkinçi” qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, ictimai faktor rolunu oynaya bildi. Özündən sonrakı mətbu vasitələr üçün cığır yaratdı. Qəzetin mövzu dairəsi, toxunduğu məsələlər o zamankı Azərbaycan cəmiyyətinin ictimai şüurunda tam yeni bir səhifəni açdı. Həsən bəyin yandırdığı ziya məşəlinin ətrafına dövrünün saf məsləkli insanları toplaşdı və «Əkinçi» təşkilatçılığı, fədakarlığı, parlaq istedadı ilə seçilənlər üçün ilkin jurnalistika məktəbi oldu. Bu, qəzetin cəmiyyətdə jurnalistika ənənələrinin formalaşmasına, söz sənətinin tərəqqisinə misilsiz töhfəsi idi. “Əkinçi” məktəbinin müdavimləri intibah dövrü adlandırılan XX əsrin əvvəllərində “Kaspi”, “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin”, “Zənbur” kimi indinin özündə də heyrət doğuran qəzet və jurnalları ərsəyə gətirdilər. Bu nəşrlərin rəhbərləri bir qayda olaraq uğurlarının «Əkinçi» ənənələrindən qaynaqlandığını vurğulayırdılar.

Çar Rusiyasının son çağlarında mətbuat Azərbaycan ictimai şüurunda bir növ katalizator rolunu oynadı. Bu rol çarizmin süqutundan sonrakı mərhələnin son nəticə etibarilə Azərbaycanın müstəqilliyinə qədər uzanmasının təminatına dəstək baxımından həlledici idi. «Əkinçi» ənənələrindən qaynaqlanan mətbuat dövrün görkəmli ziyalılarının, ideoloqlarının istiqlal ideyasının carçısına çevrildi. Cəmi 43 il ərzində belə bir missiyanın daşıyıcısı olmaq təbii ki, böyük uğur idi.

Dövrün görkəmli ziyalılarından - Əlimərdan bəy Topçubaşovun, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Məmmədəmin Rəsulzadənin, Ömər Faiq Nemanzadənin, Üzeyir, Ceyhun Hacıbəyli qardaşlarının və başqalarının söz, mətbuat və ifadə azadlığı ilə bağlı ideyalarının 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətində reallaşdırılması «Azərbaycan» qəzeti kimi kamil sənətkarlıq nümunəsinin nəşrə başlamasına gətirdi. Xalq Cümhuriyyəti dövrünün senzurasız iki ilində müstəqil yazıb-yaratma imkanları əldə edən jurnalistlər sonralar bu hüququn bərpası üçün 78 il gözləməli oldular.

1920-ci ilin 28 aprelindən mətbuatın sərt qadağalar, açıq fikrə, obyektiv mövqeyə görə təzyiq və təqiblərlə özünü büruzə verən mərhələsi başlandı və bu dönəm totalitar sovet rejiminin mahiyyətindən irəli gələn yaşantılarla xarakterizə olundu. Fəqət bu dövrü mediamızın durğunluq dövrü saymaq da düz deyil. Həmin mərhələdə də həqiqətləri olduğu kimi yazmağa meylli gənclərin yeni nəsli yetişməkdə idi. Onlar xalqımızın azadlıq mücadiləsinin ön sıralarında dayandılar, ərazi bütövlüyümüz uğrunda canlarını əsirgəmədilər, müstəqil nəşrlərimizin yaradılmasında cəsarət və istedad nümunəsi göstərdilər.

Əslində mətbuatımızın 1988-ci ildən 1991-ci ilə qədərki dövrü, yəni meydan hərəkatından müstəqilliyədək olan müddət də ayrıca öyrənilməli və araşdırılmalıdır. Həm də ona görə ki, mətbuatımız XX əsrin əvvəllərində olduğu kimi, əsrin sonlarına doğru da demək olar, eyni missiyanı yerinə yetirmiş, Azərbaycanın dövlət müstəqilliyinin ideya daşıyıcısı rolunu oynamışdı.

