Gözləri yol çəkən yavrular...
11 yanvar 2010 18:00 (UTC +04:00)

Gözləri yol çəkən yavrular...

Lent.az-ın əməkdaşı Bakıdakı uşaq evindən yazır

...O binaya gülə-gülə girib ağlaya-ağlaya çıxdım. Ürəyimdə ağlayırdım. Çünki çox sarsılmışdım. Bu, kövrək olmağımla da bağlı deyil, özümü kövrək adam saymıram. Mənim olduğum məkanda kim olsa, o hekayətləri kim dinləsə, o kədərli üzləri, qəmli gözləri kim görsə, sarsılar...


Bura Bakıdakı uşaq evlərindən biridir. Təhsil Nazirliyinin tabeliyində olan bu uşaq evinin sayını, paytaxtın hansı rayonda yerləşdiyini, rəhbərliyin və söhbətləşdiyim uşaqların adını yazmıram. Oradan çəkdiyim fotoşəkillərdə isə uşaqların üzünün görünməməsinə çalışmışıq. Bunların hamısının səbəbləri var. Uşaqların şəkillərini yaymamaqla həm Uşaq Hüquqları Konvensiyasına əməl edir, həm də sonradan onların valideynləri, yaxud yaxınlarının mümkün qəzəblərindən sığortalanırıq (həm biz, həm də uşaq evi).

Uşaq evləri haqda arayış

İnternatdan fərqli olaraq uşaq evlərinə valideynlərindən ikisi (və ya biri), yaxud qohumları olan uşaqlar verilir. Uşağın valideyni, yaxud qohumu ərazi üzrə rayon İcra Hakimiyyətindəki müvafiq komissiyaya müraciət edir. Komissiya məsələni araşdırdıqdan sonra əgər uşağın uşaq evinə göndərilməsi qərarına gəlirsə, Təhsil Nazirliyinə məktub göndərir. Təhsil Nazirliyi də müvafiq göndəriş verir. Belə ki, əgər həmin rayonda uşaq evi varsa, o ərazidəki uşaq evinə, yoxdursa, ən yaxın rayondakı müəssisəyə göndərir.
Təhsil Nazirliyi uşaq müəssisələrilə bağlı apardığı araşdırmaya əsasən, 2008-ci ilin iyun ayına qədər olan məlumatlara görə, Azərbaycandakı 55 dövlət uşaq müəssisəsində (bura Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin tabeliyinə daxil olan müəssisələrin hamısı daxildir) ümumilikdə 14 389 nəfər təlim-tərbiyə alır. Onlardan 10 334 nəfər yalnız təhsil alır, 4055 nəfər isə bu müəssisələrdə yaşayır. 55 uşaq müəssisəsindən 6-da, ümumiyyətlə uşaq gecələmir.
Müəssisələrdə yaşayan 4055 uşaq arasında 2900 nəfəri oğlan, 1155 nəfəri isə qızdır.
Qiymətləndirmə zamanı məlum olub ki, uşaqların 86%-i müəssisələrə bioloji ailələri, yəni valideynləri (əsasən valideynlərindən biri) tərəfindən yerləşdiriliblər. Digər dövlət uşaq müəssisələrindən (körpələr evi, gecə-gündüz bağçaları, uşaq evləri) internat məktəbləri və uşaq evlərinə yerləşdirilən, ya da bir müəssisədən digər müəssisəyə köçürülən uşaqlar cəmi 276 (6,8%) nəfər təşkil edir. Küçədən tapılan uşaqların sayı cəmi 108 (2,6%) nəfərdir. 130 (3,2%) nəfər uşaq müəssisəyə yaxın qohumları (genişlənmiş ailə) və ya himayəçiləri tərəfindən, 50 (1,3%) nəfər uşaq isə tibb müəssisələrindən (doğum evləri) yerləşdiriliblər.

17 yaşlı bacıyla 13 yaşlı qardaşı 5-ci sinifdə oxuyur

Getdiyim uşaq evində 100-dən artıq uşaq var. Bu ikimərtəbəli binada işçilərin sayı isə 60 nəfərdir. İşçilərin sayının çox olması gecə növbəsinin olmasıyla bağlıdır. Burada idman, rəqs zalları, əmək otağı, yemək otağı, yataq otaqları və s. var. Uşaqlar hər gün dörd dəfə yemək yeyir. Uşaq evinin bəzi yerləri istisna olmaqla demək olar hər yeri gəzdim, şəraitlə tanış oldum. Yeməklərlə əyani surətdə tanış ola bilməsəm də, şərairin yaxşı olduğunu deyə bilərəm. Heydər Əliyev Fondu bu uşaq evini yaxşıca təmir elətdirib.
Buranın məktəb yaşlı sakinləri yaxınlıqdakı orta məktəbə gedir. Daha doğrusu, onları məktəbə qrup rəhbərləri – tərbiyəçi müəllimlər aparır. Hər qrupda 25 uşaq var. Əvvəllər uşaqlar məktəbə sərbəst şəkildə gedib gəlirmiş. Lakin sonradan bəzilərinin siqaret çəkmək də daxil olmaqla başqa pis vərdişlərə “yiyələndiyini” görən rəhbərlik onları qrup rəhbərlərilə göndərmək qərarına gəlib.
Qrupdakı uşaqlar müxtəlif yaşdadırlar, lakin eyni sinifdə təhsil alırlar. Məsələn, 8 yaşlı uşaqla 13 yaşlı uşağın 2-ci sinifdə oxuması adi haldır. Buna səbəb yaşı çox olan uşaqların sinifdə qalmasıdır, əksər hallarda isə təhsilə çpx gec başlamasıdır. Konkret olaraq Şamaxı rayonundan olan üç bacı və qardaş (müvafiq olaraq 17, 16, 14 və 13 yaşlarında) eyni sinifdə – 5-ci sinifdə təhsil alır (onların dəhşətli hekayəti növbəti yazıların birində olacaq).
Ümumiyyətlə, bu cür uşaq evlərində 3 yaşından 17 yaşınadək uşaqlar olur. Lakin müstəsna hallara da rast gəlmək mümkündür. Məsələn, getdiyim uşaq evində hətta yaşı 19 olan bir qız da var. Ancaq yaşlarının neçə olmasının az fərqi var: çünki hamısının göz yol çəkir; özü də dəhşətli dərəcədə!

Yol çəkən, ürəklərə dağ çəkən gözlər

“Səni “Görüş otağı”na çağrırırlar“, “Sən evə gedirsən”. Heç təsəvvür etməzsiniz ki, bunlar uşaq evində nə qədər sevimli cümlələrdir! Hədsiz dərəcədə! Çünki uşaqların yanına heç də həmişə gələn olmur: kiminin yanına ildə iki-üç dəfə gələn olur, kiminin yanına iki ildə bir dəfə, kiminin də yanına ümumiyyətlə heç kim gəlmir!
A. və F. bacı-qardaşları kimi. Onları 2003-cü ilin payızında atası gətirib. A. 1995-ci, F. isə 1996-cı il təvəllüdlüdür (hazırda hər ikisi 7-ci sinifdə oxuyur). Uşaq evində bu uşaqların anası haqqında heç kimin doğru-düzgün məlumatı yoxdur. Yalnız ata vaxtilə bura gələrkən onların anasının əxlaqsızlıqla məşğul olduğunu deyərək, övladlarını uşaq evinə təhvil vermək istədiyini bildirib. Lakin onları uşaq evinə yerləşdirmək üçün sənədləri tam qaydasında olmayıb. Ata bura gələndə isə yalnız sənədlərin bir qismini yığıbmış. Uşaq evində bildirilib ki, başqa sənədlər də lazımdır. Dərdli görkəmdə olan bu kişi uşaqlara “siz burda gözləyin, bir siqaret çəkib gəlirəm” deyərək oradan çıxıb. Uşaq evinin işçisi M. xanım həmin anları belə xatırlayır: “Kişi çıxanda fikirləşdim ki, bu qədər problemin içində onun siqaret çəkmək istəməsi adi bir şeydi. Ancaq nədənsə iki-üç dəqiqə sonra mən də onun arxasınca çıxdım. Gördüm ki, bayırda yoxdur. Çıxıb getmişdi. O, bir daha bura gəlmədi...”
A. və F.-nın faktiki olaraq heç kimi yoxdur. Ancaq 7 ildir (!) ki, gözləri yol çəkir; onlar heç vaxt “Görüş otağı”na valideynləri, ya da qohumları tərəfindən görüşə çağırılmayıb; yalnız “Böyük qardaşlar və böyük bacılar” layihəsində onları görüşə çağıranlarla görüşmək istisna olmaqla (layihə çərçivəsində 30 oğlan və qız uşaq evinə gələrək müvafiq olaraq oğlan və qızları “qardaş” və “bacı” seçirlər, vaxtaşırı olaraq onların yanına gəlir, bir neçə saat vaxt keçirirlər).

