20 il sonra: Həşəratlar, süni ət, yosunlar... – PROQNOZ
20 avqust 2012 17:33 (UTC +04:00)

20 il sonra: Həşəratlar, süni ət, yosunlar... – PROQNOZ

Qida məhsullarının qiymətinin qeyri-stabil olması və dünya əhalisinin dürmadan və sürətlə artması bizi nə yediyimiz üzərində düşünməyə vadar edir. Maraqlıdır, təxminən 20 il sonra bizim masamızın üzərində nə olacaq?

İlk baxışdan NASA, ətin qiyməti və nəfəsli orkestr arasında əlaqəni tapmaq qeyri-mümkündür. Amma nə qədər qəribə olsa da, onların hər üçü bizim gələcəkdə nə ilə qidalanacağımız və bunu necə yeyəcəyimizdə az rol oynamırlar. Ərzağın qiymətinin qalxması, Yer kürəsinin əhalisinin sayı və ətraf mühit problemi kimi məsələlər BMT-ni, dünya dövlətlərinin hökumətlərini narahat edən problemlərdən ancaq bir neçəsidir.

Ətin qiyməti insanların qida rasionuna ciddi təsir göstərən amillərdən biridir. Qida sənayesində çalışan bəzi mütəxəssislər iddia edirlər ki, yaxın 5-7 il ərzində ətin qiyməti 2 dəfə bahalaşa bilər. Bu isə onun bizim süfrələrimizdə dəbdəbə predmetinə çevrilməsinə səbəb olacaq.

Futroloq Morqan Qey bildirir ki, insanlar ucuz ətdən istifadə etməyə alışıblar: «Qiymətin qalxması isə bizim ətə dəbdəbə predmeti kimi baxmağımıza gətirib çıxaracaq. Nəticədə, biz mədəmizi digər yollarla «doldurmağa» cəhd edəcəyik».

Bəs bizim qida rasionumuzda və mədəmizdə əti nə əvəz edə bilər?

Həşəratlar

Həşəratlar və ya nə zamansa mini-heyvanlar adlanacağı güman edilən canlılar bizim rasionumuzun əsas məhsullarına çevriləcəklər.

Onlar artıq Yer kürəsi əhalisinin xeyli hissəsinin rasionuna daxildir. Qurdlar, tırtıllar və çəyirtkələr Afrikada populyar qida növüdür. Böyük arıları Yaponiyada sevə-sevə yeyirlər. Böcəklər isə Tailandda süfrələrin əvəzedilməz bəzəyidir.

Amma asiyalı və afrikalılardan fərqli olaraq hər şeyi yeməyən, çox şeydən iyrənən avropalı və amerikalıların qidasına çevrilmək üçün həşəratlar imiclərini köklü şəkildə dəyişməlidirlər.

Eksperimental Qida Cəmiyyətinin üzvü olan Morqan Qey iddia edir ki, insanlar onları “həşərat” adlandırana qədər belə bir qida populyar olmayacaq: “Biz “həşərat” sözündən imtina edərək, onları mini-heyvan kimi ifadə etməliyik. Ancaq bundan sonra biz bu qidanın populyarlaşacağına ümid edə bilərik”.

Qidanı yaxşılaşdıran səs

Müxtəlif tədqiqatlar dəfələrlə təsdiq edib ki, bizim qavrayışımız qidanın xarici görünüşü və qoxusuna təsir edir. Amma səsin qidaya necə təsir etdiyi çox az öyrənilmiş bir sahədir.

Oksford universitetinin alimlərinin bir qədər əvvəl apardıqları tədqiqatlar müəyyən edib ki, ayrı-ayrı səs tonu qidanı daha şirin və ya acı edə bilər.

“Condiment Junkie” şirkətinin əməkdaşı, tədqiqatda iştirak edən şəxslərdən olan Rassel Cons bildirir ki, qidanın necə göründüyü və necə qoxuduğuna böyük diqqət yetirilir: “Amma səsin təsiri də bu qədər əhəmiyyətlidir”.

Oksford universitetinin eksperimental psixologiya professoru Çarlz Spensin apardığı “Bittersweet” (“acı-şirin” kimi tərcümə edilir) tədqiqatı göstərib ki, arxa plandakı səs fonunu dəyişdirməklə qidanın dadını da nizamlamaq olar. Hələlik alimlərə bu zaman beyində nələr baş verdiyini müəyyən etmək mümkün olmayıb.

