Zəvvarlarımız ziyarətdən qayıdarkən ciddi problemlərlə üzləşiblər
08 noyabr 2012 16:37 (UTC +04:00)

Zəvvarlarımız ziyarətdən qayıdarkən ciddi problemlərlə üzləşiblər

Zəvvarların APA-ya bildirdiyinə görə, onlar Bakıya uçarkən aeroportda bir neçə saat gözləməli olublar: “Ölkəyə qayıdanda Səudiyyə Ərəbistanındakı aeroportda 6 saat gözlədik. Bizə təyyarə bileti verilsə də, müvafiq talonun üstündə təyyarədə hansı yerdə oturacağımız barədə heç nə yox idi. Marşrut avtobusu kimi kim harada istəyirdi, orada da otururdu. Bakıya gəlmişik, yüklərimiz isə Səudiyyə Ərəbistanında qalıb. Nə vaxt gələcəyi məlum deyil. Bəziləri yüklərin noyabrın 11-də gətiriləcəyini deyirlər. Yüklərin bir qisminin üstündə isə kimə məxsus olduğunu göstərən “birka”lar yox idi. Hərə yükünü tanıyıb götürür. Bu, artıq ciddi məsuliyyətsizlikdir”.


Azərbaycan Həcc missiyasının rəhbəri – Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov APA-ya açıqlamasında yük ləngimələri ilə bağlı məlumatı təsdiqləyib. O, bunu zəvvarların həddən artıq yük gətirmələri ilə izah edib: “Normadan artıq yük gətirirlər, məsələn 80 kiloqram. Ona görə də məcbur olmuşuq ki, zəvvarları Bakıya gətirəndən sonra yükləri karqo ilə Bakıya gətirək. Karqonun nə vaxt gələcəyi bu gün məlum olacaq. Zəvvarlar arasında nə qədər maarifləndirici söhbətlər aparırıq ki, yükünüz az olsun, yenə xeyri yoxdur”.


M. Payızov sərnişin talonunda oturma nömrəsinin olmamasını isə belə izah edib: “Orada yerlər hamısı eynidir, yəni birinci, ikinci dərəcə yoxdur. Kim harada istəyir, oturur. Hələ 5-6 yer də artıq qalır. Bu, problemli məsələ deyil”.

M. Payızov təyyarələrin gecikməsi ilə bağlı da danışıb: “Gecikmə 1, uzaqbaşı 2 saat ola bilər. Təsəvvür edin ki, Bakı əhalisini qısa müddətdə aeroportdan yola salırsan. Bu, asan məsələ deyil axı. Gecikmələr uzunmüddətli olmasa da, baş verib”.

Şöbə müdiri yüklərin bir qismində kimə məxsus olduğunu göstərən “birka”ların yoxa çıxmasının isə mümkün olmadığını deyib: “O “birka”ları elə möhkəm yapışdırırlar ki... “Birka” necə qopub yoxa çıxa bilər? Ola bilsin bir yükdə “birka” düşüb, daha yükün hamısında ola bilməz. “Birka”dı da, düşüb, yük kimindi, o da götürüb”.

M. Payızov QMİ-yə Həcc missiyasında xidmət göstərən aviaşirkətin Fransaya məxsus olduğunu da əlavə edib.

Qeyd edək ki, zəvvarların bir qismi 7 təyyarə reysi ilə artıq Bakıya qayıdıb. Bu gün daha 1 təyyarə Bakıya enəcək. Noyabrın 9-da bir, 10-da bir, 11-də bir, 12-də isə bir təyyarə zəvvarları Vətənə qaytaracaq.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə 2600 azərbaycanlı zəvvar gedib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1757

Oxşar yazılar