İntiharçı terror: dinlər nə seyir? – III yazı
10 aprel 2010 14:00 (UTC +04:00)

İntiharçı terror: dinlər nə seyir? – III yazı

“Osmanı niyə öldürdünüz?”

Əvvəlcə “yaxın tarixi” - Teymuriləri lərzəyə salan mərd və yenilməz Əlincə əsnafını, bu yenilməzliyin mənəvi təlimi hürufiliyi, sonra yəhudilərin tanrısının Tövratla “bu yerləri sizə verdim, buradakı xalqları qırın” formasında yetişən amansız əmrini, ardından “bir üzünü şillələyirlərsə, o biri üzünü çevir” öyrədən xristianlığın yetkilisi Avqustin Avrelinin “müqəddəs müharibə” çağırışını, Martin Lüteri, Kalvini, Foma Akvinskini, “bizim” ayətullahları, ladenləri, ayrı-ayrı əsrlərin bağrıyanıq şəhidləriylə yanaşı, yüzlərlə, minlərlə başıdumanlı terrorçusunu, yaxud Cavid əfəndi demişkən, “yol ayıran, məzhəb çıxaran xadimi-ədyanları” xatırladım.
Bu dünyada haqq, yaxud nahaqq ideyalar naminə, qəlbən, yaxud beyni dumanlanmış halda özünü diricəgözlü ölümün ağzına atanların tarixinin əvvəli olmadığı kimi sonu da yoxdur və sonu da görünmür. Ona görə də, tonlarla partladıcı maddəylə yük avtomobilində idarələrin ərazisinə girmək, ölüm kəməriylə kimisə ağuşuna almaq kimi olaylarla bağlı rəsmi rəqəmləri, amansız terror faktlarını təkrarlamağın yeri yoxdur.

Qəzəbli Musadan əzabkeş İsaya qədər…

Lap başda Əlincə müdafiəçilərini əbəs yerə xatırlamadım. Nəinki Azərbaycan, bəşər tarixinin ən böyük qəhrəmanlıq və ərdəmlik nümunələrindən sayılan bu hadisə də, əslində söhbət açdığımız mövzuyla birbaşa əlaqələdir. Minlərlə insan azadlığı köləlikdən və zalıma boyun əyməkdən üstün tutur, dinin qəzəb qılıncının havada fırlandığı orta əsrlərdə İslamın yaşıl bayrağını qaldırdığını iddia eləyən cahanşümul sərkərdəyə meydan sulayır. Kamikadzenin, terrorçu-kamikadzenin, özünüfədanın, intiharla qarışıq mübarizə metodunun də ilk baxışdan mahiyyətində məhz bu amil – köləliyə qarşı üsyan, zalıma boyun əyməmək dayanır. İlk baxışdan, yalnız ilk baxışdan dünyanın müxtəlif bucaqlarında bu iki müqəddəs haqq uğrunda partlayışlar düzənlənir, qətllər törədilir. Ancaq hamıya gün kimi aydındır ki, bu əməllərin demək olar hamısı hamı tərəfindən birmənalı olaraq müqəddəs savaş olaraq qəbul edilmir. Eynən mübarizə metodları kimi…
…Ondan başlayaq ki, bütün dinlərdə ümumiyyətlə, intihar məsələsi qəti olaraq qadağan edilir. Bu sırada buddizmdə, caynizmdə məsələ bir qədər başqa cürdür. Buddizmdə yaponların xarakirisinə bənzər “ləyaqət intiharı” deyilən bir anlayış mövcuddur. Məsələn, bizim zamanlarda Tibet kahinlərinin Çin işğalına, insan hüquq və azadlıqlarının tapdalanmasına qarşı özlərini yandırma aktlarına dəfələrlə rast gəlinib. Bu mənada buddizm intiharın özünü qınasa da, kiminsə haqqı üçün özünə qəsd etməsini günah saymır. Caynizmdə də