Məhbəsdə doğulan oğlanın tükürpədici dramı – HƏYAT HEKAYƏTİ
14 yanvar 2010 18:00 (UTC +04:00)

Məhbəsdə doğulan oğlanın tükürpədici dramı – HƏYAT HEKAYƏTİ

“Dövlətin uşaqları” silsiləsindən

Azərin cəmi 8 yaşı var, ancaq yaşadığı faciələr böyük ömrə sığar: ilk faciəsini ana bətnində yaşayıb, heç vaxt ev üzü görməyib, atasının sifətini ümumiyyətlə tanımır, anasıyla görüşməyə qadın həbsxanasına gedir... Yəqin söhbətin ötən həftə olduğum uşaq evinin sakinlərindən birindən getdiyini bildiniz. Əvvəldən başlayaq...

Ailə

Vaqiflə Şükufə əksər kasıblardan da betər həyat sürürdü. Dolanışıqlarının yaxşı olmaması bir yana, oğulları Nəsimi və Nicatı heç orta məktəbdə oxuda bilmirdilər. Daha doğrusu, böyüyü 1-ci sinfə qoymuşdular. Ancaq növbəti sinfə keçəndə ona təzə şalvar, köynək, ayaqqabı, çanta almaq mümkün olmamışdı. Bundan sonra oğlanların heç biri məktəbə getməmişdi. Böyüyün 11, kiçik oğlanın isə 8 yaşı var idi. Elə təkcə oğlanlarını “düşmən çəpəri” görməklə təskinlik tapırdılar. Özlərini xoşbəxt saymasalar da, sabaha böyük ümidlə baxırdılar. Ancaq sən saydığını say, gör fələk nə sayır.

Qətl gecəsi

Vaqif 2001-ci ildə, yaz fəslinin o müdhiş axşamında evə yenə yorğun və acıqlı gəlirdi. Bütün günü iş axtarsa da, evə əliboş, arvadı və iki oğlunun yanına üzüqara dönmüşdü. Həyətə girən ərinin acıqlı sifətini görsə belə, hər halda qəlbindəki ümidinə güvənən Şükufə yenə həmişəki kimi “nə oldu?” deyə soruşdu. Yəni, “iş tapdın?” Vaqif isə başını yelləyərək heç nə deməyib evə girdi. Evdə isə hay-küy idi: Nəsimiylə Nicat oynayırdı, bayırda olan adama isə elə gəlirdi ki, kimsə evi içəridən sökür.
Uşaqlar atalarını görüb bir-birinə baxdılar, yəni vaxtdır, keçək o biri otağa. Bir neçə dəqiqədən sonra onların səsi yenə bərkdən gəlirdi. Vaqifin oğlanların üstünə qışqırmasıyla uşaqlar səslərini xırp kəsdilər. Buna baxmayaraq, kimsə atanın yanında oturub səssizcə qulaq assaydı, Nəsimiylə Nicatın az qala adi danışıq səsinin ucalığıyla gələn pıçıltısını eşidərdi. Vaqif isə onların səsini eşitmirdi: çünki qarşısına keçdiyi televizorun səsini artırmışdı. O heç televizora da baxmırdı; fikri borclarının yanındaydı, bir tərəfdən də iş tapa bilməməyin dərdini çəkirdi.

Nəhayət, Şükufə də həyətdən gəldi, balalarını süfrə başına çağırdı, bütün ailə birlikdə şam elədilər.

Yemək bitən kimi uşaqlar yenə qonşu otağa qaçdılar, az sonra onların səsi yenə də evi başına bürüdü. Artıq yemək yedikdən sonra kefi durulmuş Vaqif oğlanlarına bu səs-küyə görə heç nə demədi. Yalnız bir qədər zarafat çalarlı səslə “indi gəlib sizi döyəcəm aaa” dedi. Uşaqlar zarafat ahəngli bu sözü ciddiyə almadılar. Kiçik oğlu Nicat hətta “gəlib tapa bilsən döyərsən” dedi. Vaqif hər günkü qanıqara vəziyyətində kefinin açılması üçün onlara qoşulmaq istədi: “Gizlənin, gəlirəm...”

Uşaqlar böyük həvəslə gizləndilər: onlar hər ikisi çarpayının altına girmişdi, yalnız başlarını azca çıxarmışdılar. Otağın qapısını da azca aralı qoymuşdular ki, atamız gələndə görək, gizlənək. Onlar artıq beləcə beş dəqiqədən çox idi ki, gözləyirdilər. Atanın arabir “gəlirəm haaa” deməsi onlara ləzzət eləyir, bərkdən qəhqəhə çəkib gülür, “gəl, gəl” deyirdilər.

