Bakı Metropoliteni payız qrafikinə keçir
14 sentyabr 2012 12:23 (UTC +04:00)

Bakı Metropoliteni payız qrafikinə keçir

Yeni tədris ilinin başlaması ilə Bakı Metropolitenində qatarların payız qrafiki üzrə hərəkətinin təşkilinə başlanılacaq. Metropolitendən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar sentyabrın 17-dən qatarlar arasında intervallarda bəzi dəyişikliklər ediləcək.

Yeni qrafikə əsasən, “Həzi Aslanov” stansiyasından “28 May”adək və əks istiqamətdə, qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə qədər azaldılacaq. Buna uyğun olaraq, “28 May”dan “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq, yəni 4 dəqiqə təşkil edəcək. Yay dövründə qatarların hərəkət intervalı 2,5 dəqiqəyə bərabər idi.

Günün digər vaxtlarında qatarlar “Həzi Aslanov”dan “28 May” stansiyasınadək və əks istiqamətdə, sərnişin sıxlığından asılı olaraq, 2,5 - 3 dəqiqə intervalla hərəkət edəcəklər. Həmin vaxtlarda “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində və əksinə hərəkət edən qatarlar arasında interval, iki dəqiqə artıq, yəni 5-6 dəqiqəyə bərabər olacaq.
“Həzi Aslanov”dan hərəkət edən qatarlarda interval müddəti yalnız “Bakmil - N.Nərimanov” yol mənzili istiqamətində qatarların hərəkəti zamanı daha çox olur. Bu, həmin qatarların metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq edilir. Yeni qrafik gələn ilin iyulunadək etibarlı olacaq.

Sərnişinlərin marağını nəzərə alaraq, “Nərimanov” stansiyasından “Bakmil”ədək və əks istiqamətdə, yeni qrafik üzrə qatarların hərəkət cədvəli sentyabrın 17-də metro.gov.az saytının xüsusi banner-bölməsində dərc olunacaq. Sərnişinlər hər hansı stansiyadan qatarların “Bakmil” istiqamətində hərəkət vaxtını müəyyənləşdirmək üçün bu saytda xüsusi banner-bölmədə yerləşdirilmiş interaktiv xəritədən istifadə etməklə müəyyən edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1983

Oxşar yazılar