vəziyyət belədir. Yəhudiliyin, xristianlığın və islamın intiharı qətiyyən qəbul etmədiyi aydındır. Bu dinlərdə bir məqam da onların ana kitablarında özünüfəda aktıyla bağlı konkret göstərişin, təlimatın, yaxud birbaşa işarənin olmamasındadır. Ancaq nə olsun, öz məqsədləri üçün dindən istifadə eləyərək birinci dəfə terrora əl atan elə yəhudilər olublar. Hər halda, tarixdə bizə məlum olanı budur. Yəhudilərin İeqov, yaxud Yəhvası haqqında ravayətlərindən belə anlaşılır ki, Yaradan Fələstin torpağını onlara verib. Ancaq bu torpaqlarda başqa xalqlar daha çox yaşadıqlarından yəhudi Yaradanı İkinci Qanunun 2-ci fəslində buyurur: “…Və bütün xalqları qıracaqsan, onlara rəhmin gəlməsin”. Yəhudilərin Yəhvası hətta o qədər amansızdır ki, Tövrata inansaq, onlar bu soyqırımı sona çatdırmadıqları üçün tanrının qəzəbinə də tuş gəlirlər…
İsanın humanist dini də Musanınkından geri qalmayıb. Belə ki, xristianlıq genişlənən və yerini bərkidən kimi artıq zorakılığa başlayıb. Orta əsrlərdə yaşamış sxolastik Foma Akvinski isə bildirmişdi ki, əgər müharibə Yaradanın rizası üçün aparılırsa, müqəddəsdir. Bu ideya sonralar Martin Lüter tərəfindən inkişaf etdirildi və nəhayət, terrorçu Jan Kalvinin səyi ilə xristianlıqda yeni bir istiqamətin – protestantizmin yaranmasına səbəb oldu. Artıq cənab Kalvinin dini üçün “iman naminə” terrordan çəkinmək lazım gəlmir. Nə qədər qəribə olsa da, bu nöqteyi-nəzər ötən əsrin 80-ci illərində Amerikada çox geniş yayıldı. Siyasi həyatda dini daha diri görmək istəyən klerikallar hesab edirdilər ki, milyonlarla insana ölüm gətirən atom silahının istifadəsi yolveriləndir. Xristian keşişləri hətta atom silahının istifadəsiylə bağlı özlərinin teoloji baxışlarını da irəli sürməyə başladılar. Məsələn, Kenterberiya arxiyepiskopu Fişer moizələrinin birində elə beləcə də demişdi: “Atom silahını təbiətən pis vasitə saymaq olmaz. Bu da Yaradan tərəfindən iznlidir”. Bütün bunlarla belə, etiraf olunmalıdır ki, xristianlıqda yeganə yadda qalan İrlandiya katoliklərinin protestantlara qarşı apardıqları terror müharibəsidir. Artıq nə yəhudilər, nə xristianlar din pərdəsi altında adına birbaşa terror deyilən əməllərlə məşğul deyillər. Onlar daha sivil savaşa, sülh və əmin-amanlıq adı altında düzənlənən hərbi əməliyyatlara keçiblər. Bəşərin bu iki qoca dini üçün artıq tərəfdarlarının həyatları daha çox qiymətlidir. Bir faktı xatırlatsam, məncə, kifayət edər. Adətən hansısa ordunun əsir düşən əsgərindən nə tələb olunur? Əlbəttə, həyatını fəda etmək bahasına olsa belə, dövlət sirrini verməmək. Ancaq İsrail ordusunun nizamnaməsinə görə əsir düşən əsgər birinci növbədə öz həyatını qorumalıdır, dövlət öz-özünü qoruyacaq… “Cavan” İslam haqqında bunu demək olmur…

