“Hazırda koronavirus xəstələri prosesi daha ağır keçirir” - Xəstəxanadan REPORTAJ
15 oktyabr 2020 12:20 (UTC +04:00)

“Hazırda koronavirus xəstələri prosesi daha ağır keçirir” - Xəstəxanadan REPORTAJ

Hazırda bütün dünyada koronavirusa yoluxma statistikasında artım müşahidə olunur. Bu hal ölkəmizdə də istisna deyil. Son günlərin statistikası bunu deməyə əsas verir. Azərbaycanda karantin qaydalarının yumşaldılmasından sonra “COVID-19”a yoluxma halları artıb, xəstəxanalarda xeyli sayda koronavirus xəstəsi müalicə alır. 

Lent.az xəbər verir ki, REAL TV bu məqsədlə paytaxtda fəaliyyət göstərən modul tipli xəstəxanalardan birinə baş çəkib, müalicə alan xəstələrin vəziyyəti ilə maraqlanıb.

“Bura gələndə çox ağır vəziyyətdə idim. Başım gicəllənirdi, ürəyim bulanırdı. Məndə xəstəliyin bütün simptomları var idi. Şükür Allaha, artıq onların heç biri yoxdur. İnşallah sabah evə buraxılacağam, - xəstələrdən biri deyib.

Digər koronaviruslu xəstə də xəstəxanada son günü keçirdiyini, müalicə alaraq ağır vəziyyətdən çıxdığını bildirib: “Gəlinim xəstələnmişdi, qızdırması var idi. Təcili yardım çağırdıq, analiz götürdülər, “COVID” təsdiqləndi. Sonra bizi də yoxladılar. Məndə, iki gəlinimdə, anamda, qardaşımın yoldaşlarında da virus aşkarlandı. Hamımız burada müalicə olunmuşuq. Onlar artıq evə buraxılıblar, bu gün mən də xəstəxanadan çıxacağam”.

Bu insanların bəxti gətirib, lakin milyonlarla insan var ki, onların aldığı nəfəs ağciyərlərdən yox, süni tənəffüs aparatından asılı olur.

Xəstəxananın həkimi Nazxanım Qasımovanın sözlərinə görə, yoluxma faktoru artan kimi xəstəxanaya daxil olan xəstə sayında dərhal artış müşahidə olunur: “Hazırda bütün tibb persionalımız aktiv iş rejimində çalışır. Xəstəxanaya daxil olan xəstələr yanaşı xəstəlikləri olan pasientlərdir. Yay dövrü ilə müqayisədə indi xəstələrdə prosesin daha ağır getdiyini müşahidə edirik”. Həkimin bildirdiyinə görə, xəstəliyə yoluxmanın artmasının səbəblərindən biri insanların karantin qaydalarına əməl etməməsi və ya dezinfeksiyaedici maddələrdən istifadə etməməsidirsə, digər səbəb mövsümün dəyişilməsilə əlaqədar insanların immunitetinin aşağı düşməsidir. Xəstəxananın İntensiv terapioya şöbəsində xəstələrin bir qismi əvvəlki vəziyyətə dönəcəyi günü gözləyir, bəziləri isə süni tənəffüs aparatında ölümlə həyat arasında mübarizə aparır.

Modul tipli xəstəxananın reanimasiya şöbəsinin həkimi İsmayıl Əliyevin sözlərinə görə, virusa yeni yoluxan xəstələr arasında bütün yaş kateqoriyaları risk qrupuna daxildir: “60 yaş üzəri insanlar bu xəstəliyi daha təhlükəli formada keçirirlər. Amma xəstəxanada yatan xəstələrin statikasına baxsaq, 40 yaşından yuxarı demək olar ki, bütün xəstələrin bərabər şansı var və bərabər risk qrupuna daxildirlər”.

İntensiv terapiya şöbəsinin həkimi Polina Qurjaninditsa isə bildirib ki, xəstəxanada ağırlaşan xəstələr də, yaxşılaşma qeyd olunan xəstələr də olur. Bu xəstənin yaşından, əvvəllər evdə olunan müalicəsindən asılıdır: “Qeyd etmək istəyirəm ki, xəstələr çalışsınlar özlərini ev şəraitində müalicə etməsinlər, özəl klinikada həkimlərə müraciət etməsinlər. Birbaşa dövlət xəstəxanasına, təcili tibbi yardım vasitəsilə qospitalizasiya olunsunlar. Biz müalicəni nə qədər tez başlasaq, yaxşılaşma və sağalma şansı da artar”.

Qeyd edək ki, ötən sutka ərzində ölkədə 369 yeni növ virusa yoluxma qeydə alınıb. Hazırda dünyanın bir çox ölkələrində onlarla əczaçılıq şirkəti koronavirusun peyvəndinin əldə edilməsi istiqamətində gərgin işlər görür. Biz isə peyvənd tapılana kimi bu virusla mübarizə aparmağa və yaşamağa öyrəşməliyik. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799
avatar

Oxşar yazılar