Türkiyənin Qars şəhərində Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdən əvvəl iştirakçılar Qasdakı Heydər Əliyev Parkına gələrək Ulu Öndərimizin burada ucalan abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Mərasim şəhidlərimizin ruhuna bir dəqiqəlik sükut, Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlanıb.
Sonra Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev, Qars valisi Türker Öksüz, hakim Ədalət və İnkişaf Partiyasının Qars vilayət təşkilatının sədri Adem Çalkın və Naxçıvan Dövlət Universitetinin dosenti Arzu Abdullayevin çıxışları dinlənilib.
Çıxışlarda XX əsrin bəşəri faciəsi olan Xocalı soyqırımının səbəb və məqsədlərindən danışılıb. Əminliklə ifadə olunub ki, Azərbaycan və Türkiyə yaxşı gündə bir yerdə olduqları kimi əbədiyyətə qədər Xocalı soyqırımının da acısını birlikdə yaşadacaqlar.
Tanınmış aşıq İlqar Çiftçioğlu Xocalı soyqırımı qurbanlarının xatirəsinə şeirlər oxuyub.
Xocalı soyqırımının dəhşətlərini əks etdirən filimə baxılıb, eyni mövzulu sərgi ilə tanışlıq olub.