Öz növbəsində ingiltərəli baş aşpaz Heston Blyumental da qida və səsin qarışığı ilə ekperiment aparıb. Onun “Fat Duck” (“Gombul ördək”) restoranının menyusuna “Dəniz səsləri” adlı yemək daxildir. Bu yemək süfrəyə dəniz səslərini canlandıran “iPod”la bir yerdə qoyulur. Restoran müştərilərinin sözlərinə görə, bu səsin altında yeyilən qida daha yeni dad təsiri bağışlayır.

Cons bildirib ki, səsin tezliyinin qidanı daha da şirinləşdirdiyi alimlərə məlumdur: “Nəzəri cəhətdən siz qidada şəkərin miqdarını azalda bilərsiniz. Bunun əvəzində isə qidanın daha da şirin olması üçün musiqidən istifadə etməyiniz mümkündür”.

Şirkətlər hətta qablarda belə qida və səs arasında əlaqədən aktiv istifadə edirlər. Çips istehsal edən şirkətlərdən biri məhsulunun daha xışıltılı, müvafiq olaraq istehlakçının onun məhsulunu daha təzə sayması üçün qidanın qabını xüsusi olaraq dəyişib.

Bəziləri iddia edirlər ki, tezliklə qida məhsullarının qabının üzərində musiqili pleysəhifələr yarana bilər. Bunun sayəsində istehlakçılar öz istəklərinə uyğun olaraq qidanın dadını dəyişəcəklər.

Consun sözlərinə görə, səsin qidaya təsirini məişət texnikasında da istifadə etmək mümkün olacaq. Bəzi məişət texnikası buraxan istehsalçı şirkətlər soyuducuların səsi üzərində çalışırlar. Onlar bu yolla soyuducularda saxlanılan məhsulların daha təzə təsir bağışlanmasına cəhd edirlər.

Sınaq şüşəsindən ət

Hollandiyalı alımlər bu ilin əvvəlində laboratoriya şəraitində süni ət yaratmağa müvəffəq olublar. Tədqiqatçılar inəklərdən götürülən hüceyrələrin köməyi ilə xarici görünüşünə görə kalmarların əzələsinə oxşayan əzələ toxuması zolaqları yaradıblar. Alimlər bu ili sonunda dünyada ilk dəfə “sınaq şüşəsindən burger” hazırlamaq niyyətindədirlər.

Sosioloq Nil Stivens bəyan edir ki, ətin laboratoriya şəraitində əldə edilməsi ilə bağlı ilk elmi iş NASA tərəfindən maliyyələşdirilib. Alimin çalışdığı Kardiff universitetinin nəzdindəki tədqiqat mərkəzinin əməkdaşları kosmik məkanda uçan astronavtların sınaq şüşəsində hazırlanan ətdən qida kimi nə dərəcədə istifadə edə biləcəklərini müəyyən etmək üçün onu yoxlamadan keçiriblər.

Həmin dövrdən 10 il ötüb. İndi bü sahədə çalışan alimlər ətin rasionumuza daxil edilməsinin bu üsulunu ən effektiv və ekloloji təmiz üsul kimi bütün yollarla populyarlaşdırmağa çalışırlar.

Oksford universitetinin əməkdaşlarının bir müddət öncə apardıqları tədqiqat isə göstərib ki, heyvanların ənənəvi təbii üsulla yetişdirilməsindən fərqli olaraq, ətin laboratoriya şəraitində yetişdirilməsi enerji və suya qənaət etməyə, parnik qazları tullantısının səviyyəsini azaltmağa kömək edəcək. Bundan əlavə, alimlər süni ətin tərkibindəki piyin səviyyəsini aşağı salmağa, qidalı maddələrin səviyyəsini isə artırmağa qadirdirlər.

Maastrixt universitetinin alimlər komandasına başçılıq edən professor Mark Pol bəyan edib ki, süni əti elə hazırlamaq niyyətindədir ki, o, təbii ətdən qətiyyən seçilməsin. Amma reallıqda süni ət tamamilə fərqli görünə bilər. Pol Stivensin sözlərinə görə, hazirda süni ətin xarici görünüşünün necə olacağı ilə bağlı güclü diskussiyalar başlayıb.

