Ötən il tikintidə 32 nəfər ölüb
27 yanvar 2010 12:45 (UTC +04:00)

Ötən il tikintidə 32 nəfər ölüb

İstehsalatda bədbəxt hadisələr zamanı ölənlərin ümumi sayı isə 69 nəfər olub

2009-cu ildə istehsalatda 250 bədbəxt hadisə baş verib. Bunun 65-i tikinti sektorunun payına düşür. Ötən il bu sektorda 32 ölüm hadisəsi qeydə alınıb. Tikintidə xəsarət alanların sayı isə 48 olub.

Lent.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyin rəisi Nəbi Şükürlü ötən ilin nəticələrinə dair keçirdiyi mətbuat konfransında belə deyib. O, qeyd edib ki, Dövlət Əmək Müfəttişliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri də istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatını aparmaqdan ibarətdir. Onun sözlərinə görə, ötən il ərzində istehsalatla əlaqəli 250 bədbəxt hadisənin 25-i qrup halında baş verib. Bu hadisələr nəticəsində 69 nəfər ölüb, 218 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Aparılan tədqiqat zamanı 270 nəfərə “İZ” formalı (istehsalat zədəsi) aktının verilməsi təmin edilib. Lakin 17 nəfərə qaydaların tələblərinə müvafiq olaraq, müxtəlif səbəblərdən “İZ” aktı verilməyib.

Nəbi Şükürlü bildirib ki, ötən il tikinti sektorunda baş vermiş bədbəxt hadisələrin əksəriyyəti zərbə nəticəsində əzilmə (48 faiz) və hündürlükdən yıxılma (16 faiz) səbəbindən baş verib. Onun sözlərinə görə, bu, işəgötürənlər tərəfindən tikinti normana əməl olunmaması, işçilərin fərdi mühafizə vasitələri (qoruyucu kəmər, dəbilqə) ilə təmin edilməməsi, tikilən binalarda potensial yıxılma təhlükəsi olan eyvanların, pilləkənlərin, lift şaxtalarının çəpərlənməməsinin nəticəsidir.

Nazirliyin baş müfəttişi onu da əlavə edib ki, istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasında işçilərin, xüsusən də ağır və zərərli sahələrdə çalışanların ilkin və vaxtaşırı tibbi müayinədən keçmələri vacibdir. Onun sözlərinə görə, vaxtında və obyektiv keçirilən tibbi müayinələrin istehsalat travmaları və peşə xəstəliklərinin qarşısının alınmasında müstəsna rolu var və bu sahədə nəzarətin gücləndirilməsi zəruridir: «Çünki sağlam işçilərin təhlükəsiz iş yerlərində çalışması həqiqətən də hər kəsin layiq olduğu əməyin real əsasını təşkil edir. İstehsalat qəzalarının qarşısının alınmasında dövlət nəzarətinin aparılması zamanı aşkarlanan pozuntuların aradan qaldırılmasına nail olmaq üçün effektiv maarifləndirmə tədbirləri də həyata keçirilməlidir. Ötən il biz bu istiqamətdə daha çox işləmişik».

Nəbi Şükürlü bildirib müfəttişlik 2009-cu ildə istehsalatın müxtəlif sahələrində çalışan mütəxəssislərin iştirakı ilə “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda tədris kursları təşkil olunub. Onun sözlərinə görə, maarifləndirmə tədbirləri çərçivəsində Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəyyən olunmuş Ümumdünya Əməyin Mühafizəsi Günü “Təhlükəsiz əmək – hər bir insanın hüququdur” mövzusunda geniş seminar-müşavirə də təşkil olunub. Bundan başqa, Dövlət Əmək Müfəttişliyinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Həmkarlar İttifaqları Konfederasiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, trans-milli və özəl təşkilatlarının nümayəndələrinin iştirakı ilə ümumrespublika seminar-müşavirə keçirilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428

Oxşar yazılar