"Karantinin sərtləşməməsi üçün ..." - Baş infeksionistdən AÇIQLAMA
24 noyabr 2020 14:21 (UTC +04:00)

"Karantinin sərtləşməməsi üçün ..." - Baş infeksionistdən AÇIQLAMA

0

“Hazırda bütün dünya üzrə COVID-19 infeksiyasının sürətlə yayılmasını görürük”.

Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, xüsusən də Şimal yarımkürəsində yerləşən ölkələrdə bu sürət daha yüksəkdir:

“Azərbaycanda da eyni mənzərə göz önündədir. İnfeksiya yeni olsa da, onun haqqında artıq bir çox məlumatlar toplanıb və təcrübə əldə edilib. Müşahidələr onu göstərib ki, karantin tədbirlərinin yumşalmasına getdiyimiz zaman əhali tərəfindən qoruyucu-gigiyenik tədbirlərə etinasız yanaşılır. Təbii ki, virusun insanlar arasında sirkulyasiya etdiyi zamanda onun yayılması üçün bu cür əlverişli şəraitin yaranması gec-tez yoluxma hallarının yenidən artması ilə nəticələnməli idi. 

Buna eyni zamanda fəsil dəyişməsi nəticəsində havaların soyuması ilə əlaqədar insanların qapalı məkanlarda daha çox toplanması, yaxın təmasların artması, havalanmanın daha az icra olunması, immunitetin nisbətən aşağı düşməsi və digər faktorların təsiri də təkan verdi”.

Baş infeksionist qeyd edib ki, digər ölkələrdən fərqli olaraq Azərbaycan hərbi vəziyyət şəraitində pandemiya ilə mübarizə aparmalı olub:

“Təbii ki, bu cür vəziyyət də ümumi epidemioloji situasiyaya mənfi təsirini göstərdi. Pandemiya ilə mübarizəyə cəlb olunmuş dövlət qurumları vəziyyəti izləyərək təhlillər aparır. Məhz bu işlərin nəticəsidir ki, ölkəmizdə hələ yay aylarında yoluxmaların payız-qış mövsümündə artacağı ilə əlaqədar proqnozlara əsaslanıb bir sıra qabaqlayıcı tədbirlər görüldü. Bu gün isə yoluxma dinamikasına müvafiq olaraq mərhələlərlə bir sıra sərtləşdirmə tədbirləri həyata keçirilir. Bu tədbirlərin metodologiyasının yaz-yay aylarında olduğundan müəyyən qədər fərqli olduğunu görürük, məsələn, daha çox lokal qapanmalara üstünlüyün verilməsi, ümumi maska rejiminin tətbiqi və başqaları”. 

T.Eyvazov vurğulayıb ki, pandemiya ilə mübarizədə qəbul olunan istənilən qərar insanlar tərəfindən ciddi və hamılıqla əməl olunduqda effektiv ola bilər:

“Təbii ki, vətəndaş məsuliyyəti, cəmiyyətdə ictimai qınağın formalaşması və qəbul olunmuş qərarların icrasına ciddi nəzarət hazırda çox vacib məsələlərdəndir və bu mübarizədə dönüşün baş verməsini şərtləndirir. Karantin qaydalarına düzgün, hamılıqla riayət etməklə infeksiyanın yayılma sürətini azalda bilərik. Karantinin sərtləşməməsi üçün mövcud qaydalara ciddi və düzgün əməl etməliyik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1815

Oxşar yazılar