Metronun 5 stansiyası niyə bağlanır? - DETALLAR
08 avqust 2012 14:06 (UTC +04:00)

Metronun 5 stansiyası niyə bağlanır? - DETALLAR

Bakı Metropoliteninin «20 Yanvar-Dərnəgül» sahəsi avqust ayının 9-da saat 22:00-dan etibarən avqustun 13-ü saat 06:00-a qədər müvəqqəti bağlanacaq. Metropolitendən Lent.az-a verilən məlumata görə, bu müddətdə qeyd olunan sahədə qatarların hərəkəti dayandırılacaq. «20 Yanvar», «Memar Əcəmi», «Nəsimi», «Azadlıq prospekti» və «Dərnəgül» stansiyaları həmin müddətdə sərnişinlərə xidmət göstərməyəcək. Sərnişinlər metronun «Həzi Aslanov-İçərişəhər» və «Həzi Aslanov-İnşaatçılar» istiqamətində və geriyə olmaqla, metropolitenin xidmətindən istifadə edə biləcəklər. Sərnişinlərdən qeyd olunan müddətlərdə digər ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur. «20 Yanvar-Dərnəgül» sahəsinin bağlanması tikinti işlərinin aparılması ilə əlaqədardır.

«Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi» və «Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq, Bənövşəyi xəttin «Memar Əcəmi-2» stansiyası 2013-cü ildə istismara verilməlidir. Hazırda həmin xəttin «Memar Əcəmi-2» və Ceyhun Səlimov küçəsində yerləşən «B-3» stansiyaları arasındakı tunellər inşa olunmalıdır. Bu tunel istismarda olan Yaşıl xəttin «Memar Əcəmi» stansiyasının altından keçəcək. Layihəçi və tikintini aparan təşkilatlar inşaat işlərinin risksiz yerinə yetirilməsi və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə bu istiqamətdə qatarların hərəkətinin dayandırılmasını təklif ediblər. Bu cür üsullar tunel tikintisində geniş tətbiq olunur və bu zaman əsas vəzifə məhz sərnişinlərin təhlükəsizliyidir.

Hazırda Bənövşəyi xəttinin «Avtovağzal» və «Memar Əcəmi-2» stansiyalarının inşası davam etdirilir. Bu iki stansiya arasındakı hər biri 2 min metr olmaqla tunellərin tikintisi müasir tunelqazma qurğularının vasitəsilə tamamlanıb. Hazırda tunelqazma qurğularının «B-3» stansiyası (Ceyhun Səlimov küçəsi) istiqamətində hərəkət etməsi üçün məhz iki xətt arasındakı qeyd olunan hissə qazılaraq keçilməlidir. İnşa olunan «Memar Əcəmi-2» stansiyası Bənövşəyi xətdən Yaşıl xəttin «Memar Əcəmi» stansiyasına keçid funksiyasını yerinə yetirəcək.

Bakı metropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 833

Oxşar yazılar