"Məktəblərdə istilik problemi ilə bağlı xüsusi hallara dair siqnal Təhsil Nazirliyinə daxil olmur. Belə hal baş verdikdə belə Təhsil Nazirliyinin bu məqsədlə xüsusi yaradılmış qrupları var ki, onlar lazımi tədbirləri vaxtında həyata keçirə bilər".
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.
Nazir müavini soyuq hava şəraitdə şagirdlərin davamiyyət məsələsinə də münasibət bildirib: "Deyə bilmərəm ki, bu, şagirdlərin davamiyyətə heç təsir göstərmir. Amma davamiyyət elə bir problem yaratmır ki, ölkədə dərslərin dayandırılması üçün zərurət yaransın. Təbii ki, 2-3 şagird dərsə gəlməyə bilər, bu, müəyyən səbəblərə görə hər zaman baş verir. Amma ciddi bir problem müşahidə edilmir".