"Aprel döyüşləri Ermənistan ordusunun nə qədər zəif olduğunu göstərdi" - Emin Həsənli
02 aprel 2020 14:01 (UTC +04:00)

"Aprel döyüşləri Ermənistan ordusunun nə qədər zəif olduğunu göstərdi" - Emin Həsənli

“Aprel döyüşləri Azərbaycanda vətənpərvərlik ruhunu yüksəltdi, şəhidlərə və qazilərə verilən dəyəri artırdı”.

Bu sözləri Aprel döyüşlərinin nəticələri barədə Lent.az-a danışan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

 

Emin Həsənlinin sözlərinə görə, Aprel döyüşləri bir daha onu göstərdi ki, Azərbaycan öz torpaqlarının düşmən əsarətində qalması ilə barışmır və barışmayacaq: "Həmin döyüşlər ordumuzun gücünü dünyaya sübut etdi. Dünya birliyi də gördü ki, Azərbaycan öz torpaqlarını hər an işğaldan azad etməyə hazırdır. Ermənistanın 25 il ərzində Qarabağda qurduğu “əfsanəvi cəbhə”si - "Ohanyan səddi" cəmi 40 dəqiqəyə yarıldı. Məktəblilərdən tutmuş, yaşlı vətəndaşlara qədər hər kəsdə həmrəylik hissi özünü göstərdi. Respublikanın müxtəlif yerlərindən keçmiş döyüşçülər, gənclər Səfərbərlik Xidmətinə müraciət edərək, adlarını könüllülər siyahısına qeyd etdilər. Səfərbərlik Xidmətinin təşkilatçılığı ilə bir sıra keçmiş döyüşçülərlə birgə cəbhə bölgəsinə yollandıq. Əhali ilə təmasda olduq, şəhidlərimizin dəfn mərasimində iştirak etdik. Hərbçilərlə görüşdük, hospitalda yaralılarla baş çəkdik. Şəmistan Əlizamanlı konsertlər verdi. İstər Ağdamda, istərsə də Füzulidə əhalidə ruh yüksəkliyinin şahidi olduq. Aprel döyüşləri Azərbaycan ordusunda nizam-intizamın, ölkənin xarici əlaqələrinin, idarəetmənin nə dərəcədə yüksək səviyyədə olduğunu göstərdi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələr arasında Rusiyadan başqa qalan dövlətlər Azərbaycanı dəstəklədi. Döyüşlərdə Raqub Orucov, Samid İmanov, Murad Mirzəyev, Təbriz Musazadə kimi zabitlərimiz şəhid oldu. Onların hər birinin ruhu bizim üçün əzizdir. Onlar Prezident tərəfindən "Hərbi xidmətə görə", və "Azərbaycan bayrağı" ordenləri ilə təltif olundular. Aprel nailiyyəti Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Döyüşlərdən sonra düşmən atəşləri zamanı dağıdılan evlər təmir edildi. Lələtəpə alınandan sonra Cocuq Mərcanlı kəndində yaşayış bərpa olundu. Bu da məcburi köçkünlərin öz doğma torpaqlarında yaşamaq istəyini sübuta yetirdi. Bütün Ermənistan əhalisi də bildi ki, onların ordusu və idarəetməsi nə qədər zəifdir. Xalqımız bildi ki, bizim güclü ordumuz torpaqlarımızı hər an düşməndən azad etməyə hazırdır. Bu da beynəlxalq şərtlərdən asılıdır. Aprelin 4-də Rusiyanın prezidenti, baş naziri, müdafiə naziri, bir sıra Avropa ölkələri və ABŞ atəşkəs elan edilməsi üçün müraciət etdilər. Məhz buna görə də atəşkəs rejimi elan olundu. Həmin vaxt düşmən ölkənin ordusunda da, idarəetməsində də böyük xaos yaşanırdı”.

Xatırladaq ki, 2016-cı il aprelin 2-də gecə saatlarından etibarən Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğalda olan ərazilərindən cəbhəboyu məntəqələrimizi şiddətli atəşə tutublar. 4 gün davam edən döyüşlərdə Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində düşmən tapdağı altında olan 2000 hektardan çox torpaq, o cümlədən, Seysulan və Cocuq Mərcanlı kəndləri, habelə Lələtəpə və Talış yüksəklikləri işğaldan azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1342
avatar

Mehman Nəbiyev

Oxşar yazılar