Aprelin 5-də Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi “Evdə qalaq, evdə yaradaq!” onlayn respublika yaradıcılıq müsabiqəsinə start verəcək.
Lent.az xəbər verir ki, yaradıcılıq müsabiqəsi Bakı şəhəri və respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında onlayn qaydada keçiriləcək. Müsabiqənin əsas məqsədi ölkəmizdə yeni koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar ev şəraitində uşaqların asudə vaxtının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə yaradıcılığını inkişaf etdirməsi, eləcə də istedadlı və perspektivli uşaqların üzə çıxarılmasından ibarətdir.
4 mərhələ üzrə keçiriləcək müsabiqədə 6-17 yaşlı dərnək üzvləri dörd nominasiya – “Bədii qiraət”, “Əl işi”, “İfa” və “Rəqs” istiqamətləri üzrə iştirak edə bilərlər.
- I mərhələdə şagirdlər ev şəraitində seçdiyi nominasiya üzrə öz yaradıcılığını videoya çəkərək təmsil olunduqları inkişaf mərkəzinin təşkilat komitəsinə göndərməlidir (5-12 aprel);
- II mərhələdə mərkəzlərin Təşkilat Komitəsi hər dörd nominasiya üzrə seçdikləri 3 qalib işin və ifaların videogörüntülərini 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin e-mail ünvanına ([email protected]) göndərəcək (13-20 aprel);
- III mərhələdə münsiflər heyəti tərəfindən hər nominasiya üzrə qaliblər seçiləcək (21-24 aprel);
- IV - yekun mərhələdə hər nominasiya üzrə qaliblər elan olunacaq və qalib iştirakçıların videoları sosial şəbəkələrdə yerləşdiriləcək (25-28 aprel).
Müsabiqəyə qoşulmaqla uşaqlar “Evdə qalıb yaratmaqla koronavirusa birgə qalib gələk!” devizi altında birləşəcəklər.