Jurnalistlərin 80 faizinin şəxsi mənzili yoxdur
11 yanvar 2010 15:15 (UTC +04:00)

Jurnalistlərin 80 faizinin şəxsi mənzili yoxdur

2009-cu ildə jurnalistlərin əmək haqqında artım olub, redaksiyaların 90%-də əmək müqavilələri bağlanıb


Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2009-cu ildə sosial durumlarının öyrənilməsi üçün yekun araşdırmalarını başa çatdırıb.

JuHİ sədri Müşfiq Ələsgərli Lent.az-a açıqlamasında bildirib ki, təşkilatın dekabr ayının ilk günlərindən başlayaraq keçirdiyi sorğuya ölkənin son 5 ildə fasiləsiz və gündəlik nəşr olunan, imici və ictimai rəyə təsir imkanı ilə seçilən 40-a qədər qəzet və informasiya agentliyinin, 20-yə qədər həftəlik nəşrin əməkdaşları cəlb edilib (ümumilikdə 60 redaksiya əhatə olunub).

Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda əmək münasibətlərinin rəsmiləşdirilməsi (əmək müqavilələrinin bağlanması), aylıq gəlirlərinin miqdarı, jurnalistləri daha çox narahat edən digər məsələlərlə bağlı sualları cavablandırıblar. Gündəlik nəşr edilən qəzetlərin və informasiya agentliklərinin əməkdaşları arasında keçirilən sorğunun nəticələri nisbətən ürəkaçan mənzərə yaradıb. Sorğunun nəticələrinə əsasən, bu qrup redaksiyaların yalnız 10 faizində əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı problemlər var (yəni bu tip redaksiyalarda əmək müqavilələri ya bağlanmayıb, ya da əməkdaşlardan yanlış baş redaktorla şəxsi bağlılığı olan əməkdaşlarla müqavilələr bağlanıb). Qalan redaksiyalarda (90 faiz) jurnalistlərlə əmək müqavilələri bağlanıb. Müqayisə üçün qeyd edək ki, 2007 və 2008-ci illərdə keçirilmiş sorğularda əmək münasibətləri rəsmiləşdirilməyən redaksiyaların sayı 85 faizlə ifadə olunub.

Bağlanan əmək müqavilələrinin nə dərəcədə işlək olması problemi isə yenə də qalmaqdadır. Sorğunun nəticələrinə görə, işçilərlə əmək müqaviləsi bağlamış redaksiyaların 78 faizində əmək müqavilələri simvolik xarakter daşıyır (Ya müqavilələr reallığı əks etdirmir, ya da onların şərtlərinə əməl olunmur). Bu qrup redaksiyalarda (yəni simvolik də olsa, əmək münasibətləri rəsmiləşdirilən redaksiyalarda) jurnalistlərin orta aylıq gəlirlərində də inkişaf nəzərəçarpacaq dərəcədədir. Əməkdaşlarının rəyi soruşulan 40-a yaxın gündəlik qəzet və informasiya agentliklərindən 73 faizində jurnalistlərin aylıq gəlirlərinin 300-350 manat civarında olduğu aydınlaşıb. Redaksiyaların 18 faizində aylıq gəlirlər 400 manatdan yuxarı, 9 faizində isə 250 manat civarındadır. Müqayisə üçün qeyd edək ki, 2007 və 2008-ci illərdə keçirilmiş sorğularda jurnalistlərin orta aylıq gəlirlərinin 200 manat civarında olduğu müəyyənləşib.

Həftəlik və ayda 2 dəfə nəşr olunan qəzetlərdə (20 redaksiyanın əməkdaşları arasında sorğu keçirilib) vəziyyət yenə də ağır olaraq qalır. Bu tip redaksiyalarda jurnalistlərin orta aylıq gəlirləri 100-150 manat civarındadır (yalnız 3 redaksiyada fərqli göstərici olub - 200 man, 250 man, 275 man). Bu tip redaksiyaların yalnız 5 faizində işçilərlə əmək müqavilələri bağlanıb. Qalan redaksiyalarda (95 faiz) əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində heç bir addım atılmayıb.

Rəyi soruşulanların önə çəkdikləri ən ciddi problem yenə də mənzilsizliklə bağlıdır. Şəxsi mənzili olmayan və ya aldığı əmək haqqı ilə bu problemi həll edə bilməyən jurnalistlərin sayı ötən illərdə olduğu kimi, 80 faizlə ifadə olunur.

JuHİ sədri bildirib ki, 2009-cu ildə jurnalistlərin aylıq gəlirlərindəki artım tendensiyası təqdir olunası hal kimi qiymətləndirilir. Əmək münasibətləri rəsmiləşdirilən redaksiyaların sayının kəskin şəkildə artımı ilin ən uğurlu hadisələrindən biri kimi qeyd oluna bilər. Növbəti illərdə əmək münasibətlərini rəsmiləşdirmiş redaksiyalarda əmək müqavilələrinin simvolik haldan işlək hala gətirilməsi üçün addımlar atılacaq. JuHi sədri jurnalistlərin sosial durumlarında baş verən bu yeniliklərin ortaya çıxmasında Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi xidmətinin olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar