Altı tonluq paxlavanı bir günə necə “əritdik”
23 mart 2010 10:00 (UTC +04:00)

Altı tonluq paxlavanı bir günə necə “əritdik”

Şəhərin paxlavalı həftələri

Az qala bir ay idi ki, qədim Gəncə diyarında Oğuz eli Çingizxanın hökmdarlıq çadırına meydan oxuyacaq qədər böyüüüük bir çadır qurub, çadırın içində nəsə bişirirdi. Kənar şəxslərin bura girib-çıxması qadağan olduğu üçün, təbii ki, çadırın arasından boylanmaq imkanımız yox idi. Amma imkan oldu-olmadı, bütün Gəncə eli bilirdi ki, İcra Hakimiyyətinin qarşısında yorğun-yorğun qaralan bu çadırda bişən kainatın növbəti ən böyük paxlavasıdır. Xatırlatmaq yerinə düşməsə də, hər ehtimala qarşı yada salaq ki, elə bundan əvvəlki “kainat miqyaslı” böyük paxlavalar da Gəncədə bişirilib.

Neçə həftə şəhər əhalisinin müzakirə mövzusu olan paxlava martın 19-da kəsilməli idi. Amma ayın 19-na gəlib çıxmazdan əvvəl, bir-iki kəlmə bu “paxlava kəsilmə öncəsi” mərhələdən danışaq.

İcra Hakimiyyətinin qarşısında çadır dirəkləri qurulan kimi, şəhərdə paxlava məsələsi məişət çapında gündəmə gəlir. Axşamlar hər evdə söhbətlər hərlənib-fırlanıb, paxlavanın üstünə gəlir. Kainatın ən iri paxlavasını kimlərin, hansı idarələrin işçilərinin bişirməyi, unun, yağın-şəkərin hardan gəlməyi, hansı dükanların könüllü olaraq, bu matah şirniyyat üçün “material” göndərmələri, şəhərin varlı adamlarından kimin bu paxlavaya nə qədər maddi dəstək göstərmələri əməlli-başlı qeybət mövzusuna çevrilir. O ki qaldı paxlavamıza münasibətə, şəhərin bu şirin ənənəsinə dodaq büzənlər də olur, “Allah bunu təşkil eləyənin canını sağ eləsin, yenə bişirib, paylayırlar, kasıb-kusubun da ağzı sevinir” deyə alqış eləyəni də…

Uzun sözün qısası, həftə ötdü, gün dolandı, ayın 19-u gəldi.

Adının çəkilməsini bərk istəyən, bu paxlava barəsində xeyli zarafat, tərif, qınaq eşitmiş bir adam olaraq, tədbiri qaçırmaq istəmədim. Axşamdan xəbər tutdum ki, səhər saat 11 tamam olan kimi məşhur paxlava kəsiləcək. Kəsiləcək, kəsiləcək də! Bir tikə də biz yeyək. Yoxsa ki, hər gün 15 metrlik paxlavadan yemək qismət olmur adama…

Onun ətrafında sıx birləşən əhali

On bir nədi, səhər saat doqquz tamam olmamış hadisə yerinə çatsaq da, izdihamın içinə girmək əməlli-başlı müşkül iş idi. Hələ avtobusdakı tünlükdən, adamların bir-birinə “sən də paxlava yeməyə gedirsən?” atmacalarından məlum idi ki, kainatın ən böyük paxlavasından dadmaq elə-belə başa gəlməyəcək. Biz meydana çatanda Oğuz eli ağ, yaşıl, qırmızı çadırlarını qurub, sement döşəmə üzərinə xalça-palazını sərib, olan-qalanını yerə düzmüşdü. Qədim məişət avadanlıqları, musiqi alətləri, min bir naz-neməti meydana elə səpələmişdilər ki, adama elə gəlirdi, hansısa sehrli qüvvə səni qəfildən orta əsrlərə tullayıb. Amma bu xalça-palaz, çadırlar, naz-nemət əhlinin bir o qədər də eyninə deyildi, çünki hamı bir an öncə özünü irəli vermək, yaşıl səmənilər arasından yekə-yekə boylanan nəhəng paxlavanın yaxınında yer tutmaq, paxlava kəsiləndə ondan bir tikə pay almaq ümidiylə onun ətrafında sıx birləşməkdə idi.

Mən, tək, kanonda?

İcra Hakimiyyəti binasının qarşısına qurulmuş iri səhnədə hələ ki, kimsə çıxış-zad eləməsə də, sümükoynadan mahnılar bir-birini əvəz eləyirdi. Təbii ki, fonoqramla… çünki təntənəli paxlavakəsmə mərasimində çıxış edəcək ansambllar, bu ansamblların üzvləri İcra Hakimiyyəti binasının foyesində soyunub-geyinmək, alətlərini kökləmək, bəzənib-düzənmək və çıxışqabağı xırdaca bir məşq eləməklə məşğul idilər. Rəfiqəm tədbirdə kanon çalacağı üçün ikimiz də əvvəlcə foyeyə keçdik. Elə ora çatan kimi, kanonçalan qızlardan birinin gəlmədiyi məlum oldu. Rəfiqəm mənə göz vurub, ansambl rəhbərinə dedi ki, bu qız da kanonçalandı, Bakıdan gəlib. O qızın yerinə çıxa bilər. Qorxumdan gözlərim bərəldi. Ansambl rəhbəri sevincək dedi ki, alətini gətiribsə, problem yoxdu, bu çıxsın. Alət nə gəzir? Ürəyim yerinə gəldi. Ansambl rəhbəri başqa kanonçalan axtarışına gedəndən sonra Nərmindən absurd təklifinin mənasını soruşdum. Gülə-gülə dedi ki, kef elə, onsuz da fonoqramla çalacağıq. Dedim, bir halda ki, Gəncəyə gəlmisən, bir səhnəyə-zada da çıx! Heyf, kanon olmadı. Bilsəydim, qızlardan biri gəlməyəcək, evdən Sədanın kanonunu götürərdim, sən çalardın…

…Artıq çıxışa tam hazır olan Dədə Qorqud siqaret çəkə-çəkə icra nümayəndələrindən kiminləsə qızğın söhbət eləyirdi. Rəqs ansamblının şən qızları bir-biri ilə zarafatlaşa-zarafatlaşa mavi yelənli ağ kəlağayılarını başlarına sancaqlayıb, dodaqlarını boyayırdılar. Əyalətin müğənni qızları fonoqramla oxuyacaqları mahnıların sözlərini vərəqdən oxuyub-əzbərləyirdilər. Qızlardan ən gözəli heç mahnını əzbərləmirdi də, çünki o ümumiyyətlə, oxumayacaqdı. Eləcənə səhnəyə çıxıb, özünü göstərəcəkdi, mahnını isə başqa qız oxuyacaqdı. Təbirdə saz çalacaq aşıqlar ənənəvi aşıq paltarlarını geyinib, (bəziləri eləcənə müasir, qalstuklu-zaddı kostyumlardaydı) ayaqlarını oynada-oynada, sazlarını aradabir boyunlarının ardına keçirə-keçirə məşq eləyirdilər.

Gözlənilən an

Rəqqasələri, müğənniləri, sazmenləri öz məşqləri ilə baş-başa qoyub, aşağı, izdihamın arasına endim. Zarafat deyildi, bir azdan təntənəli açılış başlayacaq, hadisənin qəhrəmanını kəsəcəkdilər. Paxlavanın ətrafında qurulmuş şərbətli-ofisiantlı masaların yanı artıq insanlarla dolu idi. Şəhər əhalisinə paxlava-şərbət yetirə bilməyəcəklərini anlayan tədbir təşkilatçıları artıq başqa bir tədbir görmüşdülər – adamların bir hissəsini paxlava ətrafına buraxandan sonra meydançanı silahlı ordumuzun əsgərlərindən ibarət ət divarı ilə qapamış, paxlavanın təhlükəsizliyini qorumaqda idilər. Və mən, bu xaraba ölkənin istedadlı publisisti o ət hasarının bu tayında qalmışdım…

O tayda isə şəhər rəhbərliyi Oğuz elini Novruz bayramı münasibətilə təbrik edir, hər təbrikdən sonra səhnəyə şən bir müğənni və ya səhnəcik göstərən bir-iki əyalət aktyoru çıxır, onsuz da şən olan xalqı ifrat şadyanalığa səsləyirdilər. Nəhayət, şəhər rəhbərliyinin hadisənin qəhrəmanı olan kainatın ən böyük paxlavası barədə uzun-uzadı, yağlı-şirəli tərif nitqindən sonra uniforma geyinmiş ofisiantlar əllərinə iri bıçaqlar alıb, yaşıllıqlara qərq olmuş narıncı paxlavanın ora-burasından kəsməyə başladılar.

Xilaskar mayor

Mənsə bu tayda çırpına-çırpına bir-iki dəfə əsgərlərə yaxınlaşıb, məni də o taya, nəhəng paxlavanın yanına buraxmalarını xahiş eləsəm də, jurnalist olduğumu desəm də, əsgərlərin heç tükü də tərpənmədi. Bir-birinin qoluna girib, elə möhkəm və sərt dayanmışdılar ki, bu dirənişi 19-20 il əvvəl göstərsələr, Qarabağın bir qarışını da ermənilərə verməzdik. Əlacım kəsildi, meydanın bəri tayında gəzişən yüksək rütbəli zabitlərdən xahiş eləmək qərarına gəldim. Yaraşıqlı bir mayoru gözaltı eləyib, yaxınlaşdım. Gülümsəyə-gülümsəyə:

- Yoldaş mayor, mən jurnalistəm. Bir-iki şəkil çəkib, qayıdacam. Olar, siz əsgərlərə deyəsiniz, məni o taya buraxsınlar? – dedim.

Mayor da üzümə gülümsədi, amma təşəxxüslə:

- Olmaz! – dedi.

Gözlərim yenə böyüdü:

- Niyə?

- Mən əsgərlərə deyə bilmərəm. Mən onlara əmr eləyə bilərəm – dedi. Və üzünü köhnə türk kinolarında İbrahim Tatlısəslə Hülya Afşar təki bir-birinə yapışmış əsgərlərə tərəf tutdu:

- Əəə, bu qızı buraxın!

Əskərlər o dəqiqə aralınıb, mənə yol verdilər. Mayora bir təşəkkür təbəssümü əta edərək, o taya keçdim.

Mən o taya keçəndə, bayaq paxlavanın “uzandığı” yerdə, şirniyyat qalıqlarının arasında adamlar gəzişirdi. Paxlavanın salamat qalmış hissələrini qamarlayıb, torbalara yığırdılar. Ağ örtüklü masaların yanında dayanmış ofisiantlar masanın üstündəki paxlavaları əlaltından bükür, masanın altına yığırdılar. Bir ucdan şəkil çəkdiyimi görən cavan ofisiant məni yaxına çağırıb, bir stəkan yaşıl şərbət uzatdı. Dedim ki, “ehtiyat” saxladığı paxlavadan da bir tikə versin. Oğlan gözümdən heç nə yayınmadığına təəccüb eləyərək, masanın altından bir boşqab çıxartdı, qalaqlanmış paxlavanın arasından bir yaxşı dilim seçib, mənə uzatdı. Dişlədim: yağı-şəkəri az, fındığı-qozu qabıqlı, xəmiri alaçiy…
Bu arada camaat paxlavanın son qalıqlarını torbalara yığıb, hadisə yerini tərk etməkdə idi. Bir əlimdə şərbət, bir əlimdə paxlava, avara-avara gəzişərək, mənasız-mənasız şəkillər çəkirdim. Telefonum büsbütün şirə içində idi. Səhnəni tərk edən ansambl qızlarından bir gülərüzünü tovlayıb, elə izdihamın arasındaca soyundurdum. (Ağlınıza pis şey gətirməyin, qız onsuz da milli paltarı elə şalvar-köynəyin üstündən geyinmişdi). Elə mən də pal-paltarın üstündən donu, arxalığı əynimə keçirib, bir-iki “poz verdim”.
Tədbir artıq yekunlaşırdı deyə, bayaqkı ofisiant oğlan yaxınlaşıb, şərbət stəkanını geri istədi. Məzələnməyə başladım:

- Olar, stəkanı qaytarmayım?

- Tutaq ki, olar. Stəkanı neyləyəcəksən?

- Stəkanla şəkil çəkdirəcəm.

- Bəxtəvər stəkanın başına! Heç mənimlə şəkil çəkdirməzsən. Rəhmətliyin qızı, stəkan müğənni-zaddı onunla şəkil çəkdirəsən? Ver, ay qız, stəkanı ver, çıxaq-gedək işimizə-gücümüzə… səhərin gözü açılmamış oyanmışam, yuxu gözümdən tökülür.

Oğlanın stəkanını qaytarıb, qızın donunu soyundum. Bu arada rəfiqəm başına kəlağayı örtüb, səhnədə fonoqramla kanon çalırdı. Paxlavanın qalığını salfetə bükərək, rəfiqəmin səhnədən enməyini gözləyirdim ki, bayaq məni meydançaya buraxdıran mayor yaxınlaşıb, telefon nömrəmi istədi. Soruşdum ki, nəyinə lazımdı. Dedi ki, nə problemim olsa, ona müraciət eləyə bilərəm. Gülümsəyib, dedim ki, narahat olmayın, mənim nə silahlı, nə də silahsız qüvvələrlə heç bir problemim yoxdu.

Paxlavadan da şirin…

Tədbir sona çatıb, hamı dağılışanda, rəfiqəmin qolundan yapışıb, avtobus dayanacağına tərəf addımladıq. Əməlli-başlı yaz günəşi çıxmışdı. Rəfiqəm məndən aralanıb, internet-kluba girdi. Mənimsə bu gözəl, amma yad şəhərdə heç bir işim, adamım, bir sözlə, heç nəyim və heç kimim olmadığından, evə tələsdim. Avtobusa minəndə üzbəüz oturacaqda olduqca yaraşıqlı, boy-buxunlu, üzü hey gülən bir cavan oğlanın oturduğunu gördüm. Oğlan o qədər gözəl idi, gözüm ona sataşanda hətta diksindim də. Qəfil fərqinə vardım ki, artıq uzun illərdir, belə yaraşıqlı oğlan görməmişəm. Oğlan isə diksinməyimi hiss eləyərək, zil qara, qıpçaq gözlərini bir az da qıyıb, üzümə gülümsədi. Onun təbəssümü on beş metrlik paxlavadan min dəfə şirin idi…

Avtobusdan düşüb, evə addımlayanda mənə isə elə gəlirdi ki, bugünkü yaz günəşi təkcə Gəncədə belə istidi, işıqlıdı.

Günel Mövlud,
Gəncə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1328

Oxşar yazılar