Alimin fikrincə, əvvəlllər heç bir zaman belə bir şey olmadığından, insanlar “sınaq şüşəsindən ət” hazırlanması ideyasını qəbul edə bilmirlər. “Biz öz dünyamızada bu cür xammalın müvafiq növ müxtəlifliyinə malik deyilik, biz onunla nə etmək lazım olduğunu bilmirik. Bu, indiyə kimi mövcud olanlardan köklü şəkildə fərqlənir” – deyə, ekspert bildirir.

Yosunlar

Ola bilsin ki, yosunlar qida zəncirinin ən aşağı hissəsində yer tutublar. Amma onlar dünyanin ən mürəkkəb problemlərinin, o cümlədən ərzaq çatişmazliği probleminin həllinə çevrilə bilərlər.

Tədqiqatçılar güman edirlər ki, onunla həm insanlar, həm də heyvanlar qidalana bilər. Bu zaman yosunlar okeanda bitib çoxalırlar. Bu isə torpaq və içməli su çatışmazlığı şəraitində çox böyük üstünlükdür. Bir çox alimlər onu da söyləyirlər ki, yosunların əsasında yaradılacaq bioyanacaq enerjidaşıyıcılarından asılılıqdan yaxa qurtarmağa imkan verəcək.

Qida sənayesinin bəzi nümayəndələri öncədən bildirilər ki, yosunların fermalarda yetişdirilməsi kənd təsərrüfatının ən böyük sahələrindən biriənə çevrilə bilər. Bu məhsul artıq çoxdandır ki, Asiyanın bir sıra ölkələrində əsas ərzaqlardan birinə çevrilib. Bəzi ölkələrdə, məsələn, Yaponiyada yosunların yetişdirildiyi nəhəng təsərrüfatlar mövcuddur.

Yosunların Səhiyyə Fondunun icracı direktoru, doktor Kreyq Rouz bildirir ki, Avropada hələlik belə böyük kommersiya fermaları yoxdur: “Amma belə təsərrüfatlar Avropada da çox böyük müvəffəqiyyətlə işləyə bilər. Ən əsası isə odur ki, yosunlar fenomenal sürətlə inkişaf edir, onlar Yer kürəsində ən sürətlə inkişaf edən bitkidirlər. Onların Avropada istifadəsi xeyli artacaq”.

Həşəratlar kimi, yosunlar da insanların qida rasionunda gözlənilmədən peyda ola bilər. Məsələn, Şeffild universitetinin alimləri yosunların hüceyrə dənələrindən çörəkdə və yarımfabrikatlarda duzu əvəz etmək üçün istifadə ediblər.

Bu hüceyrə dənələri kifayət qədər qoxuludur. Amma onlarda yüksək arterial təzyiqin, insultun və vaxtından qabaq ölümün əsas səbəblərindən biri sayılan duzun faizi çox azdır. Alimlər hesab edirlər ki, bu dənələr supermarketlərdəki hazır yeməklərin, kolbasa məhsullarının və hətta pendirin tərkibində duzun əvəz edilməsində istifadə edilə bilər.

Rouz hesab edir ki, dünyada yosunların 10 mindən çox növü olduğu nəzərə alınsa, hər növün dadı ciddi şəkildə dəyişəcək.

Bax belə. Dünyadakı ərzaq böhranı, qiymətərin sürətlə artması insanları alternativ, ən ağlasığmaz üsullara əl atmağa, indiyə kimi ağlımıza belə gəlməsi mümkün sayılmayan variantlar üzərində düşünməyə, onları sınaqdan keçirməyə vadar edir. Çünki qəbul etməsək belə, insanların sayının sürətlə çoxalması, istifadəyə yararlı torpaqların, içməli su ehtiyatının isə əksinə sürətlə azalması bizi çox ağır durumla üz-üzə qoyur. Belə durumda isə aqil insan nəinki yosun, elə həşərat da yeyəcək.

Amma biz o qədər də narahat olmamalıyıq. Azərbaycanda yosun və həşərat yeyilməsinə hələ çox, lap çox qalıb. Süni ətə gəldikdə isə... bəlkə də biz onu çoxdan yeyirik...

Kamal Gürşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5001

Oxşar yazılar