Uşaqlardan biri, yaxud bir neçəsi “Görüş otağı”na, yaxud evə (“evə getmə” barədə sonra oxuyacaqsınız) gedirsə, bu, digərlərinə çox pis təsir edir; onlar görüşə, yaxud evə gedənə kəskin qibtə hissilə baxırlar. Belə uşaqları hətta uşaq evinin psixoloqu G. xanım da sakitləşdirə bilmir: “Həmin vaxt uşaq qəfəsdəki yaralı quşa dönür sanki; otaqda gəzir, bəzən ağlayır. Sanki yol çəkən gözlərin sahibinin ürəyi dözmür. Uşağın bu halı bir neçə gün davam edir...”

Bəzən isə yol çəkən gözlərin sahibinin ürəyi həqiqətən də dözmür: uşaq oradan qaçır. Düzdür, mən getdiyim uşaq evindən çoxdandır qaçış-filan olmayıb, ancaq bu cür hallara əvvəllər dəfələrlə rast gəlinib. Əgər uşaq qaçmaq istəyirsə, bunu məktəbə gedən vaxt gerçəkləşdirir. Burada tərbiyəçi-müəllimlərin nəzarəti olmadığından uşaq öz “qaçış” planını məhz məktəbdə həyata keçirir: dərs vaxtı oradan qaçır. Maraqlıdır ki, bəzi uşaqlar məktəbdən çıxıb hara gedəcəklərini belə bilmir! Əgər uşaq hansısa qohumunun (hətta bəzən valideyninin) evinin yerini bilirsə, ora gedir. Gedəndə də fikirləşir ki, qohum (əmi, xala və s.) məni yanında saxlayacaq. Ancaq qanunvericiliyə əsasən, həmin qohum uşağı gətirib uşaq evinə təhvil verməlidir. Burasını da deyim ki, qanunlar bir yana qalsın, qohumların demək olar hamısı qəti surətdə uşağı yanında saxalamağa razı olmur.

Bayaq “evə getmə” haqqında da yazdım. Bu, iki qaydada olur: qısamüddətli və uzunmüddətli görüş (bir neçə saatlıq, yaxud bir neçə günlük). Belə ki, valideyn, yaxud qohum gəlib uşağı aparır, yanında saxlayır, sonra yenidən gətirib uşaq evinə təhvil verir. Bəzi uşaqlar üçün isə “ev” ancaq həbsxanadır. Anaları həbsxanada olan uşaqları deyirəm. Adətən bayram günlərində qadın həbsxanasından bir nəfər işçi gəlir, müvafiq sənədləşmə işlərilə uşağı aparır, bir neçə gün anasının yanında saxladıqdan sonra geri qaytarır. Çox vaxt yavru anasının yanından - həbsxanadan qayıtmaq istəmir, ancaq qanun buna icazə vermir.

Elə uşaq da var ki, görüşə gələn, yaxud onu evə aparmaq istəyən ananı heç cür görə bilmir. Səbəb ananın vərəm olmasıdır. Əgər övladıyla görüşə icazə verilsə, ana heç özü də bilmədən uşağını vərəmə yoluxdura bilər. Bu səbəbdən də görüşə icazə verilmir.

Təhsil Nazirliyinin 2008-ci ilin iyun ayına qədər olan məlumatlarına görə, müəssisələrdə yaşayan 4055 uşağın evə getmə tezliyi belədir:
Hər şənbə və bazar evə gedənlər - 1329 nəfər;
Hərdənbir evə gedənlər - 2030 nəfər;
Ümumiyyətlə evə getməyən uşaqlar - 696 nəfər.

Öz övladını oğurlayanlar

Əlimizdə olan 2008-ci ilin rəsmi məlumatlarına əsasən, Azərbaycandakı uşaq müəssisələrində yaşayan 4055 uşaqdan yalnız 80 uşaq (1,97%) hər iki valideynini itirib. Qalanlarının ya bir, ya da hər iki valideyni həyatdadır. Bir çox hallarda övladını uşaq evinə verən ata uşağın anasının onu görməsinə icazə vermir. Yaxud tərsinə, ana atanın uşağı görməsinə razı olmur. Bu, uşağı uşaq evinə kimin təhvil verməsindən asılıdır. Mən yollandığım uşaq evində bir neçə il əvvəl bir kişi qızını gətirərək bura təhvil verib. Bir müddət sonra qızın anası onu görməyə gəlib. Atanın yazılı icazəsindən sonra qızla görüşə icazə verilib. Bir dəfə isə həmin ata qızını uzunmüddətli, yəni bir neçə günlüyə evinə aparıb. Lakin müəyyən olunmuş vaxt başa çatsa da, qız uşaq evinə qaytarılmayıb. Sonradan məlum olub ki, ana qızını atadan oğurlayıb. Qız polis vasitəsilə tapılaraq yenidən uşaq evinə qaytarılıb.

Başqa bir qadın isə iki qızını bura qoyub. Sonradan ərəb millətindən olan bir kişiylə ailə qurandan sonra “uşaqlarımı özüm saxlayacağam” deyərək, onları götürməyə gəlib. Uşaqları götürmək üçün müəyyən sənədləşmə işləri aparılmalıdır. Lakin ana sənədləşmə işlərini yekunlaşdırmamış qızlarını uşaq evindən gizlincə qaçırıb. Bu, qadın görüşə gələrkən olub. Həmin qızlar polis tərəfindən tapılaraq yenə ora gətirilib. Sonradan sənədləri qaydasına salan ana gəlib şızlarını qanuni şəkildə birdəfəlik aparıb. Lakin ərəb ərindən uşağı dünyaya gələn qadın yenə də qızlarını gətirib uşaq evinə təhvil verib.


Azərbaycanda analoqu olmayan hadisə

Uşaq evinin daimi sakinlərindən ən yaşlısının 19 yaşı var və bunu yazının əvvəlində demişdim. Bu qızı hələ 3 yaşında olarkən atası nevroloji xəstəxananın qabağına atıb. Daha doğrusu, ona deyib ki, burda otur, indi gəlirəm. Uşağa bir az pul da verib. O gedən-bu gedən daha atadan heç bir xəbər çıxmayıb. Təkcə həmin xəstəxana üçün yazdığı məktubdan başqa. Məktubda kişi rəsmi nikahda olduğu arvadının övladı anadan olan kimi ondan imtina etdiyini bildirib: “Anası imtina etmişdi, indi də mən imtina edirəm...” Nevroz xəstəliyinin əlamətləri olan uşağı elə həmin xəstəxananın işçilərindən biri tapır. Onu xəstəxanaya aparırlar, düz 10 yaşına qədər orada qalır. Sonra isə uşaq evinə göndərilir. Qız 9-cu sinifi 18 yaşında elə bu uşaq evində bitirib. Orta məktəbi bitirən il Bakıdakı kolleclərdən birinə sənəd verib, lakin ərizədə göstərdiyi ixtisas üzrə tələbə adını almağa cəmi 12 balı çatmayıb. Uşaq evinin direktoru deyir ki, qız imtahandan kəsilən gündən ağlamağa başlayıb: “Mən məzuniyyətə getmişdim. Qayıdanda gördüm ki, o yenə ağlayır, Təsəvvür edin, qız ayyarım dayanmadan hər gün ağlayıb...”
Direktor onun bu vəziyyətini görüb Azərbaycanda tələbə qəbulu ilə məşğul olan qurumun rəhbər şəxslərindən birinə məktub yazır. Məktubu ünvanladığı şəxs də qadın olub. “Siz də anasınız, yəqin qızın vəziyyətini yaxşı başa düşərsiniz” sözlərinin yer aldığı məktub beş-altı dəfə yazılır, ancaq... göndərilmir: məktubun məzmunu direktorun xoşuna gəlmədiyindən onları cırır, daha təsirli məktub yazmaq istəyir. Nəhayət, təsirli bir məktub yazır. Məktub göndəriləndən iki gün sonra cavab gəlir. Cavab məktubunun məzmunu qısa olsa da, ata-anasız qızın göz yaşlarının kəsilməsinə səbəb olur: “Sizin qızınız qəbul olunanların siyahısındadır...”
Tələbə olduğunu bilən qız isə az qalıb sevincindən göyə uçsun. Hazırda təhsilini davam etdirən qız dərslərini yaxşı oxuyur, təhsil aldığı kollecin rəhbərliyi onu orada müəllim saxlamaq istəyir.
(Qızın kollecə qəbul olunması müəyyən mənada qanun pozuntusu kimi görünə bilər. Ancaq bu məmləkətdə o qədər qanunlar pozulur ki, bir yetimin göz yaşlarını kəsən pozuntu əslində xeyirxah əməldir).
Yeri gəlmişkən, müəssisələrdə yaşayan uşaqlar arasında 1527 (38%) nəfəri uşaq sağlamlıq imkanları məhdud olan uşaqlardır. Bunlardan 1057 (26%) nəfər uşağın əlilliyi var. Bunlardan 706 (17,4%) nəfər uşaq əqli cəhətdən qüsurlu, 118 (2,9%) uşaq dayaq-hərəkət aparatının funksiyaları pozulanlar və 7 (0,17%) nəfər uşaq isə anadangəlmə fiziki qüsurlu idi. Həmin uşaqlardan 298 nəfərinin isə iki və ya daha artıq əlilliyi var (məsələn, bir uşaq həm əqli qüsurlu, həm də dayaq hərəkət qüsurludur).

Missionerlər uşaq evlərinə də ayaq açır

Uşaq evlərinə missioner təşkilatlar da ayaq açır, yaxud buna cəhd göstərir. Mən getdiyim uşaq evində təxminən 5 il əvvəl belə hal yaşanıb. Uşaqlara kompüter dərsi keçmək adıyla gələn müəllimin dini mövzularda təbliğat aparması rəhbərliyin diqqətini çəkib. Bu səbəbdən də müəlliməni bəhanəylə oradan uzaqlaşdırıblar: hamilə olan müəllimə analıq məzuniyyətinə çıxıb və onun əvəzinə başqa xanım müəllim göndərilib; lakin ona “uşaqlar öz müəllimlərini gözləyir” deyərək ayağını uşaq evindən kəsiblər.

Uşaq evlərinə düşmə səbəbləri

Ölkədə uşaqların dövlət uşaq müəssisələrinə düşmə səbəbləri barədə danışarkən yenə də rəsmi statistikaya müraciət edirik: 1909 (47,1%) nəfər uşaq ailənin maddi vəziyyətinin pis olması; 1219 (30,1%) nəfər uşağın xüsusi təhsilə ehtiyacının olması; 1142 (28,2%) nəfər uşağın yeganə himayəçisinin (tək valideyn) daimi iş yerinin olmaması və ya günün çox hissəsinin işdə olması, eyni zamanda, aztəminatlı olması səbəbindən dövlət uşaq müəssisəsinə düşüb.
982 (24,2%) nəfər uşağın ailəsinin daimi yaşayır yerinini olmaması və ya yaşayış şəraitinin pis olması isə 836 (20,6%) nəfər uşaq boşanma, uğursuz nigah nəticəsində; 796 (19,6%) nəfər uşağın valideyninin ağır xəstəliyi və ya əlilliyi səbəbindən işləməməsi səbəbindəndir.
Bəzi uşaqlar göstərilən bir neçə səbəb üzündən müəssisəyə düşüblər. Məsələn, həm tək valideynin olması, həm də ailənin maddi vəziyyətinin pis olması, valideynin işləməməsi və s.
Uşaq evlərində böyüyən uşaqların taleyi barədə isə qalın-qalın kitablar yazmaq olar. Hazırda ölkədə bu problemdən çıxış yolu axtarılır. Məsələn, Nizami rayonu ərazisində Heydər Əliyev Fondu tərəfindən yalnız kimsəsiz qızlar üçün nəzərdə tutulmuş yaşayış binası tikilib. Artıq bina istifadəyə hazır vəziyyətdədir, lakin hələ ki, orada yaşayış yoxdur. Yaxın vaxtlarda daha bir neçə bu cür binanın (qızlar və oğlanlar üçün ayrıca) tikilməsi barədə planlar müzakirə olunur.

Sonda

Əmək otağında uşaqların əl işlərilə, rəqs zalının yanındakı kiçik otaqda onların geyimlərilə tanış olandan sonra yataq otağına gəldim. Bu otaqların yarıdan çoxu çarpayıyla doludur. Çarpayılar üst-üstə iki sırada yerləşdirilib. Mən uşaq evinə gedəndən bir qədər sonra məktəb yaşlılar dərsə getdilər. Qalanlar isə 6 yaşınadək olanlar idi. Yataq otağında 6 yaşınadək uşaqların bir neçəsi mışıl-mışıl yatmışdı. Həmin vaxt onların nəinki mənim şəkil çəkməyimən, heç dünyadan xəbərləri yox idi. Ancaq xəbərləri olacaqdı. Çünki insan həmişə yuxuda olmur...

Pərvin ABBASOV

pervinabbasov@mail.ru

P.S Növbəti yazılarda italyan atanın azərbaycanlı oğlunun filmdə baş rola çəkilməsi, həbsxanada doğulmuş oğlanın mənzili məhbəs kimi təsəvvür etməsi, ərini öldürərək həbsxanaya düşən qadının övladının çəkdikləri barədə oxuyacaqsınız. Çox dəhşətli hekayətlər olacaq...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar