Xocalı soyqırımı
17 fevral 2021 18:24 (UTC +04:00)

Xocalı soyqırımı

Xocalı soyqırımının tanınması ilə bağlı iki ölkəyə MÜRACİƏT

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov və Ukrayna Ali Radasının deputatı, Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun sədr müavini Lyudmila Marçenko Ukrayna Ali Məclisinin sədri Dmitri Razumkov və xarici işlər naziri Dmitri Kulebaya Xocalı soyqırımının tanınması barədə müraciət ünvanlayıblar. 

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a  verilən məlumata görə, müraciətdə faciənin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş veriyi, erməni silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərinə hücum etdikləri və hücum nəticəsində 613 dinc sakin, o cümlədən, 63 uşaq, 106 qadının qətlə yetirildiyi, 487 nəfərin şikəst edildiyi, 150 nəfərin itkin düşdüyü bildirilir:

“Əsasən yaşlı insanlar, uşaq və qadınlardan ibarət 1275 nəfər əsir götürüldü, onlara qarşı dəhşətli zorakılıq edildi və işgəncə verildi. 7 mindən çox əhalisi olan şəhər isə darmadağın edildi”.

Müraciət müəllifləri xüsusilə qeyd edirlər ki, Xocalı şəhərinin əhalisinə qarşı törədilən cinayətlərin xarakteri və miqyası birmənalı olaraq soyqırımların tanınmasının hüquqi əsasları göstərilən BMT Baş Assambleyasının 260 saylı Qətnaməsi ilə qəbul edilən “Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın təsiri altına düşür. Azərbaycan Respublikasının parlamenti BMT, ATƏT, Avropa Şurası, AŞPA və başqa beynəlxalq təşkilatlara erməni şovinistləri və separatçıları tərəfindən törədilən faciənin azərbaycanlıların soyqırımı kimi tanınması barədə müraciət edib. 

Müraciətdə deyilir ki, bir çox ölkələrin parlamentləri, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsinin bəşəriyyətə qarşı cinayət olması barədə bəyannamə qəbul ediblər.

Bütün bunları nəzərə alaraq, müraciət müəllifləri 26 fevral 1992-ci il Xocalıda baş verən hadisələrin qınanması və bu hadisənin azərbaycan əhalisinə qarşı törədilmiş soyqırım kimi tanınması məsələsinin Ukraynanın Ali Radasının plenar iclasında səsverməyə çıxarılmasını xahiş ediblər. 

***

Gürcüstanda yaşayan azərbaycanlı icması ölkə parlamentini 29 il öncə ermənilər tərəfindən törədilən Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməyə çağırıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a bildirilib ki, 55 təşkilat və ictimai xadimin imzaladığı birgə bəyanat Gürcüstan prezidenti Salome Zurabişviliyə, Baş nazir Giorgi Qaxariaya, parlament sədri Arçil Talakvadzeyə, Xarici İşlər Nazirliyinə, Ombudsman Aparatına və digər qurumlara, Amerika və Avropanın Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinə ünvanlanıb.

Xocalı soyqırımı barədə ətraflı məlumatın verildiyi bəyanatda bildirilib ki, indiyədək dünyanın bir sıra ölkələri bu dəhşətli faciənin soyqırım kimi tanınması ilə bağlı müvafiq qətnamələr qəbul edib.

Azərbaycan əsilli vətəndaşların ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etdiyini, onun inkişafına var qüvvələrilə xidmət göstərdiklərini xatırladan soydaşlarımız Gürcüstan parlamentini bu qəddar çinayətə səssiz qalmamağa səsləyib:

"Əminik ki, rahat və firavan dünya naminə günahsız insanların - mülki əhalinin ölümünə səssiz qalmayacaqsınız və Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi üçün müvafiq addımlar atacaqsınız".

Bəyanat müəllifləri XX əsrdə baş vermiş bu qanlı hadisəyə obyektiv münasibətin yeni cinayətlərin qarşısını alacağına inandıqlarını bildiriblər: "Biz artıq "Terrora yox!" şüarı ilə deyil, "Dünyada sülh və barış!" çağırışı ilə tədbirlər keçirilməsini istəyirik. Bütün dünyanı bu qaranlıqdan işığa doğru səsləyirik. Məqsədimiz odur ki, sülhə xidmət yolunda hər kəs birgə yürüş etsin".

# 1941
avatar

Oxşar yazılar