Dünya əhalisinin 15 faizə qədərinin immunitet zəifliyindən əziyyət çəkdiyi bildirilir. Bu problemə diqqət çəkmək üçün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2002-ci ildən etibarən hər il martın 1-i Ümumdünya İmmunitet Günü kimi qeyd olunur və bu ay boyunca müxtəlif maarifləndirici tədbirlər keçirilir. İmmunitet zəifliyi, immun sisteminin gücləndirlməsi mövzusu yeni koronavirusun dünyada təşvişə səbəb olduğu bir məqamda daha çox aktuallıq kəsb edir. Mütəxəssislər hesab edir ki, virus infeksiyaları immun sistemi zəif olan insanlara daha tez təsir edir və virusların fəsadlaşması da məhz onlarda qeydə alınır. İmmuniteti güclü olanlar isə ümumiyyətlə, virusa yoluxmurlar...
e-tibb.az immunitet sistemi, immun zəifliyi, immum sisiteminin gücləndirilməsi yolları ilə bağlı bir sıra suallarla immunoloq, Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqat İmmunologiya Laboratoriyasının müdiri, professor Gülnarə Nəsrullayevaya müraciət edib.
- İmmunitet zəifliyi nədir?
- İmmunitet insanın özünün daxili tamlığını və yeganəliyini qoruyan bir müdafiə mexanizmidir. Bu mexanizm ilk növbədə bakterial, virus və digər törədicilərdən və infeksiyalardan qoruyur. Bəzi səbəblərdən immun sisteminin funksional yetməzliyi baş verir və insan tez-tez təkrarlanan və ağır gedişli xəstəliklərə düçar olur.
- İmmunitetin zəifləməsinə səbəb olan amillər hansılardır?
- İmmunitetin zəifləməsi və yaxud immun çatışmazlığı müxtəlif səbəblərdən ola bilər. Bunlardan bəziləri anadangəlmə xarakter daşıyır, həyat boyu davam edir, ağır və generalizə olunmuş infeksiyalarla müşayiət olunur, hətta xəstənin əlliliyinə və ya ölümünə səbəb ola bilər. Anadangəlmə (birincili) immun çatışmazlıq nadir, genetik patologiyadır və xüsusi müayinə və uzun müddətli müalicə tələb edir. Bundan fərqli olaraq əhali arasında daha geniş yayılan və bütün yaşlarda rast gəlinən ikincili immun zəifliyi də var ki, bu hal adətən müvəqqəti xarakter daşıyır və bir çox səbəblərlə bağlı (yorğunluq, zəif qidalanma, ağır fiziki və psixiki gərginlik, hormonal və immunsupressor dərmanlardan istifadə və s.) olur.
- Nələr immun sisteminin tarazlığını pozur?
- İmmun sisteminində baş verən infeksion və ya şiş xəstəlikləri (infeksion mononukleoz, limfomalar, leykemiyalar), immunsupressiya təsirli dərmanlar, şüalanma halları, güclü stress və s. hallar immun sistemində tarazlığı poza bilir. Normal immun mexanizmlərdə tarazlıq pozulduqda onun müdafiə funksiyasının yerinə patoloji reaksiyalar baş verir və nəticədə autoimmun, allergik və limfoproliferativ xəstəliklər yarana bilər.
- İmmun sisteminin zəif olduğunu göstərən əsas əlamətlər hansılardır?
- İkincili immun zəifliyinin simptomları səciyyəvi xarakter daşımır. Ümumi halsızlıq, iştahanın və iş qabiliyyətinin azalması, tez yorulma halları, yuxusuzluq olur. İndiyə kimi sağlam hesab olunan şəxslərdə dəridə və selikli qişalarda səpgilərin, bir neçə limfa düyünün 1-2 ay ərzində böyüməsi, dəridə uzun müddət sağalmayan yaralar, tənəffüs və mədə-bağırsaq xəstəliklərin təkrarlanması immun sistemin funksiyasını yoxlamağa zəmin yaradır.
- Gülnarə xanım, belə bir deyim var: İmmunitet ya anadangəlmə güclü olur, ya da zəif, kənar təsirlərlə onu gücləndirmək mümkün deyil. Buna münasibətiniz necədir?
