Üç uşaqlı işsiz valideynlərə niyə 190 manat verilmir? – DSMF-DƏN AÇIQLAMA
Səidə Zeynalova deyir ki, arada atamgil kömək edirdi. Rayondan ərzaq göndərirdilər. İndi onu da göndərə bilmirlər, qalmışıq burda. Həyat yoldaşım əvvəllər işləyirdi günəmuzd 15 manata, indi karantin düşəndən o da işləmir.
Bu gün qanunun aliliyinə tabe olub evdə oturan İsmailovlar ailəsi çətin vəziyyətə düşüb. Karantin rejiminin qaydalarına tabe olaraq insanların evdən çölə çıxmaması səbəbindən ailə başçısı Müqəddəs İsmailov da işini müvəqqəti itirənlər sırasındadır. Səidə Zeynalova deyir ki, koronavirus infeksiyası yayıldığı günə qədər həyat yoldaşı günəmuzd işlərdə işləyərək, ailəsini pis yaxşı dolandırırdı. Lakin karantin rejimi tətbiq olunduğu gündən evə bir manat da olsa, çörəkpulu gətirə bilməyib: “Məşğulluğa getmişdik, dedim, bizə yardım edin, dedilər ki, ay xanım bura niyə gəlmisiniz, göydən virus yağır. Dedim, bizim ailəmizin vəziyyəti pisdir. Uşaqlarım yemək istəyəndə necə başa salım ki, virusdur, işləmək olmaz. Axı onlar başa düşmür virus nədir, işləmək olmur bu zaman. Dedilər ki gedin, karantin bitəndən sonra sizə köməklik edərik. Mən axı necə uşağa başa salım ki, yemək istəmə, yemə, karantin bitəndən sonra yeyərsən”.
Əslən Yardımlı rayonundan olan ailə hazırda Xəzər rayonunun Binə südçülük sovxozu ərazisində yaşayır. Maddi vəziyyətləri çətin olduğundan, bir müddət yaxın qohumları tərəfindən onlara maddi köməklik göstərilib. Hətta Yardımlı rayonunda yaşayan qayınatasıgil tərəfindən də ara-sıra kənd məhsulları ilə də təmin olunublar. Hazırda karantin rejimində rayonlara gediş-gəliş bağlı olduğundan, ailənin bu yardımdan da əli üzülüb. İşsiz şəxslərə dövlət tərəfindən verilən 190 manat müavinət də ailənin adında torpaq sahəsi olması səbəbi ilə təyin edilməyib. İndi onların tək ümidi dövlətə sığınmaqdır: “Biz hər gün televiziyada baxırıq, dövlətimiz deyir ki, imkansızlar bizdən kömək istəsin, biz də kömək edək. Mən ona görə dövlətimdən kömək istəyirəm. 3 uşağım var, istəyirəm mənə də sosial müavinət versinlər. Heç olmasa, uşaqlarımı bir az dolandıra bilim. Dəfələrlə getmişik düzəltməyə, deyiblər ki, həyat yoldaşın işləməlidir. İndi qalmışıq belə ki, yoldaşım işləsə, daha neynirəm o sosial yardımı. Elə dolanardıq da”.
On ilə yaxındır Səidə Zeynalova yaşadıqları ərazidə bir sıra işlərdə günəmuzd çalışdığını deyir. İsmailovlar ailəsində üç uşaq böyüyür ki, onlardan da böyüyünün 9, kiçiyinin 5 yaşı var. Ailənin maddi vəziyyətinin ağır olduğu bir məqamda 9 yaşlı balaca İlahənin ağır xəstəlik keçirməsi İsmailovların onsuz da çətin olan vəziyyətlərini bir az da ağırlaşdırıb: “Əvvəllər işləyirdim. Qoyurdum uşaqları evdə, ağızlarını bağlayıb gedirdim. Qalırdılar soyuqda ac-susuz, axırda uşaq xəstələndi, dedilər böyrəyi götürülməlidir. Bir böyrəyini çıxartdılar. İndi o biri böyrəyini də müalicə eləməyə imkanımız yoxdur”.
İsmailovlar ailəsinin şikayətini yerində araşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Fondun mətbuat katibi Sevinc Quluzadə bildirdi ki, Müqəddəs İsmailov 12 oktyabr 2016-cı il tarixində ünvanlı dövlət sosial yardımı almaq üçün Fonda müraciət edib. O zaman həmin ailəyə 199 manata məbləğində yardım təqdim edilib. Lakin sonradan müəyyən səbəbdən həmin yardım dayandırılıb: “Vətəndaş tərəfindən sistemə daxil edilən məlumatlara əsasən, ailənin mülkiyyətində hər hansı bir torpaq sahəsi aşkar edilməyib. Lakin DSMF-nin audit yoxlamaları zamanı məlum olub ki, ailə üzvlərinin birinin mülkiyyətində torpaq sahəsi var. Qaydalara əsasən ailənin tərkibində, əmlakında və ya gəlirləri ilə bağlı hər hansı bir dəyişiklik olarsa, o zaman ailə üzvləri bu barədə 5 iş günü müddətində VEMTAS-a məlumat verməlidir. Ailə üzvləri bu qaydalara əməl etmədiyi üçün 1 fevral 2017-ci il tarixində təyin edilmiş yardım dayandırılıb və ailənin ünvanlı dövlət sosial yardım almaq icazəsi 1 illik ləğv edilib. Lakin hazırda 1 il keçdiyindən həmin məhdudiyyət aradan qaldırıldığına görə ailə yenidən müraciət edə bilər”.
Sevinc Quluzadənin sözlərinə görə, hazırda karantin rejimi ilə əlaqədar olaraq vətəndaşlar ünvanlı dövlət sosial yardım almaq üçün elektron qaydada müraciət edə bilərlər. Bunun üçün hər bir vətəndaş hansı sənədlərin tələb edilməsi və ya prosedur qaydalarla tanış olmaq üçün sosial.gov.az saytına girməklə məlumat əldə edə bilərlər.
İlahə Vəliyeva
Faiq Həsənov
APA TV