"Düşmənin atəşi nəticəsində 8 uşaq ölüb, 32-si yaralanıb" - OMBUDSMAN
21 oktyabr 2020 16:29 (UTC +04:00)

"Düşmənin atəşi nəticəsində 8 uşaq ölüb, 32-si yaralanıb" - OMBUDSMAN

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva  “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayıb.

Lent.az müraciəti təqdim edir:

“Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş BMT-nin 20 noyabr 1989-ci il tarixli Uşaq hüquqları haqqında Konvensiyasının qəbul olunmasından 31 il ötür.

Ölkəmizdə dövlət uşaq siyasətinin əsas istiqamətlərindən birini də məhz uşaqların qayğı ilə əhatə olunması, onların ən ümdə maraqlarının təmin edilməsi, əlverişli sosial şəraitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların layiqli vətəndaş olaraq formalaşması təşkil edir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) da fəaliyyətinin əsas istiqamətlərindən biri uşaq hüquqlarının müdafiəsi və təbliğidir.

Ənənəvi olaraq hər il olduğu kimi bu il də BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə Ombudsman tərəfindən 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda “Uşaq Hüquqları Aylığı” elan edilir.  

Təəssüf ki, regional sülhə davamlı olaraq maneə yaradan Ermənistanın Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə siyasəti həyata keçirməsi insan hüquqlarına təhdid kimi çıxış edir, regionda daimi təhlükənin mövcudluğuna səbəb olur.

Ermənistanın 30 ildən çoxdur davam edən hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti, bir milyondan artıq soydaşımızın öz doğma yerlərindən didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilməsi, onların insan hüquqlarının kütləvi şəkildə pozulması ilə müşahidə olunmaqdadır. Bu münaqişədən əziyyət çəkən və fundamental hüquqları pozulan əhali qruplarından biri də uşaqlar olub.

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, aviasiyadan, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulması nəticəsində 8 uşaq həlak olub, 32 uşaq isə yaralanıb. Bir çox  uşaqlar valideynlərini itiriblər.

Bu faktlar və Ermənistanın Azərbaycan ərazilərinə və mülki əhaliyə, o cümlədən uşaqlara qarşı mütəmadi olaraq həyata keçirdiyi hərbi təcavüz aktları ilə bağlı tərəfimdən BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoruna müraciət ünvanlanıb.

Ermənistanın iştirakçısı olduğu beynəlxalq müqavilələrin, xüsusilə də Cenevrə Konvensiyalarının, BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın müddəalarının kobud şəkildə pozulması faktlarına BMT səviyyəsində, xüsusilə də Uşaq Hüquqları Komitəsində münasibət bildirilməsinə və onların hüquqlarının beynəlxalq hüquqi müdafiəsinə nail olmaq məqsədilə bu istiqamətdə təşəbbüslə çıxış edilməli və Komitə tərəfindən təcili olaraq təcavüzkar Ermənistana qarşı xüsusi prosedurun başladılması təmin edilməlidir.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən xüsusi karantin rejimi tətbiq edilib, profilaktik və mübarizə xarakterli təxirəsalınmaz sosial izolyasiya tədbirlərinin həyata keçirilməsi davam etdirilir. Buna görə də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş müvafiq qərarlara əsaslanaraq ölkədə kütləvi tədbirlərin keçirilməsi də təxirə salınıb. Bununla əlaqədar olaraq, uşaq hüquqları üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi ilə yanaşı, pozulmuş hüquqların bərpasına və pozulmasının qarşısının alınmasına xidmət edən işlərin canlı təmas olmadan, müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməklə həyata keçirilməsi zəruridir.

Bu baxımdan, 2020-ci ilin 20 oktyabr – 20 noyabr tarixlərini ölkədə “Uşaq Hüquqları Aylığı” elan edərək dövlət qurumlarını, yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən QHT və KİV-ləri təşəbbüsümüzə qoşulmağa dəvət edir, xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməklə elektron və yazılı mediada, teleradio kanallarında, sosial şəbəkələrdə uşaq hüquqlarının, o cümlədən sağlamlıq, təhsil, sosial təminat və digər hüquqların təbliğinə dəstək verməyi, onlayn görüşlərin, videokonfransların keçirilməsini, bu mövzuda müxtəlif sosial çarxların hazırlanmasını tövsiyə edir, insanların müraciətlərinə, pozulmuş hüquqlarının bərpası məsələlərinə həssaslıqla yanaşmağa çağırıram.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622
avatar

Aygün İbrahimli

Oxşar yazılar