“Saqqalını qırxıb radikal fikirlərini ürəklərində saxlayanlardan daha çox ehtiyat etmək lazımdır” - MÜSAHİBƏ
18 fevral 2010 14:15 (UTC +04:00)

“Saqqalını qırxıb radikal fikirlərini ürəklərində saxlayanlardan daha çox ehtiyat etmək lazımdır” - MÜSAHİBƏ

Qafqaz Strateji Araşdırmalar İnstitutunun Geomədəniyyət departamentinin müdiri, fəlsəfə elmləri namizədi Elmir Quliyevin Lent.az-a müsahibəsi

Qafqaz Strateji Araşdırmalar İnstitutunun Geomədəniyyət departamentinin müdiri, fəlsəfə elmləri namizədi Elmir Quliyev sosial fəlsəfə, müqayisəli dinşünaslıq, İslam tarixi və fəlsəfəsi sahəsində 50-dən artıq monoqrafiya, məqalə və tərcümələrin müəllifidir. Onun müəllifi olduğu Qurani-Kərimin rus dilinə tərcüməsi böyük tirajlarla dünyanın dörd ölkəsində nəşr olunub və Rusiya Federasiyasının Müftilər Şurası tərəfindən yüksək qiymətləndirilib.

- Elmir bəy, Azərbaycandakı mövcud dini durumu necə qiymətləndirirsiz?

- Yaxın gələcəkdə din-dövlət münasibətlərinin necə olacağı bəlli deyil, dövlət qurumları da hələ ki, axtarışdadırlar. 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi bunun açıq-aydın sübutudur. Mənə elə gəlir ki, son illərdə gedən prosesləri bir cümləylə belə ifadə etmək olar: dövlət dindar vətəndaşlarının problemlərini həll etməyə, eyni zamanda, bu sahədə qeyri-qanuni fəaliyyət göstərən qurumların və şəxslərin işlərini qadağan etməyə çalışır.

- Qeyri-qanuni fəaliyyət deyəndə konkret nəyi nəzərdə tutursuz?

- İlk növbədə dövlət qeydiyyatından keçməyən icmaları.

- Əvvəlki qeydiyyat zamanı dövlət qeydiyyatından keçən, lakin bu dəfə qeydiyyatdan keçməyən “Nərimanov rayonu dindarları” dini icması barədə nə deyə bilərsiz?

- Hazırda bu və bir neçə digər dini icma dövlət qeydiyyatından keçməyib və fəaliyyətlərini dayandırılıblar.

- Bəs dayandırılana qədər olan fəaliyyətləri? Onları “vəhabi” də adlandırırdılar...

- Vəhabi deyəndə nəyi nəzərdə tuturuq? Bu məfhumun məzmununu dəqiqləşdirmək lazımdır. Şimali Qafqazda bu termin bir məna daşıyır, Azərbaycanda başqa bir məna, İranda ondan fərqli məna verir və s. “Nərimanov rayonu dindarları” dini icması vaxtilə dövlət qeydiyyatından keçib müəyyən müddət ərzində qanun çərçivəsində fəaliyyət göstərib. Ancaq 2008-ci ilin avqust ayında məsciddə törədilmiş terror aktından sonra məhkəmənin qərarı əsasında həmin məscidin fəaliyyəti dayandırılıb.

- Azərbaycanda “vəhabi” deyəndə əsasən saqqalı uzun və şalvarı qısa olan dindarlar nəzərdə tutulur. İnsanların bu cür gəzməsi normaldır, yoxsa yox?

- Buna həm İslam ənənəsi baxımından, həm də demokratik dəyərlər baxımından qiymət vermək olar. Ənənə baxımından saqqal həmişə müsəlman kişilərin danılmaz atributu olub. Demokratik prinsiplərə gəlincə isə, xarici görünüş insanın şəxsi işidir. Biz demokratik dövlət qurmağa çalışırıq və vətəndaşların hüququ və azadlıqlarına hörmətlə yanaşmalıyıq. Saqqal və yaxud saç uzatmaq hər kəsin öz işidir. Əgər bir vətəndaş digərlərinin haqlarına təcavüz etmirsə, dövlətçiliyimiz əleyhinə heç bir iş görmürsə, onun demokratik cəmiyyətdə istədiyi kimi görünməyə haqqı var. Digər tərəfdən, mən hər saqqalını uzadana vəhabi deməzdim. “Vəhabi” deyəndə çox vaxt radikal müsəlmanları nəzərdə tuturlar. Zənnimcə, saqqalını qırxıb radikal fikirlərini ürəklərində saxlayanlardan daha çox ehtiyat etmək lazımdır. Elə hesab edirəm ki, vətənimizdə sabitliyi pozmaq istəyən olsa, saqqalını uzadan müsəlman yox, xüsusi hazırlıq keçmiş və xarici görünüşü ilə bizdən seçilməyən bir kəs olacaq.

- Yəqin bu cür adamların məcburi olaraq saqqalının qırxılması və ya yandırılmasının da əleyhinəsiz...

- Fikrimcə, insanın şəxsiyyətinə toxunan hər bir hərəkət vətəndaş cəmiyyəti tərəfindən pislənməlidir. İnsanı alçaldan bu cür hərəkətlər yolverilməzdir.

- Azərbaycanda belə fakt olduğu barədə məlumatınız var?

- Bu barədə yalnız qəzetlərdən məlumat almışam.

- İslam yönümlü cərəyanlar arasında radikal olanları varmı?

- Təbii ki, radikal fikirli dindarlar hər yerdə olduğu kimi Azərbaycanda da var. Lakin onlar kiçik bir azlıq təşkil edirlər.

- Azərbaycanda dini baxımdan hansı ölkələrin təsirləri hiss olunur?

- Azərbaycanda təkcə İslam yox, həm də buddizmin, xristianlığın müxtəlif cərəyanlarının yayılması müşahidə olunur. Necə ki, Cənubi Qafqaz geosiyasi baxımdan qloballaşan dünyada mərkəzi yerlərdən birini tutur, eləcə də dini baxımdan bu bölgə bir çox dövlətlərin diqqətini cəlb edir. Burada həm müsəlman ölkələrinin, həm də Qərb dövlətlərinin adlarını çəkmək olar. Dini amillərdən istifadə etməyə çalışan bir çox ölkələrin maraqları Azərbaycanda toqquşur. Onları təmsil edən dini qruplaşmalar son on beş il ərzində kifayət qədər liberal olan qanunvericilikdən istifadə edərək öz fikirlərini yaya bilirdilər. Bununla belə, Azərbaycanın müvafiq dövlət qurumları vəziyyəti nəzarət altında saxlayırlar. Hazırda xarici missionerlərin açıq-aşkar fəaliyyəti qadağandır və xaricdə dini təhsil almış mütəxəssislər məscidlərdə və dini mərkəzlərdə dini təbliğat apara bilməzlər. Yəni, xarici təsirlər var, ancaq təhlükəli həddə çatmır.

- Fikrinizi bir qədər konkretləşdirə bilərsinizmi? Yəni, xarici missionerlərin təsiri ölkənin hansı bölgələrində daha çox özünü büruzə verir?

- Həm sərhəd yaxınlığında olan bölgələrdə, həm də Bakıda... Zənnimcə, burada ayrı-ayrı bölgələrdən danışmaq düzgün deyil. Çünki Azərbaycanın bir çox şəhər və rayonlarında həm müsəlman, həm xristian missionerlərin təsirinə rast gəlmək olar. Ölkəmizin bölgələri arasında kifayət qədər əlaqələr var və baş verən dini proseslər ümumi xarakter daşıyır. Onu da unutmamalıyıq ki, dini sahədəki proseslər ölkədəki ictimai-siyasi proseslərlə sıx bağlıdır. Dini radikallığın, dinin siyasiləşməsinin əsas səbəblərindən biri sosial-iqtisadi durumdur. Dini radikallıq, məhz işsizlik və savadsızlığın – dini və dünyəvi savadsızlığın nəticəsidir.

- Bəs xristian yönümlü cərəyanlar arasında radikal olanları varmı?

- Burada “Yəhova şahidləri”nin adını çəkmək olar və bunun səbəbi ondadır ki, bu cərəyanın ardıcılları hətta kritik məqamlarda belə qan köçürmənin əleyhinədirlər. Bu cür hərəkətləri dini radikallıq kimi qiymətləndirmək olar. Çünki bu baxışlar digər insanların, eləcə də günahsız körpələrin həyatını təhlükə altına qoya bilər. Sözün düzü, Azərbaycanda belə bir halların baş verməsini eşitməmişəm. Lakin bəzi Qərb ölkələrində “Yəhova şahidləri”nin bu cür təhlükəli hərəkətləri ictimaiyyətin narahatlığına səbəb olur.

- Faiz baxımından ölkədə hansı cərəyanlar daha geniş yayılıblar?

- Qeyd etdiyiniz məsələ ilə bağlı rəsmi statistika yoxdur. Təxmini hesablamalara görə, əhalinin 96%-i müsəlmandır, onların 65-70%-i şiə məzhəbinə, qalanları isə sünni məzhəblərinə aiddirlər. Sünnilər arasında Hənəfi məzhəbinin ardıcılları çoxluq təşkil edir. Ölkənin şimal rayonlarında, xüsusən ləzgi və avar etnik qruplarına aid olan müsəlmanlar arasında Şafii məzhəbi də geniş yayılıb.

- Bəs İslamdan sonra hansı dindir?

- Xristianlıq, iudaizm, az sayda Krişna şüuru cəmiyyəti və Bəhai dininin davamçıları. Sonuncuların sayı olduqca azdır.

- Ölkədə radikal dindarların təlim düşərgəsi mövcuddurmu?

- İşğal olunmuş ərazilər istisna olmaqla, Azərbaycan hökumətinin nəzarəti altında olan ərazilərdə yoxdur.

- İndiki vəziyyətdə dini zəmində yarana biləcək hər hansı toqquşmanı nə qədər real hesab edirsiniz?

- Məncə, dinlər və təriqətlər arası münasibətlər sahəsindəki mövcud tendensiyalar davam etsə, dini sahədə heç bir ciddi problem olmayacaq.

- Xaricdən öz maraqları naminə dini cərəyanları təbliğ etmək üçün Azərbaycana külli məbləğdə pullar axdığı deyilir. Bu nə qədər inandırıcıdır?

- Mən deməzdim ki, xaricdən dini təbliğata görə bura çoxlu pullar gəlir.

- Bayaq dövlət qurumlarının öhdələrinə düşən işləri lazımınca yerinə yetirdiyini dediniz. Bəs Qafqaz Müsəlmanları İdarəsi (QMİ) necə, bu qurumun fəaliyyəti nə qədər qaneedicidir?

- Son illərdə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti çox tənqid olunub. Lakin biz bu sahədə bir çox müsbət dəyişikliklərin şahidi oluruq. Məsələn, son illərdə QMİ-nin rəhbərliyi gənc mütəxəssisləri işlə təmin edir. Bizdə olan məlumatlara əsasən, savadlı gənclərin belə vəzifələrdə çalışması öz müsbət nəticələrini verir. Bundan əlavə, QMİ-nin orqanı olan “Kəlam” jurnalının İnternet səhifəsi də açılıb. Qeyd edək ki, indiyədək idarənin saytı olmasa da, qurumu təmsil edən bu orqanın internet resursu artıq istifadəyə verilib. Bu da bir nailiyyətdir. Bundan başqa, idarə şiə və sünniləri bir araya gətirmək üçün çoxlu cəhdlər irəli sürür. Məsələn, təmir-tikinti işlərindən sonra yenidən istifadəyə verilən “Təzə Pir” məscidində şiələrlə sünnilər birlikdə camaat namazı qılırlar.
Bununla belə neqativ hallar da var. Çünki mollaların dini savadı hələ kifayət qədər yüksək deyil. Məncə, elə ən əsas problem də budur. Din xadimlərinin arasında heyət dəyişikliklərinin aparılmasına böyük ehtiyac var. Standartlara cavab verməyən dini xadimlər işdən azad olunmalıdırlar. Yəni, müsəlman din xadiminin obrazı yeniləşməlidir.