Birdən evin bayır qapısı döyüldü. Gələn Ənvər idi - Vaqifin əmisi oğlu. Vaqif xeyli vaxtdı ki, ondan pul almışdı, indi Ənvərin borcundan ötrü gəldiyi gün kimi aydın idi. Çünki əvvəllər də düz üç dəfə bu cür gəlib, yenə əliboş qayıtmışdı. Ənvər əsəbiydi. O qədər əsəbiydi ki, əmisi oğlunun arvadı Şükufə ona çay süzməyə də cəsarət eləmədi. Ənvər uca səslə danışır, Vaqifi danlayır, onu fərsiz saydığını deyir, borcunu istəyirdi. Əmioğlu isə yalnız arabir ağzını açır, ona cavab verirdi. Onların arasında mübahisə gedirdi. Ancaq bu mübahisə bir qədər birtərəfliydi: çünki yalnız Vaqif Ənvərin dediklərinə cavab verirdi, özü də heç hamısına yox.

Birdən Ənvər elə söz dedi ki, Vaqif daha dözə bilmədi: arvadını söyən əmisi oğlunu nə vaxt vurduğunu heç bilmədi də. Onlar süpürləşdilər. Bir-birini gah qamarlayır, imkan düşdükcə yumruqla, təpiklə vururdular. Birdən Şükufə də onlara qoşuldu. Vaqifin döyüləcəyini görən qadın bayaq kartof soyduğu mətbəx bıçağını da götürüb ərinin müdafiəsinə qalxmışdı...

Az sonra ər-arvad birlikdə əmioğlunu al qana boyamışdılar: Ənvər ölmüşdü.

Bütün bu olanları isə çarpayının altından balaca Nəsimiylə Nicat da seyr etmişdi...

Şükufə hamilə imiş...

Vaqiflə Şükufə polisə könüllü təslim oldular. Oğlanları isə... çarpayının altından çıxarmaq olmurdu. Onları oradan çətinliklə çıxararaq, gətirib uşaq evinə verdilər. Bu işi onların qonşusu polislə birlikdə gördü.

Məhkəmə oldu, ər-arvadın hərəsinə 14 il həbs cəzası kəsildi. Vaqif kişilər, Şükufə isə qadınlar üçün olan cəzaçəkmə müəssisəsinə - həbsxanaya göndərildi.

Nəsimiylə Nicat ilk vaxtlar uşaq evində də çarpayının altına girərdi: gözləri qarşısında valideynləri qətl törətmiş uşaqlar çox qorxmuş və sarsılmışdılar.

Bütün bu hadisələr baş verərkən bizim qəhrəmanımız Azər hələ anadan olmamışdı. Sən demə, əriylə qətl törədən vaxt Şükufə hamilə imiş. Azər də elə həbsxanada dünyaya gəlir. Üç yaşınadək elə anasının yanında qalır. Gördüyü yalnız qara paltarlı “xala”lar, yəni məhbusələr, “nadzor” bibilər və həbsxananın kişi işçiləri “əmi”lər olur.

Üç yaşına çatan vaxt Azəri həbsxanadan çıxarıb, uşaq evinə göndərirlər. Çünki qanuna görə, uşaqlar həbsxanadakı anasının yanında yalnız üç yaşına qədər qala bilər...

Qardaşı görmək təsadüfü

Artıq beş ildir ki, uşaq evindədir. Ata-anasının qatil olduğunu da bilmir. Atasını heç vaxt görməyib. Ancaq arabir anasının yanına gedir. Bundan ötrü anasının cəza çəkdiyi 4 saylı Cəzaçəkmə Müəssisəsinin işçisi rəsmi sənədlə gəlir. İşçi, ananın övladını görmək istəməsilə bağlı sənədi uşaq evinin rəhbərliyinə təqdim eləndən sonra Azəri həbsxanaya aparır. Qısamüddətli görüş üçün səhər aparılır, axşam yenə qaytarılır. Uzunmüddətli görüş isə bir neçə gün çəkir. Ən çox anasını istəyir Azər. Ancaq qardaşlarını da sevir. Nəsimiylə Nicat xeyli əvvəl – 2005-ci ildə, Azərin dörd yaşı olanda başqa bir uşaq evinə köçürülüb. Qəhrəmanımız onlardan ötrü də darıxır. Qardaşlarını arabir, özü də istədiyi vaxt yox, təsadüfən görür - uşaq evlərilə bağlı ümumi tədbir keçiriləndə bütün uşaqlar bir yerə yığışırsa, onlar görüşürlər.
Nəsimi və Nicat birinci sinfə məhz uşaq evinə gələndən sonra yollanıb. İndi Nəsiminin 20, Nicatın isə 17 yaşı olsa da, hər ikisi doqquzuncu sinifdə oxuyur.
Qardaşların yaxşı əl qabiliyyətləri var. Nəsimi daş və taxta üzərində oymalar edir. Mən uşaq evində olarkən eşitdim ki, o, hətta orta ölçülü daş parçasına insan başını elə məharətlə köçürür ki, görənlər heyran qalır. Nəsimi həm də yaxşı rəsmlər çəkir. Nicat da rəsm çəkməklə ad çıxarıb.