Azərbaycanda 1993-cü ildən bəri media sahəsində həyata keçirilən dövlət siyasəti mahiyyətcə mətbuatın saflığının qorunmasına, jurnalistikamızın mütərəqqi ənənələrinin bərqərar olmasına yönəlib. Medianın müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsi kimi tədbirlər nəticə etibarilə bu niyyətin reallaşmasını nəzərdə tutdu. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mövcud siyasət ilbəil yeni çalarlarla zənginləşdirilməkdə, yüksək keyfiyyət dəyişkənliyi mərhələsini yaşamaqdadır.

Sualınızın ikinci tərəfinə gəldikdə deyim ki, oxşar proseslər dünyanın bir çox yerlərində müşahidə olunub və müqayisəli yanaşsaq, Azərbaycan mətbuatının ölkənin ictimai fikir tarixində üzərinə düşən missiyanı yerinə yetirdiyini söyləmək mümkündür. Bu missiya daha çox maarifpərvərliyi ilə yadda qalıb. Tarixə nəzər salsaq, medianın daha geniş miqyaslı ictimai-siyasi olaylarda bilavasitə iştirakçı olmasına və konkret məqsədə hesablanmış missiya yerinə yetirməsinə dair kifayət qədər maraqlı faktlar var. Məsələn, Fransa-Prussiya müharibəsi kimi tarixi hadisədə mətbuatın rolu Fransanın ilk olaraq hücuma keçməsinin təhrikinə yönəlmişdi ki, bu da Bismark diplomatiyasının qələbəsi idi. Azərbaycan mətbuatı isə xaraktercə qatı siyasi hadisələrin, avantüraların episentrində olmayıb. Ümumən götürdükdə, belə oyunlardan uzaq durub. Mətbuatımız daha çox bəşəri səciyyə daşıyıb, özündə böyük siyasi proseslərdə birbaşa xalqın mənafeyini müdafiə edən potensialı birləşdirib. Mən bu cür paralel aparardım.

- Sizcə, mətbuatımız 135 illik yubileyini hansı xarakterik xüsusiyyətlərlə qarşılayır. Konkret dəyərləndirmə aparmaq mümkündürmü?

- Əvvəl problem, çətinlik və bizi narahat edən digər cəhətlərdən başlayım. Azərbaycan mətbuatının iqtisadi bazası zəifdir. KİV-lərdə əmək haqqının səviyyəsi aşağıdır. Jurnalistlərin sosial vəziyyətləri ürəkaçan deyil. Bir çoxu ağır mənzil-məişət qayğıları içərisindədir. Media təmsilçilərinin sırf yaradıcılıq nöqteyi-nəzərdən də problemləri var. Jurnalistikada peşəkarlıq çatışmır, hadisə və proseslərə yanaşmada yeknəsəqlik duyulur. «Reket jurnalistika» adlı bir kabus hələ də mətbuatımızın başı üzərindədir və jurnalistikamızın təmiz adını, saf simasını daim təhdid içərisində saxlayır. Jurnalistin yazdığı yazıya görə azadlıqdan məhrum edilməsi məsələsi hüquqi əhəmiyyətini saxlayır. Bunlar barədə indiyədək çox danışılıb və əslində yeni bir söz söyləmək də mümkünsüzdür. İndi əl-ələ verib mövcud çətinlikləri aradan qaldırmağın zamanıdır. Bunun dərk edilməsini və mövcud istiqamətdə tədbirlərin həyata keçirilməsini müsbət tendensiya kimi dəyərləndirirəm.

Azərbaycanda KİV-ə davamlı, məqsədyönlü yardım mexanizmi mövcuddur və həyata keçiriləcək tədbirlər vahid sənəddə - «Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»ında əksini tapıb. Konsepsiyada dövlət dəstəyinin forma və prinsipləri, ehtiva etdiyi konkret istiqamətlər çox dəqiq göstərilib. Hazırda qarşıda duran vəzifə sənədə uyğun hərəkət etməkdir. Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu məhz bunun üçün formalaşdırılıb. Fond jurnalist təşkilatları və KİV-lər üçün müxtəlif mövzulara dair layihə müsabiqələri elan edir, qalibləri müəyyənləşdirir və onlara məqsədyönlü yardımlar - qrantlar ayırır. Həmçinin il ərzində bir neçə dəfə fərdi jurnalist yazıları müsabiqəsi də keçirir ki, nəticədə onlarla media təmsilçisi redaksiyadan aldığı əmək haqqından başqa əlavə gəlir qazanmaq imkanına malik olur. Təbii ki, bu, jurnalist əməyinin stimullaşdırılması baxımından müstəsna önəm daşıyır.

Lakin istər Konsepsiyada nəzərdə tutulanlar, istərsə də Fondun fəaliyyət dairəsi daha böyük hədəflərə hesablanıb. Əldə olunanlarla kifayətlənmək düzgün deyil. Düşünürəm ki, ümumilikdə Konsepsiyanın qəbulu və Fondun fəaliyyətə başlaması mətbuatımızın 130 illik yubileyindən ötən müddətin ən önəmli hadisələrindəndir.

- Yəqin razılaşarsınız ki, indi media ictimaiyyəti daha çox fəxri adlarla və digər dövlət mükafatları ilə təltif olunma ətrafında söhbət açır. Mətbuat Şurasının öz namizədlərini Prezident Administrasiyasına təqdim etdiyini bildirdiniz. Bu barədə bir qədər geniş danışmanızı istərdik.

- Hər bir peşə sahibi öz əməyinin bəhrəsini hansısa formada görməyə can atır. Jurnalistlər də istisna deyil. Amma digər peşələrdən fərqli olaraq media əhli bu məsələni ictimailəşdirir. Görünür, jurnalistikanın malik olduğu imkanlar, statusu öz sözünü deyir. Yəni, tutalım, səhiyyə işçilərinin dövlət təltifləri ilə əlaqədar məsələdən öncədən bu dərəcədə söhbət açıldığına rast gəlməmişəm. Məncə, bir qədər səbirli və səliqəli olmaq daha yaxşıdır.

Mətbuat Şurasına fəxri ad və müxtəlif təltiflərlə bağlı çoxsaylı müraciət daxil olub. Hər birinə həssas yanaşmışıq, araşdırmışıq. Lakin bəzən Şuraya elə adamlar gəlir ki, onların nəinki jurnalistikaya, heç söz sənətinə ciddi bağlılığı yoxdur. Bu barədə çox danışmaq istəməzdim. Çünki belə məsələlər jurnalistikamızın adına başucalığı gətirmir.

Mətbuatımızda əməyi ən yüksək səviyyədə qiymətləndirilməyə layiq olanlarımız çoxdur. Əksəriyyəti o qədər alicənabdır ki, səsləri çıxmır. Hər gün oturub düşünürsən: görəsən, kimsə kənarda qalmayıb ki? Bəzən özüm onları axtarıb tapıram, telefon açıram, zəruri sənədləri göndərmələrini xahiş edirəm.

Siyahıya gəldikdə, təbii ki, detallı məlumat verməyəcəm. Təkcə onu deyə bilərəm ki, Mətbuat Şurası Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan, bu gün də həmin missiyasını davam etdirən, qələmi ilə nüfuz qazanan jurnalistlərin adını sənədə daxil edib. Böyük qisim bölgə qəzetlərinin təmsilçiləri və veteran jurnalistlərdir.

- Bir müddət öncə jurnalistlərin dövlət mükafatlarına layiq görülmələri ilə bağlı müəyyən alternativ fikirlər səsləndi. Hətta bildirildi ki, bu, asılılıq sindromu yaradacaq…

- Düşünürəm ki, belə mülahizələrin vaxtı çoxdan bitib. Azərbaycan mətbuatı kifayət qədər durulub, kimin harada, kimin yanında olduğu məlumdur. Hansı hadisənin söz və mətbuat azadlığı prinsiplərinə zidd olub-olmadığını, jurnalisti asılı vəziyyətə salıb-salmadığını daha mütərəqqi başlar düşünür.

Təbii ki, biz dünya jurnalistikasından çox şeyi öyrənmişik və yenə də öyrənməliyik. Amma nəzərə alınmalıdır ki, Azərbaycan jurnalistikasının öz inkişaf yolu, öz baxışları var. Fərd olaraq kimsə, dövlət mükafatı almanı qəbul etmirsə, müsbət saymırsa, imtina da edə bilər. Hər kəsin şəxsi düşüncə tərzi var.

İkinci bir tərəfdən jurnalistlər də vətəndaşdırlar. Çoxsaylı çətinliklərlə əhatə olunduqları indiki şəraitdə bir vətəndaş olaraq onların dövlət qayğısına bəlkə də başqalarından daha çox ehtiyacları var. İstərdim ki, bəzi dostlarımız buna diqqət yetirsinlər və qələm sahiblərinin mövcud vəziyyətini nəzərə alaraq danışsınlar.

- Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatı ilə də bağlı media ictimaiyyəti içərisində diskussiyalar gedir. Bilmək istərdik, mükafatın dəqiq təqdimetmə tarixi nə vaxtdır?

- Ali Media Mükafatını iyulun 22-də təqdim etməyi düşünürük. Mükafatın Əsasnaməsi Mətbuat Şurasının İdarə Heyəti tərəfindən təsdiqlənib. Sənəddə əsas məqam laureatların üç dərəcə üzrə qiymətləndirilməsidir. Birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 3, üçüncü dərəcə üzrə 5 nəfərin mükafatlandırılması nəzərdə tutulur.

Şuranın Ali Media Mükafatının müəyyənləşdirilməsinə dair Mükafat Komissiyası öz işini başa vurub. Laureatların adları artıq məlumdur. Əsasnaməyə uyğun olaraq bu barədə danışmayacağam. Təkcə onu deyə bilərəm ki, mükafat jurnalistika sahəsində uzunmüddətli önəmli xidmətləri olan, bu gün də səmərəli fəaliyyətini davam etdirən şəxslərin əməyinin qiymətləndirilməsini nəzərdə tutur. Söhbət mediamızın dünəni və bu günü ilə bağlı diqqətəlayiq xidmətlərdən gedir.

- Əflatun müəllim, Azərbaycan mətbuatı ilə bağlı hansı müsbət perspektivləri gözləmək olar?

- Ən yaxın perspektiv bir neçə gündən sonra gözlənilir. Bəri başdan bütün ölkə jurnalistlərini təbrik edirəm. Milli mətbuatımızın 135 illik yubileyi artıq ölkə miqyaslı əlamətdar hadisəyə çevrilib və iyulun 22-də bunun daha parlaq nümunəsini görəcəyik.

Yubiley Azərbaycan Mətbuat Şurası üçün birbaşa iki cəhətdən düşərlidir. Birincisi, Şuranın yeni təsis etdiyi Ali Media Mükafatının ilk qaliblərinin adları açıqlanacaq, ikincisi, qurumun təzə, müasir standartlara cavab verən inzibati ofisi istifadəyə veriləcək.

Az öncə ölkədə media sahəsində həyata keçirilən əhəmiyyətli tədbirlərdən söhbət açdım. Biz Azərbaycan jurnalistikası ilə bağlı uzun yolun başlanğıcındayıq. Hamılıqla əl-ələ verib birlikdə çalışsaq, əlbəttə, böyük perspektivlər gözləmək olar. Hər bir həqiqi jurnalistə bu xoş anları yaşamağı, peşəsində böyük müvəffəqiyyətlərə nail olmağı və möhkəm cansağlığı arzulayıram.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680

Oxşar yazılar