Professor Rafiq Əliyev: “Din pərdəsi altına girənlərin rüşvət aldığını görmüşəm” - MÜSAHİBƏ
17 fevral 2010 18:30 (UTC +04:00)

Professor Rafiq Əliyev: “Din pərdəsi altına girənlərin rüşvət aldığını görmüşəm” - MÜSAHİBƏ

Lent.az-ın “Persona” rubrikasının qonağı Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Neft Akademiyası ″Avtomatlaşdırılmış idarəetmə sistemləri″ kafedrasının müdiri, MBA və BBA proqramlarının direktoru, “Zadə irsi və Süni intellekt″ Assosiasiyasının prezidenti, professor Rafiq Əliyevdir. Rafiq Əliyev bizimlə söhbətdə elm və əxlaqdan, həyatından, hədəflərindən, arzularından söz açdı...

- Elm xadimi olmaq nə dərəcədə asan, yaxud çətindir?

- Elm ancaq özünü fəda edənlər üçündür. Əgər kimsə pul üçün elmə gedirsə, elmdə heç vaxt pul olmayıb. Nə Lütfü Zadənin, nə Eynşteynin, nə Nyutonun pulu olub. Əvvəla, onların pulu ona görə olmayıb ki, istəkləri olmayıb. Bu alimlər nəfslərini idarə etməyi bacaran insanlar olublar, idealları tamam başqa şeylərdir.
Elmin asanlığına, çətinliyinə gəlincə, elmin içərisinə girəndən sonra bu, bir azart olur, heç bir çətinlik hiss etmirsən. Təbii ki, özünü çox şeylərdən təcrid etməlisən. Əslində sənin nə villalara, nə bahalı maşınlara, nə ziyafətlərə istəyin olur. Bu insan həyatda yaşayır, ancaq öz istədiyi kimi yaşayır. Onun ən böyük amalı bir yaxşı elmi nəticədir. Bu elmi nəticəyə nail olanda, elə bilir ki, bütün dünyanın naz-nemətləri onundur. Bu baxımdan, elm xadimi bir çox şeylərdən təcrid olunmağı bacarmalı, nəfsinin sahibi olmalıdır. Bayaq da dedim ki, elm azartlı oyundur, fədailərin çiynindədir. Mən dünya elmindən danışıram. Sən dünya elminə girirsənsə, dünya səni qəbul edirsə, ən böyük arzun da, faydalılığın da oradan gəlir. Klassik iqtisadiyyatın kökündə çox qeyri-real, elmi əsası olmayan bir müddəa durur. Sadə dillə desək, insanlar, iqtisadi agentlər ancaq özünü, öz gəlirlərini düşünəndir. Bütün klassik iqtisadi nəzəriyyə, iqtisadi modellər, hesablamalar buna yönəlib. Tutaq ki, insan istehlakçıdırsa, düşünür ki, Havay adalarında istirahət etsin, bahalı maşınları, bir neçə villası olsun. Yaxud istehsalçıdırsa, zavodu varsa, insan deyir ki, fəhlə acından ölsün, qəti maraqlı deyil, yalnız onun cibi dolsun. Ona görə də dünya bu gün bu vəziyyətdədir. Böhran yaşanır, dünyanın bir tərəfi dolanır, bir tərəfi dərman belə tapmır. Uşaqlar acından ölür. Bu gün ümumi iqtisadiyyatın kökündə duran o qədər də dürüst olmayan nəzəriyyə artıq laxlayıb. Amma elmlə məşğul olan insanların heç birinin belə nəzəriyyəsi olmur, onları özlərinin cibləri düşündürməyib. Məsələn, Lütfü Zadəyə bir dəfə sual verildi ki, pulunuz çoxdurmu? Deyir ki, yox. Mübaliğəsiz deyərdim ki, son 30 ildə Yaponiyanın iqtisadiyyatı Lütfü Zadənin nəzəriyyəsi üzərində qurulub, idarə olunub. Amma buna görə Lütfü Zadə 1 dollar da qazanmayıb. Niyə? Ona görə ki, gərək vaxtında patentlər alaydı, patentlərdən ona faiz gələydi, indi bu gün Lütfü Zadə ən böyük milyarderlərdən biri olardı. Nyuton, Eynşteyn, Lütfü Zhadə başqa iqtisadiyyatla işləyiblər. Son 5 ildə dünya da gördü ki, klassik iqtisadi nəzəriyyə işləmir, davranış iqtisadiyyatına keçmək lazımdır. Yəni özünü düşünən insan dünyanı xoşbəxtliyə aparmır. İnsanın sosial xüsusiyyətləri, məsələn, dürüstlüyü, emosionallığı, dini xüsusiyyətləri iqtisadi amillərlə bərabər əsas amillərdən biri olmalıdır. Masamın üzərindəki “Müasir davranış iqtisadiyyatı” kitabını görürsünüz. Bu kitabda dünya ölkələri 2 meyara görə bölünür, bununla bağlı iqtisadi eksperiment aparıblar.

- Eksperiment hansı meyarlar əsasında aparılıb?