- Genetik patologiya ilə əlaqəli anadangəlmə immun çatışmazlığı yoxdursa, tez-tez xəstələnən uşaq və böyüklərə immuniteti gücləndirmək üçün məsləhət olunan bir sıra təbii vasitələr təyin oluna bilər. Bunlara adaptogen adı altında bitki və heyvan mənşəli preparatlar, təbii endogen interferonun sintezini və virus əleyhinə immuniteti gücləndirən vasitələr aiddir. Xroniki bakterial infeksiya ocaqları olan şəxslərə isə bir qrup bakteral lizatları birləşdirən müasir immunomodulyatorlar təyin oluna bilər.
- Yəni immuniteti gücləndirən müalicələr əsaslıdır?
- İmmunitet çox zərif və qeyri-stabil bir müdafiə mexanizmidir. Bir çox hallarda immunitetin zəifləməsi müvəqqəti xarakter daşıyır və müəyyən bir səbəblə bağlıdır, məsələn respirator virus infeksiyası, mədə-bağırsaq bakterial infeksiya və s. Bu sistemin özünün bərpa qabiliyyəti var. Orqanizm qısa müddətdə öz immun funksiyasını normal vəziyyətə qaytara bilir. Bu zaman xəstəyə gücləndirilmiş qidalanma, daha çox fiziki və psixoloji istirahət, yuxunun normallaşdırılması və təmiz havada daha çox vaxt keçirməsi tövsiyə olunur, dərman vasitələri təyin edilmir. Adətən bu bərpa 2-4 həftə çəkir. İmmun sisteminə müdaxilə yalnız ciddi və davamlı pozğunluqlar aşkar olunduqda təyin olunur və bunun üçün əsaslı göstərişlər lazımdır. Belə hallara güclü qanaxmada, hemolitik xəstəliklərdə, şualanma zamanı, onkoloji xəstəliklərdə və digər hallarda rast gəlinir. Xəstələr ikincili virus, bakterial və opportunustik infeksiyalara tutulurlar, ağır fəsadlara məruz qalırlar və həyat üçün təhlükə yaranır. Bu zaman immunoterapiyanın aparılmasına zəmin yaranır. İmmun sistemində tarazlıq bərpa olunduqdan sonra müalicə dayandırılır. Yalnız xəstələrdə anadangəlmə immun çatışmazlığı aşkar edildikdə onun tipinə və ağırlıq dərəcəsinə müvafiq əvəzedici terapiya təyin olunur (timik hormonlar, damar daxili immunoqlobulinlər və s.). Bu halda müalicə həyat boyunca davam etməlidir.
- İmmun sisteminin zəifliyi ilə bağlı kimlər risk qrupuna aiddir?
- İmmun sistemində disbalansa adətən yenidoğulmuşlarda və 70 yaşdan yuxarı şəxslərdə rast gəlinir və bu da fizioloji hal hesab edilir. Ona görə də epidemiyalar zamanı bu qrup şəxslər infeksiyalara daha tez-tez tutula bilirlər. Onlar “risk” qrupuna aiddirlər və profilaktik tədbirlər ilk növbədə bu qrup əhaliyə tövsiyə olunur.
- Bəs vaksinasiya necə, immuniteti gücləndirirmi?
- Peyvəndlər yalnız tam sağlam vəziyyətdə olan orqanizmə daxil edildikdə düzgün immun müdafiə reaksiyası yarada bilir. Peyvəndlərin tərkibində olan zəiflədilmiş və ya öldürülmüş törədicilər xəstəlikdən öncə immun cavab yaradaraq onu yaddaş kimi saxlayır. Orqanizm həmin infeksiyaya yoluxduqda onu xəstəlikdən ya tam qoruyur, ya da yüngül və fəsadsız keçirir. İkincili immun zəiflik olan şəxslərdə zəiflik müvəqqəti xarakter daşıdığından peyvəndlərin vurulması da müvəqqəti olaraq təxirə salınır və xəstənin tam sağalması gözlənilir. Hər bir xəstəliyin sağalmasından sonra 3-4 həftə ərzində heç bir simptom olmazsa peyvənd vurula bilər.
Anadangəlmə (birincili) immun çatışmazlığı diaqnozu qoyulmuş şəxslərə isə vaksinasıya qadağan olunur. Bu da onlarda normal immun cavab yaratmaq mexanizmələrinin olmaması və təhlükəli patoloji reaksiyaların yaranmasına səbəb olur.