“Donuz qripi” vaksini: gəlsin, gəlməsin?... - ARAŞDIRMA
08 yanvar 2010 11:00 (UTC +04:00)

“Donuz qripi” vaksini: gəlsin, gəlməsin?... - ARAŞDIRMA

Adil Qeybulla: “Azərbaycana “donuz qripi”nə qarşı böyük partiya vaksinlər gətirilməsinə lüzum yoxdur”

Şair Qurbanov: “Bu, aprel-may aylarına qədər ölkədə epidemioloji vəziyyətin necə olmasından asılıdır”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycana A/H1N1 virusuna (“donuz qripi”) qarşı göndərdiyi vaksinlərin birinci hissəsinin yaxın zamanlarda Bakıya çatdırılacağı gözlənilir. Gecikmə texniki səbəblərlə bağlıdır. 170 min doza vaksin Belçikanın “Qlakso Smit Klayn” şirkəti tərəfindən Kanadada istehsal olunub.

Peşman olanların sayı çoxalır

Maraqlı məqam isə odur ki, hazırda bir çox dünya dövlətləri “donuz qripi” təlaşı ilə bir neçə ay əvvəl aldıqları, ancaq ölkə əhalisinin maraq göstərmədiyi vaksinlərə indi alıcı tapmaq üçün ciddi-cəhdlə müştəri axtarışına çıxıblar. Çünki bu vaksinlərin istifadə müddəti 1 ildir və bu müddət ərzində alıcı tapılmasa, pulları batacaq. Məsələn, AH1N1 virusunun yayılmasının qarşısını almaq üçün 675 milyon avro xərcləyərək 94 milyon doza vaksin alan Fransa bu vaksinlərin 300 min dozasını Qətərə, 9 milyon dozasını ÜST-yə satıb. Misirə 2 milyon doza vaksin satmaq barədə anlaşmaya imza atan Fransa Meksika, Bolqarıstan, Rumıniya və Ukrayna ilə də bu istiqamətdə danışıqlar aparır.
Qısası, Fransa hökumətinin əsas məqsədi istifadəsiz qalan 70 milyon doza vaksini qısa müddətdə satmaqdır. Bu vaxta qədər 50 milyondan çox əhalisi olan bu ölkədə cəmi 4 milyon 600 min nəfər “donuz qripi”nə qarşı özünü peyvənd etdirib.
Fransanın Səhiyyə Nazirliyi bildirib ki, bir dozasını 6,25-10 avroya aldıqları vaksini elə bu qiymətə satmağa razıdırlar, eyni zamanda ancaq digər ölkələr də əllərində qalan vaksini satmağa çalışdıqlarından maya dəyərindən aşağı satış da mümkündür.
Vaksinlərdən can qurtarmaq məsələsində Fransa ilə rəqabət aparan əsas ölkə Almaniyadır. Almaniya bu vaxta qədər Monqolustan, Maldiv adaları və Kosova ilə danışıqlar aparıb. Hollandiya isə gərəksiz qalmış 19 milyon doza vaksindən canını qurtarmaq niyyətindədir.
İtaliya da digər ölkələrə vaksin satmaq yarışına qoşulub. Çünki 24 milyon doza vaksin alan İtaliyada yalnız 800 min nəfər özünü peyvənd etdirib. İspaniyada da 13 milyon dozanın çox kiçik hissəsi istifadə olunub.

Dərman şirkətləri 10 milyard dollar qazanıblar, ÜST saxtakarlıqda günahlandırılır

“Donuz qripi”nin təbliğ olunduğu kimi təhlükəli olmaması, bu virusun yayılma sürətinin zəifləməsi dərman istehsal edən şirkətlərə yönəlik şübhələrin artmasına da səbəb olub. Bu şirkətlərin insanları aldatmasıyla bağlı yaxın gələcəkdə məhkəmə proseslərinin də yəqin ki, şahidi olacağıq. Məsələn, 1 gün əvvəl aralarında Türkiyənin hakim partiyasının 2 deputatı da olmaqla, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) 14 avropalı millət vəkili dərman istehsal edən şirkətlərin qazanc əldə etmələri üçün “donuz qripi” təhlükəsinin şişirildiyi yönündə iddiaların araşdırılması üçün Avropa Şurası Parlament Assambleyasına müraciət edib.
8 ay ərzində bu şirkətlər 10 milyard avro qazanıblar. Millət vəkilləri bu ay ərzində dərman sənayesinin ÜST üzərindəki təsirini araşdırmaq üçün AŞ PA-nın təcili iclasının keçirilməsini istəyirlər. Avropa Şurasının Səhiyyə Komissiyasının sədri , almaniyalı deputat Volfgang Vodarg deyib ki, ÜST-nin “saxta qrip” üçün başladığı kampaniya bu əsrin ən böyük tibb qalmaqallarından biridir.

AH1N1 virusu adi qrip virusundan təhlükəli deyilmiş

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, tibbi ekspert rəyləri var ki, hava soyuduqdan sonra yenidən bu infeksiya vüsət ala bilər. Amma bu, hələlik rəydir. Professor hesab edir ki, Azərbaycana da böyük partiya vaksinlər gətirilməsinə lüzum yoxdur: “Digər tərəfdən, ÜST-nin reyestrində Azərbaycan humanitar, texniki, ixtisas yardımına ehtiyacı olan ölkələr sırasındadır. Hansısa ciddi problem ortaya çıxarsa, ÜST Azərbaycana müvafiq yardım göstərəcək. Məsələn, “quş qripi” ilə bağlı problem zamanı da ÜST-nin xəttiylə Böyük Britaniyanın laboratoriyaları Azərbaycana çox böyük yardım göstərdi. Qan nümunələri Londonda müayinə olundu, rəy verildi və s. Bu problem demək olar ki, lokallaşdırıldı və səngidi. Hal-hazırda “donuz qripi” ilə bağlı da xüsusi ajiotaja ehtiyac yoxdur. Yuxarıda da vurğuladığım kimi, böyük partiya vaksinlərin də alınmasına lüzum yoxdur. Bu, əlavə bir xərcdir”.
Adil Qeybulla qeyd etdi ki, araşdırmalar AH1N1 virusunun viruletliyinin (xəstəlik törətmə qabiliyyəti - red.) adi qrip virusundan çox olmadığını göstərir: “Sadəcə, “donuz qripi”nin geniş yayılması gözlənildiyindən burada ağırlaşma və ölümlərin adi qripdən çox olması proqnozlaşdırılırdı. Çünki pandemiya şəklini almışdı. Ancaq gözləntilər özünü doğrultmadı. Digər tərəfdən, dünyada hər il adi qripdən 300-350 min insan dünyasını dəyişir. Yuxarı tənəffüs yollarının xeyli infeksiyası var ki, bunları biz qrip adı altında ümumiləşdiririk, bəzən fərqinə varmırıq, yoxlanmırıq. Qripdən ağırlaşma həmişə olur. Sadəcə, “donuz qripi”ni insanlar xüsusi bir forma kimi nəzərdə tuturlar. Bu, belə deyil. “Donuz qripi”nin viruletliyi adi qrip virusundan çox deyil”.
Bununla belə, Adil Qeybulla bildirdi ki, televiziya, mətbuat əhaliyə bu kimi xəstəliklərdən qorunmaq istiqamətində yardımçı olmalı, təbliğat aparılmalıdır: “Qış vaxtıdır, təmiz terapiya aparılmalı, insanlar isti geyinməlidirlər. İmkan daxilində kütləvi toplantı yerlərində xəstə insanlardan uzaq durmaq lazımdır. Belə bir təmas olubsa, bədəni gücləndirən vitaminlərin, preparatların qəbulu məsləhətdir. Xəstə insanlar dərhal təcrid olunmalı, yataq rejiminə keçirilməli, belələri çoxlu maye qəbul etməlidirlər. Bu təbliğat hava-damcı yolu ilə yayılan xəstəliklərin əhəmiyyətli dərəcədə azalmasına yardımçı olar”.
AŞ PA-nın donuz qripi ilə bağlı araşdırmaya başlamasına toxunan professora görə, bu, artıq ittihamdır. Onun sözlərinə görə, bir zamanlar belə söhbətlər də gedib ki, “donuz qripi” xüsusi hazırlanmış virus formasıdır və bakterioloji silah kimi tətbiq olunub. Amma bunlar konkret ittihamdır və məhkəmə predmeti olan məsələlərdir: “Bununla bağlı konkret bir söz demək çətindir. İnsanın ağlına müəyyən şeylər gəlir, ancaq bu ittihamı irəli sürmək üçün əldə yetərli əsaslar olmalıdır. Hər şey mümkündür. Lakin doğurdanmı bu, reallıqdır, reallıq deyil, bunun üçün faktlara malik olmaq lazımdır. Millət vəkilləri yəqin ki, nəyəsə əsaslanıblar, bu iddialarını sübuta yetirmək üçün müəyyən dəlillərə malikdirlər. Amma məndə belə dəlillər yoxdur”.
Professor onu da dedi ki, viruslar həyatın qeyri-hüceyrəvi formasıdır. Viruslar zaman-zaman öz formalarını, genomunu, beləliklə, mahiyyətlərini dəyişirlər. Zaman-zaman qripin çox ağır formaları olub ki, kütləvi insan tələfatı ilə nəticələnib. Ona görə də bunu proqnozlaşdırmaq çox çətindir: “Ola bilər ki, “donuz qripi” virusu başqa bir formada ortaya çıxsın və onun adı başqa cür olsun. Amma hər halda “donuz qripi”ylə bağlı proqnozlarla reallıq hələlik üst-üstə düşmür”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin münasibətini öyrənmək cəhdlərimiz isə nəticəsiz qaldı...

“Ola bilər, peyvəndə ehtiyac olmasın”

Səhiyyə Nazirliyi Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov Lent.az-a açıqlamasında dedi ki, ÜST-nin göndərdiyi ilk partiya vaksinlər Azərbaycana mütləq lazımdır. Çünki risk qrupuna daxil olan insanlar var və infeksiya onlar üçün daha təhlükəlidir. Bu sıraya hamilə qadınlar, kiçik yaşlı uşaqlar, immun sistemində çatışmazlığı olanlar, tibb işçiləri və başqaları daxildir. Bu insanlar mütləq peyvənd olunmalıdırlar: “Ümumən, Azərbaycana nə qədər vaksin gətirilməsi lazımdır, bu, gələcəkdə, yəni aprel-may aylarına qədər ölkədə epidemioloji vəziyyətin necə olmasından asılı olacaq. Ola bilər ki, peyvəndə ehtiyac olmasın. Epidemioloji vəziyyətdən asılı olaraq qərara gəlmək olar”.
Şair Qurbanov nəzərə çatdırdı ki, ÜST-nin xəttiylə Azərbaycana vaksinlər aralarında 7-8 gün fərqlə iki mərhələdə gətiriləcək və cəmi 172 min doza olacaq. ÜST risk qrupları üçün bu vaksinləri ölkələrə pulsuz paylayır. Başqa sözlə, vaksinləri istehsal edən donor ölkələrin razılığıyla bu vaksinlərin 10 faizi ÜST-nin sərəncamına verilir: “Əgər gələcəkdə Azərbaycana əlavə vaksin həcmi lazım olarsa, bu, pulla alınmalıdır”.


Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584

Oxşar yazılar