- Söhbət ölkələrdə adambaşına düşən ümumdaxili məhsul (ÜDM) və əhalinin dürüstlük dərəcəsindən gedir. Çox əfsus ki, Yaxın Şərq ölkələri, o cümlədən biz hər iki meyara görə aşağı səviyyədəyik. Sabah siz və mən o eksperimenti aparan müəllifləri məhkəməyə verə bilərik. Amma bu, eksperimentin nəticəsidir. Dürüstlük dərəcəsi italyanlarla bizim aramızda da eynidir. Baxmayaraq ki, İtaliyada adambaşına düşən ÜDM çoxdur, həyat səviyyəsi yüksəkdir, amma italyan mafiyası amili var. Seçilmiş əsl alimlərin amalı insanlara, bəşəriyyətə xeyir verməkdir. Əgər kimsə bunu əziyyət sayırsa, bəli, əziyyətdir. Amma alim bunu əziyyət saymır. Mən elmdə nə isə bir uğur qazananda, dünyada sayılan bir jurnalda məqaləm çıxanda, hansısa konfransda çıxış edəndə istəklərim təmin olunur. Tutaq ki, keçən il həm ABŞ-ın Berkli Universitetində, həm də Sinsinati universitetində plenar məruzələrimiz oldu. Birinci məruzələr Lütfü Zadənin, ikinci məruzələr mənimki oldu. Bu, mənim üçün hər şeydən önəmlidir. O baxımdan mən burada əziyyət görmürəm.

- Ömrünüzün 68 ili arxada qalıb. Azərbaycanda əsl elm xadimi olmaq asan, yoxsa çətindir?