Sarsıdıcı hadisə

Azər özü qardaşları kimi rəsmi çəkməyi yaxşı bacarmasa da, uşaq evindəki hər kəs kimi o da verilən tapşırıqları yerinə yetirir. Günlərin birində bütün uşaqlara “ailə rəsmi çəkin” tapşırığı verilərkən isə onun çəkdiyi rəsm uşaq evindəki müəllimləri şoka salır. Tablonu təsəvvür edin: ata, ana və üç oğlan uşağının olduğu bir ev, otağın iki pəncərəsi və... pəncərələrin qarşısında barmaqlıqlar!

Bununla həm də Azərin ürəyinin dərinliklərindəki, heç özünün də əməlli-başlı dərk edə bilmədiyi gizlinlər üzə çıxır.

Bu da o!

Uşaq evində olarkən Azəri görməyi çox arzulayırdım. Və bu, mənə qismət oldu. Böyük zala keçdim, dedilər burda otur, indi onu çağırarıq. İki-üç dəqiqədə sonra gəldi: məsum görünüşlü, bir qədər də arıq, utancaq bir uşaqdı. Bir-iki sual verdim, dərslərilə-filan maraqlandım. Səsini çıxmadığını görüb dedim ki, cavab vermək istəmirsənsə vermə, öz işindi, istəyirsənsə səninlə sağollaşıb gedim. Deyəsən, dediklərim ona səmimi göründü və Azər danışmağa başladı. Bayaq verdiyim sualların hamısına cavab hazırlamışdı. Çünki danışarkən rabitəsiz cümlələrlə suallarımın hamısına aid cavablarını dedi. Və sonra bizim söhbətimiz başladı:

- Neçə yaşın var?

- Səkkiz.

- Məktəbə gedirsən?

- ...(başıyla təsdiqləyir)

- Dərslərini necə oxuyursan?

- Yaxşı.

- Ən çox hansı fənni yaxşı oxuyursan?

- Hamısını...

- Riyaziyyatı necə oxuyursan?

- Ən yaxşı elə riyaziyyatı oxuyuram.

- Bəs deyirdin hamısını yaxşı oxuyuram?...

- (bir qədər susub, qarmaqarışıq cümlələrlə danışır) Ən yaxşı elə riyaziyyatı oxuyuram da... Müəllim sual verdi sinifdə, heç kəs bilmədi, mən bildim... Mən yaxşı şəkillər də çəkirəm...

- Böyüyəndə nə olmaq istəyirsən?

- Əsgərlərin komandiri.

- ...

- ...bir də istəyirəm dükanım olsun, çoxlu pulum olsun.

- Pulu neynirsən?

- Pulu yığacam... sonra pulu olmayan adamlara verəcəm... Qoy borclarını qaytarsınlar...

- ....

Deməyə heç nə qalmadı... Heç yazmağa da...

Pərvin ABBASOV

[email protected]

P.S. Azərin bir dostu da var. Adı Talehdi. Uşaq evinin işçisi gedib Talehi də çağırdı. Ona da bir-iki sual verdim. Suallarımın biri ənənəviydi: “Böyüyəndə nə olacaqsan?” Cavab verdi ki, polis olacam. Mən yenə soruşuram: niyə? Cavab verdi ki, “adamları öldürənləri tutmaqdan ötrü”. Taleh gedəndən M. xanım dedi ki, onun anası atasını öldürüb həbsxanaya düşüb, uşağı da bura gətiriblər... Talehin həyat hekayətini növbəti yazıda oxuyun...

P.P.S. Yazıdakı adların hamısı şərti adlarla əvəzlənib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1340

Oxşar yazılar