- Əgər molla gedib məclis aparırsa, qəbiristanlıqda “Yasin” oxuyursa, onu necə işdən azad etmək olar?

- Söhbət yalnız qəbiristanlıqlarda duran mollalardan deyil, əhalinin dini maarifləndirilməsi ilə məşğul olan din xadimlərindən gedir. Təbii ki, buraya yas məclislərini aparan mollalar da daxildir. Mənim qənaətimə görə, onların bilik səviyyəsi artırılmalıdır. Çünki bu gün məscidlərdə və yas məclislərinin süfrələrində milli-mənəvi dəyərlərimizə uyğun təbliğat aparılmalıdır. Biz belə imkanlardan geniş istifadə etməliyik.

- Məscidlərdə azanın səsləndirilməsinə bəzən qadağalar qoyulur. Bununla bağlı nə deyə bilərsiniz?

- Azərbaycan xalqının böyük əksəriyyəti müsəlmanlar təşkil etdiyi üçün, Bakı şəhərində və digər rayonlarımızda azanın səsləndirilməsi nə bizim milli ənənələrimizə, nə də dini ayinlərimizə ziddir. Bakı Şərqlə Qərbin kəsişməsində olsa da, müsəlman Şərqi ilə bağlı zəngin və şanlı tariximiz var. Buna görə də şəhər və kəndlərimizdə azanın ucadan səsləndirilməsində pis bir şey görmürəm. Zənnimcə, bu turistlərin azalmasına deyil, artmasına gətirib çıxaracaq. Bununla belə, xəstəxanaların və bəzi xüsusi obyektlərin yaxınlığında yerləşən məscidlərdə azan səsinin azaldılması probleminə ayrıca baxıla bilər.

- Bəs bəzi məscidlərin sökülməsilə bağlı fikirləriniz necədir? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəyan edib ki, sökülənlər məscid deyil, qanunsuz tikintidir...

- Əfsus ki, bəzi məscidlər sənədləri qaydasında olmadan tikilir. Zənnimcə, bu, yolverilməzdir. Eyni zamanda istərdim ki, müvafiq dövlət və məhkəmə orqanları ictimai rəyi nəzərə alıb belə məscidləri tikən hüquqi subyektlərə qanun çərçivəsində güzəşt etsinlər. Bəzi məmurların açıqlamalarına görə, sökülmüş obyektlərin birinin uçma təhlükəsi var idi. Bu cür halları ayrıca araşdırılmalı və tikinti zamanı pozuntulara yol verən şəxslər məsuliyyətə cəlb edilməlidirlər. İctimaiyyətin belə araşdırmalardan xəbərdar olmağa haqqı var.

- Sonuncu sualım qonşu Rusiya ilə bağlıdır. Fikrinizcə, Çeçenistan və Dağıstanda baş verənlər siyasi, yoxsa dini toqquşmalar sayılır?

- Şimali Qafqazda baş verənlər mürəkkəb və dolaşıq xarakter daşıyır. Həmkarım, Rusiyanın məşhur islamşünası Aleksey Malaşenkonun fikrincə, bu gün Şimali Qafqazdakı terrorizm qisas almaq və hökumətin siyasətinə qarşı etiraz etmək üçün yeganə vasitədir. Belə vəziyyət bölgənin sosial-iqtisadi problemlərini həll edə bilməyən Kremli qane edir və güc tədbirləri ilə kifayətlənməyə imkan yaradır.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1428

Oxşar yazılar