- Əbülhəsən Abbasov adlı bir tanınmış professor-filosofumuz var. Onun “İdarəetmənin sinergetik fəlsəfəsi” adlı bir kitabı var, o kitabı oxudum, məni çox tutdu, ona rəy yazdım. Əbülhəsən müəllim o kitabda Yaxın Şərq dünyasındakı elmin vəziyyətini çox düzgün qiymətləndirir, səbəbləri təhlil edir. Onun göstərdiyi kimi elm üçün mühit lazımdır. Görürsünüzmü, Yaxın Şərq ölkələrində Nobel mükafatçıları yoxdur. Yeganə pakistanlı alim Abdüs Salam bu mükafatı alıb. O da 10 il İngiltərədə ingilislərlə birgə işləyib və ingilislərlə bir yerdə alıb. Düşünmürəm ki, Abdüs Salam Pakistanda qalsaydı, Nobel mükafatçısı olardı. Azərbaycanda indi lazımı elmi mühit yoxdur. Əvvəla, ona görə ki, hələ də bu günə kimi bizdə elmin nəticələrinə sosial sifariş yoxdur. Allah Bəxtiyar Vahabzadəyə rəhmət etsin, onun haqqında bir yazım çap olunub. Orada belə bir məqam var...
Təbiət həmişə təzədir, təzə,
Biz üz çevirməyək bu təzəlikdən.
Elm əxlaq ilə durub üz-üzə
İndi biz hansına haqq verək, görən?
Bəxtiyar müəllim həmdə lokal mənada əxlaqlı olmağa çağırırdı. Elmdə haqq xüsusən tapdanmamalıdır. Ziya Bünyadova da Allah rəhmət etsin. Bir dəfə Elmlər Akademiyasının iclasında dedi ki, hamınız özünüzü dünya şöhrətli alim adlandırırsınız, amma sizi Xırdalandan o yana heç kim tanımır. Dünyaya çıxmaq üçün dünya mühiti lazımdır. Biz nəticələrimizin çoxunu almanlarla, amerikalılarla birgə əldə etmişik. Məsələn, Berkli Universiteti dünyanın ikinci, üçüncü top universitetidir. Tək bu universitetdə 37 Nobel mükafatçısı var. Zadə də bu universitetdə çalışır. Biz onlarla işləyirik. Onlarla iş görmək üçün gərək onlara uyğun intellekt və iş qabiliyyətin olsun. 30 il əvvəl Nobel mükafatçıları adətən fərdi olurdular. Son 30 ildə Nobel mükafatı fərdlərdən çox alimlər kollektivinə verilir. Elm bu gün kollektiv fəaliyyət sahəsidir. Yəni gərək dünyaya çıxasan, dünya mühiti olsun.
Bu yerdə bir məqamı da qeyd etmək istəyirəm. Avropa universitetlərinin hamısı mübaliğəsiz ərəb universitetlərinin çiynində qurulub. Amma intibah dövründən Avropa inkişaf etməyə başladı. İndi Şərqlə Qərb elmini müqayisə etmək də mümkün deyil. Əbdül Salam Nobel mükafatı alarkən söylədiyi nitqdə deyir ki, bu gün elm məsələsində müsəlman dünyasının bu vəziyyətdə olması onunla əlaqədar deyil ki, o, islama xidmət edir. Onunla əlaqədardır ki, islama xidmət etmədi, islamdan sapmalar oldu. Başqa bir misal da gətirir. Deyir ki, İkinci Dünya Müharibəsi təzə qurtarmışdı. Sovetlər İttifaqının maliyyə naziri Stalinə növbəti ilin büdcə layihəsini təqdim edir. Stalin karandaşını götürərək elmə ayırmaları, bütün alimlərin maaşını 3-ə vurur. Stalin bunu etməsəydi, bu gün dünya bundan da qat-qat pis gündə olardı. Çünki SSRİ atom bombası yaratmasaydı, dünyada balans olmayacaqdı. ABŞ-ın hegemonluğu dünyanı nə vəziyyətə salacaqdı, onu demək çox çətindir.
Məndə sovetlər dövrünə heç bir nostalgiya hissləri yoxdur. Hətta yazılarımın birində demişəm ki, Stalin dövründə yaşamaq istəməzdim. Amma o vaxtlar SSRİ-də elmi mühit vardı. Bir misal deyim. Mən Moskvada SSRİ Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunda aspirant idim. Bu, dünyada çox məşhur institut idi. Kibernetika, idarəetmə sahəsində bəlkə də dünyada birinci institut idi. Lütfü Zadəni də ilk dəfə orada gördüm. Ora dünyanın hər yerindən alimlər gəlirdi. Bir dəfə oturub işləyirdim, gördüm ki, dəhlizdən bərk səs-küy gəlir. Çıxdım, aspirant yoldaşlardan soruşdum ki, nə olub. Dedilər ki, Xruşşov akademik seçilməyib. Həm də kənd təsərrüfatı üzrə 1 yerə bir nəfər namizədliyini vermişdi, qarğıdalının vaxtı idi. Dedilər ki, seçkidə heç bir səs almayıb. Sonra öyrəndim ki, SSRİ Elmlər Akademiyasının prezidentindən Xruşşov soruşub ki, onların niyə səs vermədiyini başa düşdüm, sən niyə səs verməmisən. Akademiyanın prezidenti deyib ki, mən də onlardanam. Yaxud Mixail Suslov SSRİ-də ikinci şəxs idi. Onun qızının əri Sumarokov var idi, informatika üzrə mütəxəssis idi. 7 dəfə SSRİ Elmlər Akademiyasına müxbir üzv seçilmək üçün ərizə verdi, 7-sində də keçmədi. Mən elmi mühit buna deyirəm. Elmə ayırmalar da yüksək idi.
Bu gün Azərbaycanda elmə ayırmalar nə qədərdir? Büdcədə elmə ayırmalar 0,2 faizdir. Əgər büdcədə elmə ayırmalar 2 faizdən aşağıdırsa, o elm iqtisadiyyata heç bir təsir etmir. Həmişə düşünürəm ki, Azərbaycanda iqtisadiyyat elminin vəziyyəti aşağı səviyyədədir. İqtisadçı alimlərimizin çoxu diskriptiv statistika ilə məşğuldurlar. İqtisadiyyat çox çətin, mürəkkəb prinsiplər üzərində qurulur. İqtisadiyyat insani amilləri, riyazi modelləri nəzərə alan çox çətin elmdir. Bu günlərdə telekanallarımızın birində iqtisadçı alimlərimizdən soruşdular ki, dünyada tanınmış jurnallarda neçə məqaləniz çıxıb? Dedilər ki, Azərbaycanda çap edirik, o jurnallar nəyə lazım, dünya ilə nə işimiz! Bu təfəkkür tərzi məni çox utandırır.
Ən vacib saydığım şey odur ki, xarici əlaqələrimdən istifadə edib dünya universitetlərinə azərbaycanlı tələbələr göndərim. Müxtəlif universitetlərdə professorlarla görüşürəm. Hərəsinə 5-10 tələbəni qəbul etməyi təklif edirəm. Tək Almaniyanın Zigen Universitetində 34 azərbaycanlı tələbə təhsil alır. Mən Almaniyaya gedəndə onları bir yerə yığıram, problemləri ilə maraqlanıram.

- Bu düşüncənin, bu əməllərin sahibi olan Rafiq Əliyev necə bir mühitdə, necə bir ailədə böyüyüb?

