Paytaxtın bəzi rayonlarında işıqforların fəaliyyəti dayandıqdan sonra yol polisi dərhal həmin ərazilərə cəlb olunub.
Bunu Lent.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, Bakıda işıqların sönməsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində ciddi problem yaratmayıb:
“Məndə olan məlumata görə, paytaxt ərazisində elektrik enerjisində yaranan müvəqqəti fasilə səbəbindən işıqforların fəaliyyətində də problem yaranıb. Lakin bu, nəqliyyatın hərəkətinə ciddi təsir göstərməyib. İşıqforlarla nizamlanan yolayrıclarında sürücülər və piyadalar özlərini çaşdırmasınlar. Onlar həmin yolayrıclarında qoyulan müvafiq yol hərəkəti nişanlarının tələblərinə uyğun şəkildə hərəkət etməlidirlər.
İşıqforlarla bağlı problem yalnız bir neçə rayon ərazisində müşahidə edilib".
Vaqif Əsədov eləcə də bildirib ki, bu gün Bakı şəhərində işığın sönməsi ilə bağlı işıqforların işləmədiyi ərazidə DYP tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib: "Yol polisi nizamlayıcı qismində olub və avtomobillərin hərəkəti növbəli təmin edilib. Heç bir xoşagəlməz hal yaşanmayıb. Eləcə də metro stansiyalarının ətrafında piyadaların təhlükəsizliyi təmin edilib və onların daşınması üçün bütün mümkün variantlar həyata keçirilib. Heç bir qəza baş verməyib".