“İcazə alınan 2 saatın yollarda itməməsindən ötrü rahat gediş-gəliş üçün şərait yaratmalıyıq”.
Bu sözləri Bakıdakı nəzarət-yoxlama məntəqələrinin fəaliyyətindən Lent.az-a danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Şöbə rəisi saytımıza açıqlama verərkən paytaxt ərazisində karantin qaydalarının təmin olunması üçün 50 stasionar yoxlama məntəqəsinin yaradıldığını bildirib:
“Bakı şəhərinin inzibati ərazisinə daxil olan bütün küçə və prospektlərdə nəqliyyatın hərəkəti tərəfimizdən nəzarətdədir. Karantin qaydalarının qorunması məqsədilə 50 stasionar məntəqə qurulub ki, burada nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri yoxlanılır. Düşünürəm ki, yol polisinin bu cür xidməti vətəndaşlar tərəfindən anlayışla qəbul olunur. Artıq 4 gündür ki, həmin məntəqələrdə fəaliyyət göstəririk və əvvəlki günlərə nisbətən sürücülərin yol polisi ilə anlayışlı münasibəti də müşahidə olunur. Bu cür həmrəyliklə inanıram ki, təyin olunan vaxta yəni, 20 aprelədək virusun yayılmasının qarşısını almaqda xoş nəticələr əldə edəcəyik. Ancaq təəssüflər olsun ki, hələ də yoxlama məntəqələrində lüzumsuz olaraq idarə olunan avtomobillərə rast gəlinir”.
Həmsgöbətimiz lüzumsuz yerə maşın sürənlərin olduğunu qeyd edərək, növbəti dəfə əhaliyə müraciət edib:
“Eyni zamanda lüzumsuz olaraq avtomobillərin istifadə olunması yoxlama məntəqələrində süni sıxlıq yaradır. Təsəvvür edin ki, bir avtomobilin yoxlanılması 35-40 saniyə vaxt alır. Yoxlama zamanı qanunsuzluq aşkar edilərsə, onun barəsində protokol tərtib dilməsi ən azı 2 dəqiqə vaxt aparır. Nəzərə alsaq ki, avtomobillərdəki sərnişinlər də yoxlanılır, indi görün buna nə qədər vaxt sərf olunur. Hazırda Bakı şəhərində yol qəzalarının sayının azalması, yollarda sıx cərgə ilə avtomobillərin hərəkət etməməsi və bütün istiqamətlərin üzrə hərəkətin maneəsiz olması o deməkdir ki, əhali karantin qaydalarına böyük önəm verir. Bəzi vətəndaşlar nəzarət yoxlama məntəqələrində haqlı olaraq narazılıq edirlər, evdən çıxmaları üçün 2 saatlıq icazə alıblar. İcazə alınan 2 saatın yollarda itməməsindən ötrü rahat gediş-gəliş üçün şərait yaratmalıyıq. Buna görə də, sizin vasitənizlə lüzumsuz maşın sürənlərə, evdə qal kampaniyasına qoşulmağa səbri çatmayanlara və boş-boş küçələrə çıxanlara üz tuturam. Xahiş edirəm lazımsız yerə evdən çıxmayın. Özünüzü və yaxınlarıızı qoruyun. Polisin işinə problem yaratmayın”.