- Mənim atam məmur olub. Uzun müddət Ağdamda barama idarəsinin müdiri, müharibə dövründə taxıl tədarükü idarəsinin müdiri olub. Təqaüdə gedənə qədər müdir olub. Mənim özüm Novruzlu kəndində dünyaya göz açmışam, 5 il kənddə yaşamışam. Xudu müəllimin anası bizim kənddəndir, Mərzli kəndi ilə bizim kəndimiz arasında bir dərə var. Kənddə evimiz vardı, amma mənim 5 yaşım olanda kənddən köçdük. Anam, mən, əmimin həyat yoldaşı yayda kəndə gedirdik, mən barama qurdu saxlayırdım. Mən o texnologiyanı çox gözəl bilirəm. Gedib şax yığırdıq. Bilirdim ki, barama qurdu nə vaxt nə qədər yarpaq yeməlidir, sonra şaxa çıxmalı, barama sarımalıdır. Aparıb onu təhvil verirdik, gəlib özümə kitab alırdım. Atam da bunu bilirdi. Bir dəfə 3-cü sinifdə oxuyanda tut ağacına şax vurmağa çıxmışdım. Barama uçün tut ağacı başqadır, o, bar gətirmir. Yalnız yarpaqlayır. Mən şax vururdum, anamla əmimin həyat yoldaşı aşağıda dəstələyirdilər. Dəhrəni vuranda ucu dizimə dəydi. Məni qan apardı. Mənim əmimin xanımı da siqaret çəkən idi. O zaman qadınların çoxu dərddən siqaret çəkirdi. Cunasını yandırdı, külü yaraya basdı ki, qan kəssin. Kül həm də yaxşı dezinfeksiyadır. 68 yaşım var. Hələ də o göy yer dizimdədir. O da mənə işarədir ki, sən bu yolla gəlmisən. İndi mən haramı necə götürüm?
İkincisi, Lütfü Zadə internetdə 5-10 fikir qoyub, mənim fikirlərimi, özü də yazıb ki, Rafiq Əliyevin aforizmləri. Mən özüm ömrümdə belə şey yazmaram, o yazıb. Orada bir deyim var ki, Allah insanı pareto optimal yaradır. Pareto bir italyan alimidir, 150 il qabaq çox qəribə bir fikir səsləndirib. Deyir ki, iqtisadiyyatda hansısa bir meyarı yaxşılaşdırmaq istəsən, o birisi pisləşəcək. Mən bu fikri insan tərəfə çevirmişəm, ona görə də pareto optimal yazmışam. Bu yaşa çatmışam, görmüşəm ki, Allah bir insana hər şeyi vermir. İnsan çox meyarlıdır. Onun sağlamlığı, qaməti, xoşbəxtliyi, maddi durumu, ailəsi var. Amma mən yüzdə yüz əminəm ki, insan bu meyarların birini yaxşılaşdırmaq istəyəndə o birisində itirir. Ya namusda, qeyrətdə, ya sərvətdə itirməlisən, ya da səhhətdə. Allah Nüsrət Kəsəmənliyə rəhmət etsin, yazırdı ki, bizim evdə biri vardı, biri yox.

- İtirdiyimiz qədər tapır, tapdığımız qədər itiririk...

- Mən düşünürəm ki, mən maddi dövlətli olduğum qədər də mənəvi itki verməliyəm. O baxımdan o şeylərə getmirəm. Mən var-dövlətli insanları xoşbəxt görməmişəm. Ola bilməz ki, sən hər şeyi əldə edəsən. Ola bilməz ki, 10 villan, 10 maşının olsun, həm də xoşbəxt olasan. Bunun əvəzində nə isə itirməlisən. Bir dəfə mənə sual verdilər ki, axı niyə insanın hər şeyi olmamalıdır? Dedim ki, insan canlı məxluqdur, onun izafi hissə ehtiyacı var. Əgər insanın bütün ehtiyacları, tutaq ki, maddiyyatı, şəhvət hissi, hər bir şeyi təmin olunub. İnsan belədir ki, onun əlavə bir hissə ehtiyacı qalır. Allah bizi o hisslərdən qorusun.
Düşünürəm ki, mənim məmləkətimin mədəniyyəti, adət-ənənələri bu gün "pula yönəlmiş" ictimai duruma deyil "insana yönəlmiş" duruma layiqdir.

- Orta məktəb illəriniz necə keçdi, ali məktəbə sənəd verərkən valideynlərinizin tövsiyəsini, yoxsa öz arzunuzu əsas götürdünüz?

- Mən orta məktəbdə oxuyanda riyaziyyat, ədəbiyyat və başqa dərnəklər vardı. Dərsdən sonra təmənnasız uşaqlarla məşğul olurdular. Bizim ədəbiyyat dərnəyimiz vardı, mənim o vaxt şeirlərim çıxırdı. Sonralar rəhmətlik Famil Mehdi 2001-2002-ci illərdə o şeirləri yığmışdı. Ancaq görürdüm ki, şeir yazmağa talantım çatmır. Rəhmətlik Şahmar Əkbərzadə da bizim dərnəkdə idi. Şahmar düz yol seçdi. Bizim dərnəkdə Zakir Məmmədov şeir bərədə talantlı idi, o da fəlsəfə üzrə getdi, şairlik etmədi. Amma valideynlərim həkim olmağımı istəyirdi. Mənim bir fizika müəllimim vardı, Kamal Qaradağlı, müharibə iştirakçısı idi. O, çox proqressiv bir insan idi. Gördü ki, pis oxumuram. Mən məktəbi medalla qurtarmışam. Dedi ki, avtomatlaşdırma, telemexanika, informatika, televiziya və kommunikasiya ilə əlaqəli yeni bir ixtisas çıxıb, gəl bu sahəyə get. O, mənə təkan verdi. Mənim öz fikrim isə astronom olmaq idi. Görünür ki, romantika ilə yaşadığımız dövrlər idi. Amma müəllimim təkan verdi və bu ixtisası seçdim.
Onu da qeyd etmək lazımdır ki, Moskvada oxuduğum aspirantura illəri mənim üçün çox faydalı oldu. Klassik alimlərlə bir yerdə işləyirdik.

- Rafiq Əliyev Azərbaycan mühitindən dünya mühitinə necə çıxıb? Bir çox insanlar var ki, o mühitə çıxa bilmir.

- Mənim nəyim varsa, ilk növbədə valideynlərimə və o mühitə borcluyam. İkincisi, mənim həyatda bəxtim gətirib, yaxşı müəllimlərim olub. Otağımda iki şəkil var. Onlardan biri akademik Petrov olub. Çox böyük bir alim idi, böyüklüyü qədər də insan adam idi. Adətən, bu ikisinə bir yerdə çox az hallarda rast gəlinir. O, “İnterkosmos”un sədri idi. Bir kosmik gəmi sonda o “hə” deməyincə uça bilməzdi. O otağında olmayanda bilirdik ki, sabah, biri gün Baykonurdan hansısa gəmi uçacaq. SSRİ Elmlər Akademiyasının vitse-prezidenti idi. 20-30 il onunla təmasda oldum. İçərisində böyük xeyirxahlıq vardı. O, 1980-ci il avqustun 20-də rəhmətə getdi. Elə o dəqiqə təyyarə ilə Moskvaya getdim. Orada Axundov Səlim adlı bir azərbaycanlı alim gördüm. O, akademik Petrovla işləməyib. Aspiranturanı qurtarıb, evlənib, 2 uşaqla kirayədə çətinlik içərisində yaşayıb. Ona akademik Petrova müraciət etməyi məsləhət görüblər. Gəlir, katibə buraxmır. Səlim də israr edir ki, 1 dəqiqə sözü var. Bu vaxt Petrov otağın qapısını açıb çıxır. O, Petrova 1 dəqiqəlik sözü olduğunu söyləyir. Petrov da onu içəri dəvət edir. Səlim vəziyyətini danışır. Akademik Petrov da qayıdır ki, bəs sənə niyə indiyə qədər əziyyət veriblər? Akademik Petrov deputat blankında rayon sovetinə məktub yazır, xahiş edir ki, azərbaycanlı elmlər namizədini evlə təmin etsinlər. Onu evlə təmin edirlər.
Akademik Petrov bu qədər xeyirxah insan idi.
Mənim ikinci müəllimim Lütfü Zadə olub. Biz 1965-ci ildə tanış olmuşuq.

- Tanışlığınız hansı şəraitdə, necə olub?

- Mən həmin vaxt Moskvada aspirant idim. Lütfü Zadə də Amerikada seçilən böyük alim idi. Lütfü Zadə Bakıda anadan olub, ailəsi İrana gedib, 1942-ci ildən ABŞ-da yaşayıblar. ABŞ-da universitet qurtarıb, doktorluq müdafiə edib. Lütfü Zadənin Moskvada məruzəsi vardı. Seminarı Zıbkin adlı bir alim aparırdı. Seminardan sonra Zıbkin məni çağırdı, dedi ki, Rafiq, sənin yerlindir, tanış ol. İngiliscə danışdıq. Dedi ki, mən Bakıda anadan olmuşam, ancaq sonra İrana getmişik. Ayaqüstü söhbət etmişik. Bir müddət keçdi, Lütfü Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi meydana çıxanda Moskvada müəllimlərimlə qərara aldıq ki, bu nəzəriyyə ilə məşğul olaq. Ondan sonra mən Lütfü Zadə ilə məktublaşdım, görüşdük. SSRİ-də bu sahədə fəaliyyətə başlayan birinci biz olduq. Mənə orta məktəbdə ingilis dilini yaxşı öyrənməyim də kömək etdi. Ona görə də müəllimlərimə minnətdaram, onlar bizə dili yaxşı öyrədirdilər. Lütfü Zadə mənə böyük dəstək oldu, bu günə qədər də həmin dəstək davam edir. 1989-cu il idi, ABŞ-da Vaşinqton Universitetində çox böyük bir konfrans gedirdi. Zalda 1000-1500 nəfər vardı. Yekun iclası idi, konfrans bağlanırdı. Dünyanın seçilmiş 4 alimi də Rəyasət Heyətində oturmuşdu. Rəyasət Heyətindəki 3 alim danışırdı, sonuncu Lütfi Zadə danışacaqdı. Mən 14-cü cərgədə oturmuşdum. Gördüm ki, Rəyasət Heyətindən durub gəldi, dedi ki, üçüncü alimdən sonra sən çıxış edəcəksən. Bu, bir az qeyri-adi idi. Çünki orada məndən də yaxşı elm adamları vardı. Dedim ki, xahiş edirəm, yox, mən Rəyasət Heyətində deyiləm, burada tanınmış alimlər var. Lütfü Zadə qayıdıb getdi. 20 dəqiqədən sonra yenə gəldi. Dedi ki, mən xahiş edirəm, SSRİ-nin adından sən danış ki, nə işlər görülüb, nə işlər görüləcək. Mən onun xahişini qıra bilmədim. Düşünürəm ki, Lütü Zadənin bir məqsədi vardı. O, məni elmi ictimaiyyətə təqdim edirdi. Düzdür, ondan qabaq alimlərin çoxu ilə görüşür, məktublaşırdıq, Almaniyada və başqa ölkələrdə tanınmış jurnallarda məqalələrim çıxırdı. Amma bir də var ki, beş nəfərin biri kimi çıxış edəsən.
1994-cü ildə Almaniyanın Axen şəhərində 1000 nəfərin iştirak etdiyi konfransa amerikalı dostumla 10 dəqiqə yubandıq. Həmişə də Lütfü Zadə bu iclaslarda 1 saatlıq plenar məruzə edirdi. Bütün tanınmış alimlər ora yığışardı. Çünki Lütfü Zadə həmişə təzə söz deyir, bir şeyi iki dəfə deməz. Qapını açıb, güncdə bir yerdə oturduq. Lütfü Zadə danışdı, qurtardı. Dedi ki, mənə çıxış üçün ayrılımış vaxtdan 10 dəqiqə qalıb, mən professor Rafiq Əliyevdən xahiş edəcəm ki, o, bu 10 dəqiqəni yekunlaşdırsın. Bu ona görə deyildi ki, mənə, mənim fikirlərimə ehtiyacları vardı. Mən düşünürəm ki, o, məni təqdim etmək, dünyaya çıxarmaq istəyirdi. Belə epizodlar çoxdur.
Bir dəfə də Yaponiyadan mənə bir məktub gəlmişdi. İnformatika sahəsində beynəlxalq jurnal var. Məndən xahiş edirdilər ki, bu jurnala redaktor olum. Düzü, mən də əvvəlcə razılıq vermədim. Çünki məqalələri toplamaq, redaktə etmək çox vaxt aparır. Dedim ki, bir müddət sonra cavab verəcəm. Bir müddət sonra ikinci məktub gəldi. Həmin məktubu professor Lütfü Zadədən idi. Mənə aydın oldu ki, jurnala redaktor olmağımla bağlı fikri o verib.
Birdən soruşurlar ki, Lütfü Zadə Azərbaycan üçün nə edib? Lütfü Zadə bilir ki, kimi, nəyi, harada və necə yüksəltmək lazımdır.
Dünyaya çıxmaqda adlarını çəkdiyim bu iki insanın mənə dəstəyi böyük olub. İndi dünyanın istənilən yerində, ABŞ, Almaniya, Avstraliya, fərqi yoxdur, dostlarımız var. İstənilən vaxt zəng açır, məktub yazırıq. Dünyadakı 7-8 nüfuzlu elmi jurnalda mən ya redaktor, ya da Redaksiya Heyətinin üzvüyəm. Məqalələr gəlir, müzakirələr gedir. Bunlarla paralel, dünyaya çıxmaq üçün hər il keçirilən iki ənənəvi böyük konfransımız var. Bu konfranslar hər il dünyanın bir ölkəsində olur. Konfransın sədri mən, fəxri sədri Lütfü Zadədir. İlk konfransı Təbrizdə keçirmişik. Bütün konfranslarda Lütfü Zadə iştirak edir, dünyanın bizim sahədə olan əsas alimləri də o konfranslara gəlir. Biz konfransları İspaniyada, İtaliyada, Almaniyada, Finlandiyada və başqa ölkələrdə keçiririk. 2010-cu ildə növbəti konfransı Norveçdə keçirəcəyik. Bu konfranslarda elmin gələcək istiqamətləri müzakirə olunur. Dünyaya çıxış bu cür olur.

- Rafiq Əliyevin dinə münasibəti necədir?

- Mən Allahsız alim tanımıram. Söhbət əsl alimdən gedir. Dinə şəxsi münasibətimə gəlincə, mənim imanım dinimdən yuxarıdır, mən dini ritualları icra etmirəm. Salavat çevirmirəm, namaz qılmıram və s. Ona görə yox ki, onları bəyənmirəm, ya da rədd edirəm. Mən tanrının mütləqliyinə yüzdə yüz inanıram. Allah var, şəriki yoxdur. Amma dini sapmalar məni qəti təmin etmir. Din pərdəsi altında gizlənmək məni təmin etmir. Lütfü Zadənin ən çox işlətdiyi sözlərdən biri də “inşallah”dır. Həmişə Allahı başının üstündə görür. Abdulla Şaiqin oğlu akademik Kamal Talıbzadə vardı, dilçi alim idi. Kamal müəllim iki dəfə müxtəlif vaxtlarda mənə deyib ki, atam “Tülkü həccə gedir” əsərini uşaqlar yox, böyüklər üçün yazdığını, onu niyə uşaqlar üçün keçildiyini bilmədiyini söyləyib. Mən nə qədər din pərdəsi altına girənlərin rüşvət aldığını görmüşəm. Deməli, dini atributlar hökm deyil. Ən böyük atribut Allahı başının üstündə görmək və daxili senzorun səsi ilə işləməkdir. Bəxtiyar Vahabzadə də həmişə ikinci səsi ilə interaktiv münasibətdə olub. Əsas vicdan səsinə qulaq asmaqdır.

- Övladlarınız necə böyüyür, ailədə tarazlığı necə tənzimləyirsiniz?

- İki qızım, bir oğlum var, mənim yolumu tutublar. Böyük qızım dosentdir. Həmişə bu fikrimi təkrar edir ki, bir evə haram pul girərsə, o evdə yas, başqa bir pis şey olar. Oğlum isə iki dəfə məndən çox məvacib alır. Mənim də məvacibim az deyil. Oğlum professor, elmlər doktorudur, ABŞ-da, Almaniyada işlədi, hazırda Şimali Kiprdə işləyir. Şimali Kiprdə professor çox yaxşı qazanır. O qazancının 60 faizini 2 uşağının təhsilinə yönəldib. Digər qızımın da yoldaşı professordur, xaricdə işləyir.

- Yaxın dostlarınız kimlərdir?

- Bir dəfə Ağdama, qohum-əqrəbanın yanına getmişdim. Rayona gedəndə cəmiyyətin müxtəlif təbəqələri ilə, o cümlədən şagirdlərlə, əsgərlərlə görüşürəm. Bir ruhani ağsaqqalımız Seyid Mirəli vardı, indi rəhmətə gedib. O bir dəfə mənə dedi ki, əyri xurcun yükü başa vurmaz. Dostluqda hökmən tarazlıq olmalıdır. İstənilən münasibətdə gərək simmetriya olsun. Ailədə də belədir. Əgər ailədə diktatura qurursansa, uzun getməyəcək. Gərək ailədə dostluq olsun. Simmetrikliyin olması, xurcunun hər iki gözünün düz gəlməsi üçün insanın öz təbiətinə uyğun adamlarla dostluq etməlidir. Məsələn, mən azad düşüncəli, sınmayan insanlarla dostluq edirəm. Həyatda ən dəhşətli şey sınmaqdır, gərək insan heç bir şeyin qabağında sınmasın. Mən bu cür insanlarla dostluq edirəm.
Bəxtiyar Vahabzadə bir dəfə mənə bir əhvalatı danışdı. Dedi ki, Xudu Məmmədov, Nurəddin Rzayev və o, Kəlbəcərə gəliblərmiş. El adət-ənənəsinə uyğun olaraq, onların ayağının altında bir qoyun kəsmək istəyiblər. Bəxtiyar Vahabzadə deyir ki, mən də uşaq vaxtından qandan qorxan olmuşam, dedim ki, sən Allah, bu qoyunu buraxın. Qoyunu buraxırlar. Bəxtiyar Vahabzadə görür ki, Xudu Məmmədov bərk tutulub. Soruşur ki, Xudu, kefin yoxdur! Xudu cavab vermir. Bir də soruşanda Xudu Məmmədov Bəxtiyar Vahabzadəyə deyir ki, sən bir qoyunu qoyunluğundan azad olmağa qoymadın. Bundan artıq nə edəcəkdin ki...
Deyirlər ki, dost bir olar, ya iki. Ancaq indi qloballaşan dünyadır. Mənim dünyanın hər yerində yaxşı dostlarım var. Məsələn, mən həyat yoldaşımla ABŞ-a gedirəm, 1-2 ay qalıram. Nə qədər edirəm, dostlarım məni mehmanxanada qalmağa qoymurlar. Bəzən ABŞ, Almaniya, Avstraliya, yaxud başqa xarici ölkələrin ali məktəblərində oxuyan tələbələrimizin çətinliyi olur. Qiymət məsələsindən söhbət getmir. Ola bilər ki, bir il qrant veriblər, bu il qrant ayıra bilmirlər. Bu məsələlər üçün mən dostlarıma zəng vururam. Heç xahiş də etmirəm. Deyirəm ki, bir azərbaycanlı kimi mənim mənəvi borcumdur, o tələbəyə kömək edin. Bu dostlarım içərisində professorlar Lütfi Zadə, B.Fazlollahi (ABŞ), B.Türksen, V.Pedriç (Kanada), U.Eberhard (Almaniya) və başqalarını fərqləndirmək istərdim. Azərbaycanlı dostlarıma gəlincə, onların arasında İsmayıl İbrahimov, Maqsud Əliyev, Midhət Abbasov, Rüstəm İbrahimbəyov, Anar, Ramiz Rövşən, Cəmil Həsənli, Azər Mustafazadə, Aslan İsmayılov, Rafiq Məmmədov var, onlara böyük sayğı bəsləyirəm. Ola bilər ki, kimlərisə unutdum, inciməsinlər. Allah min rəhmət etsin, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Famil Mehdi çox yaxın dostlarım olub.

- Bir alimin arzusunu da bilmək maraqlı olardı.

- Mən arzu sözünü çox sevmirəm, hədəf sözünü daha çox sevirəm. Gənc dostlarıma, dünyanın müxtəlif ali məktəblərində oxuyan tələbələrə də məsləhət görürəm ki, arzu yox, hədəf ilə yaşayın. Təbii ki, ən böyük arzum, arzudan da böyük hədəfim Qarabağı azad görməkdir. İkincisi, millətimin ən bir fərdini azad görmək istəyirəm. Hər bir millətin 1 nəfəri belə azad deyilsə, o millət azad deyil. Millətin hər bir fərdinin içərisində xof olmamalı, qafası açıq olmalıdır. Ən böyük istəklərimdən biri də odur ki, millətimin xammala yox, biliyə söykənən iqtisadi modeli olsun. 5-10 ildən sonra xammal tükənəcək, bu insanlar ağılları ilə yaşaya bilməlidirlər. Bu gün ABŞ, Kanada, Qərbi Avropa ölkələrinin buraxdıqları məhsulların 80-85 faizi sənaye və kənd təsərrüfatı məhsulları deyil, elmi, texnoloji məhsullar buraxırlar. Bir balaca SD-də texnologiya satır, 100 milyardlar qazanır. Yaponiyanın, Cənubi Koreyanın, Sinqapurun, Malayziyanın, Honkonqun hansı xammalı var? Hamısı beyin hesabına yaşayır. Ancaq xəritə də dünyanın neft çıxan hansı yerinə bayraq sancsanız, hamısından qan iyisi gəldiyini görəcəksiniz. Yalnız Norveç istisnadır. Çünki Norveçdə mentalitet başqadır, orada xalq sözünü deyə bilir, Şərq dünyası deyil.
Cənubi Koreya, Sinqapur və Yaponiyada iqtisadi model elmə, biliyə söykənən model deyil, texnoloji modeldir. İkinci Dünya Müharibəsindən sonra Yaponiya hədəf götürdü. Dedi ki, mən elmə çox pul ayırmayacam, müəyyən dominant sahələr seçəcəm və yeni texnologiyalar alacam. Yaponlar ABŞ-dan, Almaniyadan, Fransadan, yəni bilik istehsal edən ölkələrdən texnologiyalar alırlar və çox vicdanla məhsul buraxırlar. Ancaq bilik istehsal edən birinci ölkələrə gəlincə, tutaq ki, ABŞ-da “Boinq”, yaxud “Dell” kompüterləri buraxılır. 80-85 faiz məhsul elmi, texnoloji xarakterlidir. Tutaq ki, ABŞ-da yaxşı bir cərrahi əməliyyat 100 min dollardır. Niyə yüzlərlə, minlərlə həkimləri və digər ixtisas sahiblərini göndərmirik ki, 2-3 il o ölkələrdə qalsınlar, o texnologiyaları öyrənsinlər? O insanlar tam mütəxəssis kimi yetişsələr, Azərbaycana qayıdanda hər cərrahi əməliyyatı 10-20 min dollara edəcəklər. Vergidən də büdcəmizə böyük məbləğdə pullar daxil olacaq. Biliyə, texnologiyaya söykənməliyik.

- Dünya hara gedir, Rafiq müəllim?

- Azərbaycan da dünyanın bir hissəsidir, dünya qloballaşır. Bizim dünyamız qalaktikalar içərisində balaca bir gəmidir. Bu gəmidə böyük bir hüzursuzluq var. İnsanlar bir-birini eşitmək, qulaq asmaq istəmirlər. Dünyanın mənəvi entropiyası çoxalıb. Entropiya artanda, o dağılma ilə nəticələnir. Bircə alternativ var. Bu alternativ də odur ki, insanlar bir-birini eşitməyi bacarmalıdırlar. İnsanlar deyəndə tək fərdlər yox, ölkələri də nəzərdə tuturam. Dünya heç vaxt Apokalipsisə bu qədər yaxın olmayıb. Bütün insanların, xüsusən alimlərin borcu odur ki, dünyanı bu təhlükədən qurtara bilsin. Bir ölkənin miqyasında çətin ki, dünyanın xilası üçün bir şey etmək mümkün olsun. Amerikalı fiziklər mücərrəd bir saat düzəldiblər, adı dünyanın axirət saatıdır. O saatda 12-yə 5 dəqiqə qalıb. Bu 5 dəqiqədə gəmini batırmaq da, dayanıqlı bir yola çıxartmaq da olar. Mənim ən böyük istəyim odur ki, əxlaqla elm arasında bir uyarlıq yaransın. Elm xüsusən XX əsrin ikinci yarısından sonra çox böyük sürətlə inkişaf edib. Bu gün yığılmış silahlar 500 dəfə dünyanı dağıtmağa kifayət edər. Elmin bu sürəti əfsuslar olsun ki, insandan daha çox müharibələrə və təbiəti məhv etməyə xidmət edib. İndi robot əsgərlər buraxırlar. Amma enerjimiz tükənib, bütün müharibələr enerji uğrundadır. Enerji mənbəyi tapmışıq, onu hara istifadə edirik? Atom, hidrogen bombası hazırlamağa. Ümumbəşəri əxlaqımız yüksək olsaydı, elmlə əxlaq arasında bir harmoniya olardı. Əxlaqımız tısbağa sürəti ilə inkişaf edib. Bu gün dünyanın ən dəhşətli problemi əxlaqla elm arasındakı uçurumdur. Bu uçurumu aradan qaldırmaq da seçilmiş insanların üzərinə düşür...


Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2185

Oxşar yazılar