İyulun 12-də dövlət sərhədimizdə erməni təxribatının qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu şəhid oldu. Lent.az şəhidlərimizin ailəsindən silsilə reportajları davam etdirir.
Dördüncü reportajımız Ağstafa rayonunun Kolxəlfəli kənd sakini, əsgər, 1996-cı il təvvəllüdlü İsmayılov Nazim Əfqan oğlunun ailəsindəndir.
***
Sonuncu iyul şəhidi idi, Nazim. Sonuncu Tovuz şəhidi. Biz Kolxəlfəliyə çatanda Əfqan kişinin qapısı ağzında iynə atsan yerə düşməzdi. Nazimin əsgər yoldaşları, həmkəndliləri, digər rayonlardan gələn yüzlərlə insan bu həyətə axışırdı. Çünki yeddi mərasimi idi şəhidin. Həmin vaxt narahat etmək istəmədik şəhid ailəsini. Mərasimin sonunu gözlədik...
...Əvvəlcə əmisi qarşıladı bizi. Elə Əfqan kişi kimi başını dik tutmuşdu, əmisi. Yer göstərir. Otururuq. Söhbətə də elə özü başlayır.
- Mən, Nazimin dəfnində də, indi də bir daha şahidi oldum ki, Azərbaycan xalqı qədər şəhidinə, qəhrəmanına hörmət qoyan ikinci bir xalq yoxdur. Bu xalqa qalib gəlmək , əzmini qırmaq mümkün olmayacaq. Biz o torpaqlara mütləq qayıdacağıq. Təsəvvür edin, bu gün bu qapıya azı beş adam buyurmuşdu. Dəfnində azı 20 deputat gəlmişdi. Neçə min adam qəbiristanlığa yığışmışdı...
Atası gəlir. Uşaqlığından başlayır danışmağa. Deyir, çox əliaçıq, istiqanlı, sevgi dolu, mərhəmətli bir uşaq olub.
- Bu küçədə, bu kənddə onun xətrini istəməyən yox idi. Hamıyla mehriban idi. Suyuşirin uşaq idi deyə ,ilk tanışlıqdaca özünü sevdirə bilirdi.
Atası deyir ki, məktəbi orta səviyyədə oxuyub. Elə məktəb vaxtı da hərbiyə meylli olub.
- Evdə çox danışan uşaq deyildi. Bircə onu bilirik, anasına deyirmiş ki, mən elə bir adam olacam ki, hamı məndən danışacaq.
Tovuzda, kəşfiyyatda xidmət edirmiş, Nazim.
- Biz onu uşaq bilirdik həmişə. Uşaqdı da, övlad neçə yaşa dolsa da, ata-ananın yanında uşaqdı. Nəyə deyirəm bunu? Hadisə ayın 15-i, səhər saat 4-də baş verib. O gün hüzrə bir qadın gəlmişdi. Dedi ki, mənim qardaşım yaralıdır, özü də Şəmkirdədir. Qardaşı deyib ki, sən get onlara, mütləq get ha, orda olanda da mənimlə əlaqə yarat. Mən başsağlığı vermək istəyirəm. Bizə zəng elədi həmin adam. Dedi əmi, Nazim olmasaydı, biz hamımız ölmüşdük. Görənlər deyir ki, o, yaralı-yaralı vuruşub. Maykasını cırıb, yarasını sarıyıb, yenidən atılıb döyüşə. İnanın Allaha, biz onu elə bilməzdik. Arada deyirdi ki, kəşfiyyata gedirik. Mən də deyirdim ki, yalan deyirsən. İnanmırdım. Sən demə, həqiqətən də gedirmiş, kəşfiyyatçı imiş.
Anası Sevda xanımın dediklərindən:
- Həmişə mənə deyirdi ki, ana , görəcəksən, mənim adım çox yaxşı tanınacaq. Hər kəs məndən danışacaq. Mübariz kimi olacam. Adım uca olacaq. Deyirdi ki, Mübarizin yolu ilə gedəcəm.
Atası Əfqan danışır:
- 4 aydı orda idi. Heç evə gəlmirdi. Sonucu dəfə martın 16-da evdə olmuşdu. Yox, nə evliydi, nə nişanlı. Amma istədiyi var idi, eşitdiyimə görə. Bir gün əvvəl zəng etdi ki, məndən nigaran qalmayın. Mən sağ-salamatam. Onda ürəyimə pis fikir gəldi. Allah eləməsin deyib, uzaqlaşdırdım o fikri özümdən. Hansı şəraitdə şəhid olmasını döyüş yoldaşları danışdı. Dedilər, səngəri keçib döyüşə atılmışdı. Mərmiatanla 3 dəfə atıb, onların bir neçə əsgərini məhv edib. Özü də şəhid olub.
Nazim şəhid olacağını bilirmiş yəqin. Təsəvvür edin, bir gün əvvəl səngərdən Ağdam kəndinə düşüb, uşaqlara siqaret, corab, pomidor, xiyar paylayıb ki, mən sabah döyüşə gedəcəm, daha bunlar lazımım olmayacaq. Hə, dediyi kimi də olub.
Atasının dediklərindən:
- Mən hər gün cəbhədəki vəziyyətlə maraqlanırdım. Bacımın uşaqları da hərbçidirlər. Mən ən çox onlardan narahat idim. Hər gün zəng edirdim. Deyirdilər ki, dayı, yaxşıyıq. Mən inanmazdım ki, Nazim belə qəhrəmanlıq edər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Nazim mənim başmı uca elədi. Öz şəhidliyi ilə. Mənim bir oğlum da indi əsgərlikdədir. Dəfndə elə Nazimin cənazəsinin büküldüyü bayrağı da başçı ona verdi.
Qardaşı İsmayıl İsmayılzadə:
- Qardaşım çox mehriban, qayğıkeş, vətənpərvər idi. Şəhidlik ona yaraşır. İnanın mən də torpaqlarımızı geri qaytarmaq uğrunda döyüşlərə hər zaman hazıram. Bu gün qardaşım, sabah mən...Şəhid olmağa hazıram.
Anası Sevda xanım:
- Mən bütün şəhid analarına deyirəm ki, bizim balalarımız ölməyib. Bizim balalarımız bu vətən durduqca duracaq. Mən burdan deyirəm, ağlamayın ay şəhid anaları. Balalarımız icazə verməzdi, qoymazdı bizi ağlamağa. Deyirlər birinci ana, sonra vətən. Amma mən elə demirəm. Nazimə, bütün şəhidlərimizə görə, birinci vətən, sonra anadır. Mən yuxumda görmüşdüm, hiss edirdim ki, balam şəhid olacaq. Yuxum çin çıxdı…
SON!