“Osmanı niyə öldürdünüz?”

Quranda Peyğəmbərin peyğəmbərliyi boyunca Məkkə və Mədinə dövrlərində konkret şəraitlə əlaqədar müddət ötdükcə hökmlərin bir qisminin sərtləşdiyi, bir qisminin əksinə, yumşaldığı müşahidə olunur. Məsələn, Peyğəmbərin səhabələrindən Büreydə bildirir ki, Peyğəmbər deyib: “Mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim. Artıq onları ziyarət eləyə bilərsiniz. Çünki onlar axirəti sizə xatırladır”.
Digər məsələdə, məsələn, cihadla bağlı məqamda isə əksinə, sərtləşmə nəzərə çarpır. Əgər Məkkədə Peyğəmbərə ən-Nəhl surəsinin 125-ci ayəsi ilə “İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et” deyilirdisə, artıq Mədinədə əl-Bəqərənin 216-cı surəsiylə bildirilirdi: “Allahın düşmənlərinə qarşı döyüş (cihad) xoşunuza gəlmədiyi halda sizə vacib edildi”.
Ümumiyyətlə, Müqəddəs Kitabda hətta haram ayda döyüşə girərək müşriklərin karvanını talan edən Peyğəmbərin bibisi oğlu Cəhş əl-Əsədinin bu hərəkəti belə birmənalı qarşılanmır. Əl-Bəqərə surəsinin 217-ci ayəsindən məlum olur ki, düzdü, haram ayı vuruşmaq günahdır, lakin Allah yolunu insanların üzünə qapamaq və oradakıları kənara çıxarmaq ondan böyük günah sayılır. Bir növ haram ayda karvan basan əl-Əsədiyə haqq qazandırılır. Bu kimi məqamları sadalamaqda məqsədim İslamın Müqəddəs Kitabının dünənin və bu günün din xadimləri tərəfindən müxtəlif ictimai-siyasi doktrinalara uyğun olaraq yanlış şəkildə şərh edildiyinə diqqət çəkməkdir. Ona görə də, hesab etmək olar ki, İslam adıyla həyata keçirilən intiharçı-terror aktlarına Müqəddəs Kitabın verdiyi cavabı anlamaqda zorluq çəkirik. Həqiqisini bilmək bizlik deyil! Ancaq İmam Əlinin “Nəhcül-Bəlağə”sində maraqlı bir xütbə var ki, oxuduqda onun İslamın qəti şəkildə, hətta düşmənə qarşı belə sui-qəsd planlanmasının əleyhinə olduğu qənaətinə gəlməyə bilmirsən. 30-cü xütbədən oxuyuruq: “Əgər Osmanın qətlinə əmr vermiş olsaydım, sözsüz ki, qatil olardım, əgər qarşısını alsaydım, təbii ki, kömək göstərmiş olardım. Belə isə mən indi sizin üçün onun qətl səbəblərini bəyan edirəm: “Osman xilafəti öz ixtiyarına keçirib istibdad və özbaşnalıq etməklə çox pis etdi, deməli, siz də səbirsizliyinizlə pis iş tutdunuz. Özbaşına hərəkət edən və onu öldürməkdə dözümsüzlük göstərən şəxs barəsində Allahın hökmü dəyişməzdir”.
Maraqlıdır, bəs görəsən bugünkü İslamşünaslar zalıma qarşı haqq savaşına qalxaraq tək zalımı da yox, həm də Allahın onlara “sizə əmanət olunan həyata qıymayın” buyruğuna əməl etməyib özünü də fəda eləmə hallarına necə baxırlar? Bəndəniz əminlik üçün elə bu sualla ününün çatdığı bir neçə ilahiyyatçıya telefon açaraq onların hər birinə konkret sual verdi: “İslam terrorçu-kamikadzeliyi qəbul edirmi?” Bütün hallarda bir-birindən fərqli cavablar aldım. Biri qətiyyətlə inkar etdi, digəri “Allah rizası üçün mümkündür” söylədi, başqa birisi isə mətləbi qoyub, qeyri şeylərdən danışdı. Bir qism isə bildirdi ki, düşmənlə bərabər kimsə özünü də məhv edirsə, bu, normal hal hesab olunur. Dövlət yolunda, Allah yolunda şəhid olmaq günah sayılmır, sadəcə, dinc əhaliyə qarşı amansızlıq qəbuledilməzdir. Sonuncu mövqe prinsip etibarilə normal sayıla bilər. Sadəcə, bəzi nüansları daha geniş şəkildə açıqlayaq.

Günahsız insanlar və İslam

İntihar etməyin və özünü təhlükəyə atmağın, yaxud ölüm cəzası ilə nəticələnən hərəkətin qadağan edilməsini özündə ehtiva eləyən Ən-Nisa surəsinin 29-cu ayəsində oxuyuruq: “Özünüz-özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!”
Ancaq bununla yanaşı Qurani-Kərimin ət-Tövbə surəsinin 44-cü ayəsində həm də buyurulur: “Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izn istəməzlər (o saat cihada çıxarlar)”. Yaxud İmam Əlinin 11-ci xütbəsindən oxuyuruq: “Dağlar yerlərindən qoparılsa da, sən yerindən tərpənmə. (Döyüş meydanında möhkəm ol!). Başını Allaha tapşır (döyüşdə başından keç, ya bütün fikir və xəyallarını Allaha bağla)”.
Göründüyü kimi həm ayələr, həm də İmam Əlinin xütbələrindən belə bir nəticə hasil olur ki, klassik İslam prinsip etibarilə özüylə bərabər düşmənini məhv edən bir müsəlmanın canına qıymasını həmin zalımın elədiyi günahlara rəğmən elə də böyük günah hesab eləmir. Təxminən Cəhş əl-Əsədinin haram ayında vuruşaraq müşrik öldürdüyü və karvan basmasına münasibətdə Əl-Bəqərə surəsinin 217-ci ayəsindən məlum olan “Din naminə fitnə salmaq isə həmin ayda vuruşmaqdan daha betərdir” məntiqi sayağı…
Ancaq ortada daha ciddi qanlı olaylar var… Özü də hərb meydanında yox, tamam başqa yerlərdə. Mülkilər arasında, dinc şəhərlərdə, nəqliyyatda, uşaqların, qocaların, günahsız kişi və qadınların olduğu obyektlərdə “Allah rizası üçün” partlayışlar törədilir, məsum adamlar qətl edilir. Nəticədə bütün dünyada “İslam terrorizmi” termini ağızdan-ağıza düşür, az qala hər müsəlmana terrorçu damğası vurulur… Maraqlıdır, Müqəddəs Kitabdan bununla bağlı konkret cavab almaq bəsirətimiz varmı? Lap haqq işi üçün olsa belə, İslam birbaşa uşaqlara, qadınlara, məsum cocuqlara qarşı yöənmliş terror aktlarıyla bağlı hansı hökmü verir?

Bu haqda növbəti yazımızda…

İlham TUMAS

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar