Azərbaycanda 4 milyon 592 min qadın var
04 mart 2010 19:30 (UTC +04:00)

Azərbaycanda 4 milyon 592 min qadın var

Martın 8-də bu qədər qadını təbrik etmək kişilərin üzərinə düşür

Hazırda ölkə əhalisinin ümumi sayının 50,9 faizini və ya 4 milyon 592 min nəfərini qadınlar təşkil edir. Qadınların 59,4 faizi nəsilvermə qabiliyyətinə malikdir və onların hər biri orta hesabla dünyaya 2 uşaq gətirmişdir.

Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, ötən il doğulmuş 152,1 min körpənin 46 faizini qızlar təşkil edib. Qız uşaqlarına verilmiş adlar içərisində ən çox “Fatimə” adına təsadüf olunur. Bundan sonra şəhər yerlərində daha çox verilən ad “Fidan”, kənd yerlərində isə “Nərmin”dir. Zəhra, Nuray, Nəzrin, Leyla və Aysu da geniş yayılmış adlardandır.

Qadınların sağlamlığının qorunması dövlətin diqqət mərkəzində saxladığı ən mühüm məsələlərindən biridir. Komitədən bildirirlər ki, hazırda ölkədə 31 doğum evi, 321 qadın məsləhətxanası, 592 uşaq poliklinikası və ambulatoriyası, 1735 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Qadınlar arasında gözlənilən ömür uzunluğu kişilər arasında gözlənilən ömür uzunluğundan 5,2 yaş yüksəkdir və 76,1 yaş təşkil edir.

Ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edən azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,7 faiz təşkil edir. Ümumi təhsil müəssisələrində müəllimlərin 74 faizi, orta ixtisas təhsil müəssisələrində 73 faizi, ali təhsil müəssisələrində 47 faizi, həkimlərin 62 faizi qadınlardır. Ümumi təhsil müəssisələri şagirdlərinin 47 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 67 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 46 faizi qızlardır. Dövlət Statistika Komitəsi tərəfindən keçirilmiş müayinənin nəticələrinə görə, ötən il 25-64 yaşında olan qadınların 84 faizi fasiləsiz təhsildə iştirak edib.

Elmin inkişafında da qadınların müstəsna rolu var. Hazırda doktorantların 40 faizini, bütün elmi işçilərin isə 50 faizini qadınlar təşkil edir. Son 5 ildə elmlər doktoru dərəcəsi olan qadınların sayı 33 faiz, elmlər namizədi dərəcəsi olan qadınların sayı isə 17 faiz artıb. Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 12-si, akademiklərdən 3-ü qadındır. Milli Məclisdə qadın millət vəkillərinin xüsusi çəkisi də artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini qadınlar təşkil edirdisə, indi parlamentində qadınların xüsusi çəkisi 11,2 faizdir.

Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 4,9 dəfə artaraq 4081 nəfərə çatıb. Hazırda bələdiyyə üzvləri arasında qadınların xüsusi çəkisi 26,2 faizdir.

Üç gündən sonra bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq Qadınlar Günü qeyd olunacaq. Bu il martın 8-i bazar ertəsinə düşdüyündən həmin gün Azərbaycanda qeyri-iş günü sayılır. Bayramınız mübarək, əziz qadınlar!

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754

Oxşar yazılar