Yeni tip koronavirus (Covid-19) pandemiyası bu gün dünyanın bir nömrəli problemidir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
M. Quliyev deyib ki, bu gün dünya ölkələri səfərbər olub, istər dövlətlər, istər cəmiyyətlər, istər fiziki şəxslər bu mübarizəyə öz töhfəsini verir: “Azərbaycan koronavirus epidemiyası yayılan ilk gündən bu mübarizəyə qoşulub, dövlət tərəfindən lazımi işlər görülüb. 10 minə yaxın vətəndaşımız koronavirus yayılan ölkələrdən təxliyə edilərək gətirilib, karantinə cəlb edilib, artıq bir hissəsi də karantindən evə buraxılıb. Eyni zamanda koroanvirusla bağlı 30 min insan testdən keçib. Prezident İlham Əliyevin tapşırığı əsasında Baş Nazirin rəhbərliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Operativ Qərargah lazımi profilaktika, müalicə və önləyici tədbirləri həyata keçirir, əhaliyə də vaxtaşırı məlumat verilir. Çox təəssüflər olsun ki, görülən tədbirlərə baxmayaraq, koronavirus infeksiyası yayılmaqda davam edir. Prezidentin bu barədə verdiyi fərman və sərəncamlar bir tərəfdən əhalini səfərbər etməyə, digər tərəfdən koronavirusun ölkə iqtisadiyyatına, vətəndaşların sosial vəziyyətinə mənfi təsirinin aradan qaldırılmasına yönəldilib. Prezidentin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fonda ilkin olaraq Prezidentin Ehtiyat Fondundan 20 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir illik maaşlarını bu Fonda ianə ediblər. Bu da çox gözəl bir çağırış və nümunə oldu, Azərbaycan vətəndaşları, sahibkarlar, iş adamları bu çağırışa dəstək verdilər. Artıq Fonda 100 milyon manatdan çox vəsait cəmləşib. Eyni zamanda koronavirus infeksiyasının sosial, iqtisadi, maliyyə sahələrinə zərərli təsirlərini önləmək, yaxud bu zərərləri kompensasiya etmək üçün Prezident Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayırıb”.
Komitə sədri qeyd edib ki, bütün bunlar dövlətin, hökumətin koronavirusla mübarizə istiqamətində gördüyü tədbirlərdir: “Eyni zamanda bu mübarizədə dövlətlə ictimaiyyətin, hər bir fərdin müştərək fəaliyyətinin olması lazımdır. Hamı çəkici bir zindana vurmalıdır. Təəssüf olsun ki, çox ciddi çağırışlara, ciddi karantin rejiminə baxmayaraq, vətəndaşlarımızın bir hissəsi hələ də təhlükənin nə qədər ciddi, ağır olduğunun fərqində deyil. Vətəndaşlarımızın bir hissəsi, xüsusən yaşlı nəsil bu istiqamətdə nümunəvi rol oynamalı, məsləhət və tövsiyələrini verməli, nümunə göstərməlidirlər. Təəssüf ki, bəzən biz bunun əksini görürük. Dövlət orqanları 65 yaşdan yuxarı şəxslərin ümumiyyətlə, evdə qalmasını və heç bir təmasda olmamalarını tövsiyə etməsinə baxmayaraq, hələ də 65 yaşdan yuxarı insanların küçələrdə olmasının şahidi oluruq”.
M. Quliyev nəzərə çatdırıb ki, son iki gündə karantin rejimi daha da ciddiləşib: “Ölkə aprel ayının 20-nə qədər ciddi karantin rejiminə keçib. Bir sıra fəaliyyət sahələri qapadılıb, yalnız əhalinin sağlamlığı, ərzaq təminatı və digər ciddi ehtiyaclarını təmin edən sahələr fəaliyyətdədir. Buna baxmayaraq, hələ də küçələrdə avtomobillərin sayı azalmayıb. Küçələrdə heç bir zərurət olmadan gəzən insanları görürük. Bu, narahatlıq doğuran bir məqamdır. Operativ Qərargah da dönə-dönə nəzərə çatdırır ki, heç bir ciddi zərurət olmadan, xüsusən ərzaq və dərman ehtiyacından başqa digər məsələlərlə bağlı küçəyə çıxmaq və başqa insanlarla təmas olmaz”.
Komitə sədri Prezident İlham Əliyevin “Yeni klinika”nın açılışında bir çox ciddi mesajlar verdiyinə diqqət çəkib: “Bu mesajlardan biri də o idi ki, hər bir fərd təkcə özünə və ailəsinə cavabdeh deyil, bütövlükdə cəmiyyət qarşısında məsuliyyət daşıyır. Prezident dedi ki, əgər sən məsuliyyətsizlik edirsənsə, xəstələnəndə tək özünə zərər vurmayacaqsan, öz ailə üzvlərin, yaxın qohumların, hətta tanımadığın insanları da təhlükə altında qoyacaqsan. Onsuz da həkim və orta tibb işçilərinin işi ağır, gərgindir, sən virusa yoluxacaqsansa, müalicənə 10-a yaxın həkim və tibb işçisi cəlb olunacaq, məsuliyyətsizliyin nəticəsində onların iş yükü artacaq. Ziyalılar, sənət adamları, tanınmış idmançılar, KİV çağırış edir ki, evdə qal həyatını, cəmiyyəti xilas et. Bu çağırışlar elə-belə şüarlar deyil. Hansı ölkə vaxtında səfərbər oldu, intizamlı tədbirlər gördü, hansı dövlətin gördüyü tədbirlərə cəmiyyət adekvat reaksiya verdi, həmin ölkələrdə həmin infeksiya qısa müddət ərzində lokallaşdı və ağır fəsadlara gətirib çıxarmadı. Hansı ölkələrin cəmiyyətləri vaxtında adekvat reaksiya vermədi, məsuliyyətsizlik, intizamsızlıq göstərdi, o ölkələrin bəzilərində koronavirusa yoluxanların sayı 100 min nəfəri keçib, ölüm sayı da artıq minlərlə ölçülür. Bütün bunlar çox ciddi fəsadlardır. Təsəvvür edək ki, müharibə şəraitindəyik və Ali Baş Komandan bizə əmr edir ki, səngərdə oturun. Bu gün evimiz bizim səngərimiz olmalıdır. Hər birimiz həyatımızı, ailəmizi, cəmiyyətimizi və sabahımızı düşünərək bu günlərdə karantin şəraitinə ciddi əməl etməliyik. Heç bir zərurət olmadığı halda da evdən çıxmamalıyıq. Ərzaq tədarükünü həftəlik, 10 günlük etmək olar. Xəstəlik əlamətləri olan zamanda da evə təcili yardım çağırılmalıdır. Xalqımız bütün ağır və çətin şəraitdən çıxmağı bacarır. Hesab edirəm ki, bu dəfə də səfərbər olacağıq və dövlətimizin gördüyü işlərə öz töhfəmizi verəcəyik. Bizim töhfəmiz də karantinlə bağlı qərarlara riayət etməkdən ibarətdir. Qısa müddət ərzində koronavirus epidemiyasının Azərbaycanda lokallaşmasını və təhlükənin aradan qalxmasını hamımız bir yerdə təmin edəcəyik”.