"Koronavirus təhlükəsi ilə əlaqədar tədrisin dayandırılması ilə bağlı çıxarılan qərar təkcə şagird və tələbələrə deyil, eləcə də təhsil müəssisələrinin bütün işçi heyətinə şamil olunur".
Bunu APA-ya açıqlamasında təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib. O qeyd edib ki, ilk tədris günü martın 10-da olmaqla martın 3-dən 9-dək bütün təhsil müəssisələrində təlim-tədris prosesi müvəqqqəti dayandırılıb: “Əsas məqsəd bu müddət ərzində təhsil müəssisələrində tibbi-profilaktik, sanitar-epidemioloji tədbirlərin intensivləşdirilməsidir. Bu, nazirliyin tabeliyində olub-olmamasından asılı olmayaraq bütün dövlət və özəl ümumtəhsil müəssisələrinə, ali və orta ixtisas təhsili, peşə müəssisələri və məktəbdənkənar fəaliyyətlə məşğul olan bütün təhsil ocaqlarına aiddir. Qərar təkcə şagirdlərə, tələbələrə deyil, eyni zamanda müəllimlərə, peqadoji kollektivə də şamildir".
E.Məmmədov qeyd edib ki, bu müddət ərzində tibbi-profilaktik, denizfeksiyaedici və digər qabaqlayıcı tədbirlər daha intensiv aparılacaq: “Martın 10-dan təhsil müəssisələrində tədrisin davam etdirilməsi nəzərdə tutulur. Həmin gün bütün təhsil müəssisələri üzrə mövcud vəziyyət barədə əlavə məlumat veriləcək. Ehtiyac olarsa, bəzi təhsil müəssisələrində həmin qayda davam etdiriləcək”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya bildirilib ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.
Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.