“Qış Bulvarı”: sökülən evlərə verilən qiymət ədalətlidirmi?
10 aprel 2010 16:00 (UTC +04:00)

“Qış Bulvarı”: sökülən evlərə verilən qiymət ədalətlidirmi?

Nüsrət İbrahimov: “Kompensasiyanın mülkün hər kvadratmetrin üçün 2000 manat həcmində müəyyən edilməsi daha ədalətli olardı”

Füzuli küçəsində tikiləcək “Qış Bulvarı”na görə ərazidəki yaşayanların köçürülməsi ilə bağlı söz-söhbət səngimək bilmir. Dövlət tərəfindən vətəndaşlardan alqı-satqı yolu ilə alınan evləri və mağazaların bir hissəsini köçürmək hələ mümkün olmayıb. Səbəb bəzi mülk sahiblərinin onlara təklif olunan vəsaitlə razılaşmamasıdır. Köçürülmə ilə bağlı Nazirlər Kabinetinin qərarını icra edən Bakı Şəhər İcra Hakimiyyəti isə necə deyərlər, odla su arasında qalıb: bir tərəfdən meriya ona tapşırılan işi aprelin sonunadək başa çatdırmalıdır, digər tərəfdən bəzi mülk sahibləri evləri boşaltmaq istəmir.

Lent.az-ın əməkdaşı prosesin gedişini öyrənmək, ortada olan problemin necə aradan qaldırılacağını öyrənmək üçün həmin ərazidə olub. Xatırladaq ki, yerli sakinlər əvvəlcə onlara hər kvadratmetrə görə 4000 manat kompensasiya veriləcəyini, sonra isə bu məbləğin 1500 manatadək azaldıldığını deyirlər. Mülk sahibləri buna görə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrini günahlandırırlar və iddia edirlər ki, əslində Nazirlər Kabineti köçürülmə barədə qərarları hazırlayarkən hər kvadratmetrə görə elə 4000 manat ödəməyi planlaşdırıbmış. Ancaq meriyanın mütəxəssisləri mülk sahiblərinə ödəniləcək kompensasiyanın bazar qiymətinə uyğun müəyyən edilməsi təklif edib. Daha doğrusu, meriya hökumətdə bu işlə məşğul olan vəzifəli şəxsləri sökülən mülklərin hər kvadratmetrinə görə 4000 manatın həddən artıq çox olduğuna inandıra biliblər. Nəticədə Nazirlər Kabineti mülk sahiblərinə söküləcək mənzillərin və ticarət obyektlərinin hər kvadratmetrinə 1500 manat kompensasiya verilməsi barədə qərar qəbul edib.

Bununla belə, sakinlərin bir qismi onlara verilən kompensasiyanın mənzillərinin real dəyərindən az olduğunu söyləyir. Məsələn, Şəmsi Bədəlbəyli küçəsində yaşayan Nazim Quliyev adlı sakin deyir ki, onlar evləri boşaltmağa razıdırlar. Bir şərtlə ki, onlara yaxın ərazilərdə eyni ölçüdə mənzillər verilsin. Belə bir imkan yoxdursa, mülk sahiblərinin mənzilləri münasib qiymətə alınsın ki, onlar da həmin vəsaitlə özlərinin mənzil təminatını ödləyə bilsin.

Müsahibimiz deyir ki, yaxınlıqda yeni inşa edilən binalarda mənzillərin qiyməti çox yüksəkdir. Bu səbəbdən onlar dövlətin verdiyi kompensasiya ilə həmin binalarda mənzil ala bilmir.

Sakinlər bildirirlər ki, yeni binalarda mənzillərin kvadratmetri 7 min manatadır. Üstəlik, həmin binalarda mənzillər təmirsiz şəkildə satılır. Bu səbəbdən də mülk sahibləri onlara təklif olunan 1500 manatla başqa yerdə özlərinə eyni ölçülü mənzil almaqda çətinlik çəkir.

Bəs, görəsən, sakinlər nə dərəcədə haqlıdır? Sökülən evlərə qoyulan qiymət ədalətli deyilmi? Doğrudanmı, onlar sökülən evlərinin müqabilində dövlətin verdiyi vəsaitlə eyni ölçülü mənzillə təmin olunmasına kifayət etmir?

Əmlak bazarı sahəsində ixtisaslaşmış “MBA Konsaltinq” şirkətinin rəhbəri Nüsrət İbrahimov Lent.az-a bildirib ki, hazırda həmin ərazilərdə yeni tikililərdə təmirli mənzillərin bir kvadratmetrinin qiyməti 1500-2000 manat arasında dəyişir. Onun sözlərinə görə, Mərkəzi Univermaqla “Azad qadın” heykəli arasında olan ərazi Bakıda bahalı zona sayılır.

Nüsrət İbrahimov hesab edir ki, həmin ərazidə kimin torpağa mülkiyyət hüququ yoxdursa, onlara da həmin qiymətlə hər kvadratmetrinə görə kompensasiya verilməlidir. Onun sözlərinə görə, hazırda bu ərazidə torpağın qiyməti çox bahadır: “Ona görə də alqı-satqı zamanı torpağın da dəyərinin heç olmasa, bir hissəsini mənzilin qiymətinin üzərinə gəlib, mülkiyyətçilərə vermək lazımdır. Yəni kimin ki, torpağa mülkiyyət hüquq var, bu cür hesablama təxminən elə hər kvadrata görə 2000 manat eləyir. Torpağa mülkiyyət hüququ olmayanlara isə bu ərazidə yeni tikililərdə təmirli mənzillərin dəyərində kompensasiya verilməlidir”.

Bütövlükdə mülk sahiblərini bu məsələdə haqlı hesab edən ekspert deyir ki, onlara təklif olunan 1500 manat minimum qiymətdir. Bu isə bir növ ədalətsiz sayıla bilər. Onun sözlərinə görə, kompensasiyanın mülkün hər kvadratmetrin üçün 2000 manat həcmində müəyyən edilməsi daha ədalətli olardı.

Bakı Şəhər İcra Hakimiyyəti aparatının rəis müavini Zülfəli İsmayılov deyir ki, narazılıqlara baxmayaraq, söküntü işlərinin yarıya qədəri artıq başa çatıb. Onun fikrincə, ərazinin tam şəkildə boşaldılması yaxın vaxtlarda yekunlaşacaq: “Ərazinin yarıdan çoxu köçürülüb. Digər mülklərində köçürülməsi üçün sakinlərlə danışıqlar aparılır. Hər bir mülk sahiblərinə kvadratmetrinə uyğun olaraq yeni yaşayış sahələr müəyyənləşdirilir. Hazırda isə söküntü işləri gedir”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1031

Oxşar yazılar